Sənətçilərin əksəriyyəti Əkrəm Əylislini tanımır Sənətçilərin əksəriyyəti Əkrəm Əylislini tanımır

Elza Seyidcahan “şair” Əkrəm Əylislini sevirmiş

Sənətçilərin əksəriyyəti Əkrəm Əylislini tanımır



AzNews.az yeni "Su Al - Sənətçilərin gözü aydın!" adlı layihəsinin budəfəki mövzusu gündəmi zəbt edəm xalq yazıçısı Əkrəm Əylisli ilə bağlıdır. Bəzi sənətçilərə verdiyimiz sual budur: Əkrəm Əylisli haqqında nə bilirsiniz?

Amma sual bəzi sənətçiləri çaşdırıb. Ya Əkrəm Əylislini şair bilirlər, ya suala dəqiq cavab verməyərək, qalmaqallı "Daş yuxular" əsərinə toxunurlar, ya da ki, Əkrəm Əylisli varlığından xəbərsiz olduqlarını deyirlər.

Məlumat üçün bildirək ki, Əkrəm Əylisli nasir, dramaturq, tərcüməçidir. O, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı, 1968-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı və Azərbaycanın Əməkdar incəsənət xadimidir. 1991-ci ildə M.F.Axundov adına ədəbi mükafat laureatına layiq görülüb. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

Yazıçının Rusiyanın "Drujba narodov" jurnalında rus dilində nəşr olunan "Kamenniye snı" ("Daş yuxular") əsəri isə Azərbaycan ictimaiyyətinin qınağına çevrilib.

Bəstəkar Vüqar Camalzadə:
"Eşitmişəm ki, bir əsər yazıb. Həmin əsərdə də guya, erməniləri yaxşı qələmə verib. Əsərlə bağlı elə də dərinə getməmişəm. Təbii ki, millətimizin aşağılanmasından söhbət gedirsə, buna heç cür razı ola bilmərəm. Ümumiyyətlə, Əkərəm Əylisli çox yaxşı yazıçıdır. Uşaqlıqdan orta məktəbdən keçdiyimiz ədəbiyyat dərsliyin Əkrəm Əylisli klassiklərin içərisində olub".

Müğənni Tunar Rəhmanoğlu:
"Kim? Kimdir o elə? Əkrəm, nə? Əkrəm Əylisli? Heç eşitməmişəm".

Əməkdar artist Səlim Abbasov:

"Əkrəm Əylisli yazıçı deyil? Bu gün o qədər müğənni çıxır ki, ona görə birdən səhv salaram. Yazıçıdır. Orta məktəb vaxtı onun yazdığı əsərlərini oxumuşuq. İndi yadımda deyil hansı əsərləri..."

Müğənni Şəbnəm Tapdıq:
"Qardaş, mən belə suallara cavab vermirəm. Xəstəyəm".

Xalq artisti Məleykə Əsədova:
"Əkrəm Əylislinin şeirləri var. Amma əzbərdən bilmirəm. Son vaxtlar onun haqqında da məlumatım yoxdur".

Meyxana ifaçısı Elşən Xəzər:
"Kimdir ki, o? Yox, tanımıram. Ola bilər mənim nöqsanımdır, amma tanımıram".

Əməkdar artist Elza Seyidcahan:
"Bilirəm ki, son günlər "Daş yuxu" əsərinə görə, millət vəkillərimiz parlamentdə müzakirə etdilər. Heç gözləməzdik... hər zaman xalqın şairləri xalqın önündə sipər kimi olublar. İndi belə bir xəbəri eşitmək, hər birimizə ağır zərbədir. Bu fikir gözləmədiyimiz yerdən gəldi. Əsəri oxumamışam. Bu barədə ziyalılarımız fikirlərini bildiriblər. Bir bəstəkar kimi Əkrəm Əylisinin "Bağdada putoyvka var" əsərinin ssenarisi əsasında yazılan tamaşaya musiqi bəstələmişəm. Bu, xalqımız və özü üçün çox pis oldu. Onun oxucularına da təsir etdi. Mən indi bundan sonra necə deyə bilərəm ki, Əkrəm Əylislini sevirəm? Heç vaxt deyə bilmərəm. Hətta öz xalqının çatışmayan cəhətləri, qüsuru belə olsa, gizli surətdə əsərini çap etdirərdi. Əgər doğrudan da şair idisə, əsərini Azərbaycanda çap etdirərdi. Yoxsa başqa ölkədə məhz bu əsəri çap etdirmək düzgün deyil. Məncə, dövlətimiz bu işlə məşğul olacaq. Bunun qarşısını alacaqlar".

Müğənni Elariz Məmmədoğlu:
"Onun bir əsəri çıxıb, qalmaqala səbəb olub. Həmin əsəri oxumamışam. Bu barədə də bir söz deyə bilmərəm. Əkrəm Əylisli haqqında onu deyə bilirəm ki, o, xalq yazıçısıdır. Dövlət tərəfindən orden, medallarla təltif olunan yazıçıdır".

Fuad Mədətov
AzNews.az