23:19
(077) 610-22-33

“Mənim öz şəbəkəm var”-

  • >
494 1 Fevral 2013 12:59 | Mədəniyyət

Ədalət Əsəgroğlu: “Üzüm torpaq rəngindədir”

"AYB-in gözünün işığıyam..."

"Onlar belə danışmır" layihəsinin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğludur.


- Ədalət bəy, günə hansı xəbərlərlə başlayırsınız?

- İlk növbədə mətbuatı izləyirəm. Saytlarda yayılan xəbərlərlə maraqlanıram. Bu informasiyalar çox maraqlı olur. Maraqlıdır ki, qəzetlər həmin informasiyaları üzərində işləmədən verirlər. Bu da məni yazar kimi məyus edir. İnformasiya saytlarında informasiya xammal kimi verilə bilər, əsas xəbərin məzmunu, ictimai yüküdür. Xəbər çox, mən bunu ironiya ilə deyirəm, xalq da bir az siyasiləşib. İqtisadi xəbərlərə meyl azdır. Harada ki siyasiləşmiş sahələr var, o sahələrlə bağlı xəbərlər çox olur. Ədəbiyyat isə siyasiləşməməlidir. Ədəbiyyatın funksiyası ictimai problemləri qabartmaqdır. Xəbərlərə baxanda artıq müəyyən edirəm ki, mənə bu gün hansı zənglər olacaq. Yazıçılar Birliyindən razı, yaxud narazı yazarın ortaya atdığı bir fikirlə bağlı sual ola bilir. O suallara cavab axtarmaq kimi görünmürəm. Yəni fikirləşmirəm ki, cavabı verə biləcəyəm ya yox, yaxud cavabı verəndə nəzərə alım ki, nə şiş yansın, nə kabab. Olduğu kimi deyirəm. Ədəbiyyat adamları gerçəkliyi sevir. Onlar da vətəndaşdır, zamanın yazarıdır, onlar mütləq gerçəkliyə aludə olmalıdırlar. Zamanını yazmayan yazar sabahını görə bilməz. Umduğumuz mətbuatdır. İstəyirik ki, informasiyanı gerçək şəkildə çatdırsınlar ki, şair-yazıçı da çaşmasın, ikili mövqe tutmasın. Ziyalılarımızın yazılarında hər şey yerində olmalıdır. Şair-yazıçıları mətbuat bu mənada istiqamətləndirməlidir ki, satqınlığa meyl etməsinlər. Bəlalarımızın kökündə bir az da ziyalı satqınlığı var. Bəlkə kimsə deyə bilər ki, torpaqlarımız gedibsə, yazar buna neynəsin? Amma ziyalı vaxtında sözünü deməlidir.

- Mətbuat xidmətinin rəhbəri təmsil etdiyi orqanın üzüdür. Bu baxımdan sizin üzünüz nə rəngdədir?

- Torpaq rəngində.

- Dəqiqləşdirək: qara?

- Torpağımız nə rəngdədirsə, şair-yazıçının rəngi də elədir. Mənim üçün torpaqdan qiymətli heç nə yoxdur, hətta nəfəsimiz də o rəngə köklənib. Torpaqcanlı olmasaq, yazdığımız nə olacaq? Millətimizin dərdini deyən qələm sahibləri yetərincədir. Onların özü meydanda olmadığına görə, sözü də meydanda görünmür. Özünü gözə soxub sözünü qaldırmaq istəyən də çoxdur. Ədəbi müstəvidə də şou ola bilməz. Niyə xaricdə insanlar bir-birinin yanından küçəndə gülümsünürlər. Burda mən küçədən keçəndə gülə-gülə gəzsəm, deyərlər ki, dəli olub. Elə etməliyik ki, insanlar bir-birlərinin azadlığına müdaxilə etməsinlər. Məni şair kimi respublikada az adamın tanıması mənə təəccüblü deyil. Ədalət Əsgəroğlunu daha çox mətbuat xidmətinin rəhbəri kimi tanıyırlar. Olsun, mən burdan maaş alıram. Amma o da bir qüsurdur ki, şair-yazıçını çox aşağılayıblar. Sözə qiymət verilmir. Onlar kasıb təbəqə olduqları üçün teleməkanlarda yer verilmir. Söhbət yenə maddiyata bağlanır. Ya meyxanaçı, ya müğənni, rəqqasə toylara gedib pul qazanır. Biz də şənlik, toy sevən xalq. Televiziyaların tələbatını onlar ödəyə bilərlər. Amma televiziya rəhbərliyi bu sahədə ayıq-sayıq olmalıdır. Vaxt gələndə "xeyir ola" deyiləcək. Mən şair-yazıçıya ögeyliyi hər gün görürəm. Elə bil ki, tapşırıq alırlar ki, necə edək ki, ictimaiyyəti çaşdıraq? Obyekt Yazıçılar Birliyi, gəlin birliyin rəhbərliyindən bir şey yazaq. Təkcə ədəbi birliyi şaşdırmaq məqsədi olsa cavabı hazırdır, bütün ictimaiyyəti çatdırmaq tapşırığını hardan alırlar? Bu mənada çox bədbinəm.

- İşlədiyiniz müddətdə rəhbərlik tərəfindən bağışlanmayan ən böyük səhviniz hansı olub?

- Səhvim olub ki, hərdən iş prosesində qalmaqal, anlaşılmazlıq yaranıb. Belə hallarda rəhbərlik tövsiyə edir ki, sən mübahisəli söhbətləri görməlisən, çətin olarsa məsləhətləşməlisən. Katibliyimiz var, həll edilə bilər. Bu söhbətlər də nədən doğur? Məsələn bir şair haqqında soruşanda demişəm ki, mən tənqidçi deyiləm, onunla müqayisədə başqasını soruşanda demişəm ki, o, şöhrətlidir. Bu da əks tərəfin acığına gəlib, qalmaqal yaranıb. Bu günlərdə Əkrəm Əylisli ilə bağlı soruşurlar. Mən gerçəkliyi deyən adamam. Əsər müzakirə edilməlidir ki, AYB qənaətini mətbuata açıqlasın. Onu tənqidçi-ədəbiyyatşünas açıqlamalıdır ki, bu əsərin indi və 50 il sonra nə xeyri, nə ziyanı var. Bu gün mən "Daş yuxular" haqında nə deyim? Əkrəm Əylisli böyük istedad yiyəsidir, nə yazdığını bilir, orada vətəndaş mövqeyini itirib-yoxsa yox, bunu artıq tənqidçilər deyə bilər. Məndən şair kimi soruşsalar necə lazımdır cavab verərəm. Ancaq cavabım yenə AYB-in mövqeyi kimi anlaşılacaq. Ona görə bu sahədə qapalıyam.

- Əsasən dövlət qurumlarında mətbuat xidmətinin rəhbərləri nazirin, komitə sədrinin çıxışlarının müəllifi olurlar. Sizdə yəqin ki, bu məsələyə təsadüf olunmaz. Hər halda siz AYB-in mətbuat xidmətinin rəhbərisiniz...

- Mənə tapşırılan işi layiqincə görməyə çalışıram. Bəzən olur ki, jurnalistlərlə telefonla danışırıq, cümlə quruluşunda natamamlıq olur. Mən jurnalistlərdən bu baxımdan da çox razıyam ki, həmin cümlələri düzəldib ortalığa çıxarırlar. Anar müəllim böyük ziyalımızdır, eləcə də Fikrət Qoca, Çingiz Abdullayev. Onların öz fikri, öz sözü olur. Müsahibələrinə özləri cavabdehlik daşıyırlar. Bu günə kimi o yazılarda da elə bir qəbahət olmayıb ki, belə söhbətlər meydana çıxsın. AYB siyasiləşmiş qurum deyil, iqtidar-müxalifət söhbətləri burda yoxdur. Bura elə bir yerdir ki, istedadla yanaşı dövlətçilik və milli mənafe üstün tutulur. Hakimiyyət başqa şeydir, dövlət başqa şey. Dövlət bizimdir və həmişə dövlətimizin güclənməsinə çalışmalıyıq.

- Qurumlarda rəsmi vəzifə bölgüsündən kənarda da bir vəzifə bölgüsü aparılır. Yəni nazirin yaxud sədrin sağ əli, danışan dili, düşünən beyni kimdir... Bu baxımdan siz AYB-in nəyisiz?

-Vallah, AYB-in gözünün işığıyam, desəm, şişirtmə çıxar. AYB-in ürəyi deyim, daha böyük şişirtmə çıxar. Burda bir ştat daşıyıram və buna görə maaş alıram. Öz qələmimlə, Allahın verdiyi istedadla xidmət göstərirəm. Adımın ədalətini qoruyub saxlamağa çalışıram. Düşünürəm ki, buna da nail olmuşam. Desəm ki, mənə şair-yazıçıların ehtiyacı var, yox. İstədikləri odur ki, mən bu vəzifədə daha ayıq-sayıq, gerçəkçi olum, mətbuatı aldatmayım. Mənim sözüm onların sözü başa düşülür. Ona görə söz deyəndə simiclik edirəm. Bəzən bişməmiş söz deyə bilərəm, ancaq bu söz gerçəyi əks etdirir.

- Etiraf etməliyik ki, ciddi mətbuatın aça bilmədiyi çox qapıları reket jurnalistlər rahatlıqla açıb girə bilirlər. Siz bu münasibəti necə tənzimləyirsiz?

- Mətbuatı yaxşı tanıyıram, mətbuatla bağlı öz mexanizmim var. Tanımadığımı da 10 dəqiqənin içində öyrənə bilərəm. Böyük çıxmasın, öz şəbəkəm var. Mənə qucaqda çiçək açan mətbuat yox, öz ayağı ilə yeriyən mətbuat maraqlandırır. Qucaq mətbuatı çox ola, kimsə reketlik edə bilər. Onların bu qapını açıb girməsi mümkün deyil. Onların yazılarına da AYB - dən sıfır münasibət olur. Reket nəsə almaq üçün yazır. Burda onun istədiyini verəcək adam yoxdur. Ciddi mətbuat bizim haqqımızda yazanda reaksiya verilir, çünki onların söylədikləri ictimai rəy qazana bilər. Dediyində səhv də olsa israrlıdırsa, o zaman peşəm, qurduğum set o ictimai rəyi öldürmək, ayaq açıb yeriməyə qoymamaq üçün köməyimə gəlir. Mən bunun ustasıyam. İctimai rəyi formalaşmağa qoymuram.

- Beşikdəcə boğursuz...

- 1 dəli quyuya bir daş atır, 100 ağıllı çıxara bilmir. O 100 ağıllıdan biri də mən olmaq istəyirəmsə, nə qəbahət var?

- Qurduğunuz o şəbəkədə dostlarınız da, qeyri-dostlarınız da var. İnformasiyanı mətbuata ötürəndə kimə üstünlük verirsiz?

- Yazarın istedadına, ədəbiyyata xidmətlərinə baxıram. Bunlar hamısı ölçülüb-biçilir. Rumi deyir ki, başqalarının qüsurlarını örtməkdə gecə kimi ol. Əgər qüsurları örtmək mümkündürsə, mənim peşəm bu qüsurları örtməkdir. Çünki hər kəsin arxasında bir ailəsi var. Əgər yazarın şəxsiyyəti alçaldılırsa və özü də şəxsiyyətinin alçaldılmasına maraqlıdırsa, biz bu halda da çox fikirləşirik. Düşünürük ki, ailə yiyəsidir, onların əsəbləri ilə oynamaq olmaz. Ola bilsin ki, başqa peşə sahibləri bunu fikirləşmir. Amma biz bunu fikirləşirik.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X