Xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə birlikdə 15 nəfər Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb. Xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə birlikdə 15 nəfər Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb.

Opera və Balet Teatrında 15 nəfər işdən çıxıb - Teatrın bədii rəhbəri ittihamlara cavab verdi

Xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə birlikdə 15 nəfər Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Mədinə Əliyeva bildirib ki, yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılıb: “Vəziyyəti o yerə gətirdilər ki, məcbur olub ərizə yazdım. Səbəb odur ki, mənim işləməyimi istəmirlər. Yəqin mane oluram. Mən Azərbaycanın xalq artistiyəm, qoymurlar işləməyə. Kamilla Hüseynova adlı bir cavanı gətirib teatrda bədii rəhbər vəzifəsinə təyin ediblər. Həm teatrda vəzifəsi var, həm Xoreoqrafiya Akademiyasında... Üzümə açıq deyiblər ki, sənin burda qalmaq şansın yoxdur. Direktor məni yaradıcılıqla məşğul olmağa qoymur.

Mən vəzifə istəmirəm, arzum odur ki, baletimiz inkişaf etsin. Ona görə ki, bu sənətə həyatımı vermişəm. Sadəcə, teatrda sağlam rəqabət yoxdur. Qeyri-professionallığı görəndə susa bilmirəm. Danışanda da deyirlər, maaşınızdan kəsiləcək, pensiya alırsınız və s. Mən pensiyanı, maaşı kiminsə cibindən yox, dövlətdən alıram. Son vaxtlar bizim teatrdan 14 nəfər işdən gedib. Əməkdar artist Rima İsgəndərova, Pərvin Nəcəfova, İntiqam Məmmədov və başqaları. Bədii rəhbər Kamilla Hüseynova təyin olunandan mən on beşinci adamam ki, teatrdan çıxmışam”.

Teatrın balet truppasının bədii rəhbəri Kamilla Hüseynova ittihamlara cava verib:

“Hazırda Opera və Balet Teatrında yaradıcılıq işləri qaydasındadır, iş yüksək səviyyədə gedir. Artistlər yaradıcılıq işlərini davam etdirir, tamaşalar hazırlanır. Deyəsən, Mədinə Əliyevanın işdən ayrılmasının səbəbi ayrıdır, amma bu mənə məlum deyil. Əgər mən onun xoşuna gəlmirəmsə, bu, onun problemidir. Teatrdan kimsə işdən gedir, kimsə onların yerinə qəbul olunur. Bu, normal yaradıcı prosesdir. Məsələn, yaşayış yerini dəyişməklə əlaqədar işdən çıxan da var, pensiyaya çıxan da var. Mən bir ildən çoxdur bədii rəhbər vəzifəsində çalışıram. O niyə indi getmək qərarına gəlib, bilmirəm. Bəlkə özü işləmək istəmir? Ona görə deyir ki, mənə iş vermirlər. Mən ona iş verirdim, amma niyə görə belə edib, anlamıram”.

Qeyd edək ki, M. Əliyeva 1983-cü ildən Opera və Balet Teatrında çalışır. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2008). “Qızıl Dərviş” və "Humay" mükafatı laureatıdır.

Xalq artisti Nəzakət Teymurova da teatrdan işdən çıxıb.