“Əvvala ədəbiyyat adamları haqqında fikir yürüdən şəxs bu sahəni mükəmməl bilməlidir.” “Əvvala ədəbiyyat adamları haqqında fikir yürüdən şəxs bu sahəni mükəmməl bilməlidir.”

“Qızlar ucaboy oğlan axtardığı kimi biz də böyük şeylər axtarırıq”- Afaq Bəşirqızına cavab

“Əvvala ədəbiyyat adamları haqqında fikir yürüdən şəxs bu sahəni mükəmməl bilməlidir.”

Bunu AzNews.az-a açıqlamasında şair Musa Yaqub Xalq artisti Afaq Bəşirqızının yazıçı və şairlər arasında “Nobelə” layiq yazıçı görmədiyi fikrini şərh edərkən deyib. O, “Nobel” mükafatının şərtləri olduğunu bildirib:

“Afaq xanım bilməlidir ki, “Nobel” mükafatının şərtləri var. “Nobel” bəzən siyasi xəttə, bəzən də xristian dünyasını müdafiə edənlərə verilir. Bu mükafat konkret ədəbiyyatın hər hansı hissəsinə, yaxud da ədəbiyyatda xidmətlərinə görə verilmir. Azərbaycanda kifayət qədər bu mükafatı haqq edən yazıçı və şair var. Ancaq bu mükafatı verənlərin öz meyarları olduğudan bizlər ondan kənarda qalırıq.”

Yazıçılar Birliyinin Dramaturgiya Şöbəsinin müdiri, yazıçı-publisist Firuz Mustafa isə Afaq Bəşirqızının "Nobel"ə layiq gördüyü şəxslərin hazırda dünyada olmadığını qeyd edib:

“Hər kəsin hər bir məsələ haqda öz rəyi ola bilər. Hər bir rəyə də hörmət etmək lazımdır. Amma təəssüf ki, Bəxtiyar Vahabzadə və Səttar Bəhlulzadə rəhmətə gedib. Bir də ki, Səttar rəssam idi. Əlbəttə, hər bir soydaşımız bizdə də Nobelçinin olmasını arzu edərdi...”

Şair Aqşin Yenisey isə “Nobel" mükafatının çox şişirdildiyini vurğulayıb: "Bu da bizim balaca xalq olaraq böyük görünmək kompleksimizdən irəli gəlir. Qızlar ucaboy oğlan axtardığı kimi biz də böyük şeylər axtarırıq. 1901-ci ildən verilən bu mükafata layiq görülən yazıçı və şairlərdən cəmi 10-15 nəfəri həqiqətən dünyada oxunur, qalanlarını nə oxuyan var, nə tanıyan. Nobelçilərin arasında, məsələn, bizim İsa Hüseynovdan, Əkrəm Əylislidən qat-qat zəif yazıçılar var. Məsələn, Harold Pinter. Adama yalnız ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etdiyi üçün mükafat veriblər. Onlarla belə Nobelçi sadalaya bilərəm ki, onları heç kim tanımır. Nobel mükafatı almağın nizamnamə qaydaları da var, Nobelə gedən yazıçı, ən azı, dünyanın 20-30 dilinə tərcümə olunmalıdır. Bu başlıca şərtdir. Yalnız bu şərt kifayətdir deyim ki, Azərbaycan ədəbiyyatı heç vaxt Nobel ala bilməyəcək və buna görə özümüzü öldürməyə dəyməz.”

Xalq artisti Afaq Bəşirqızı müsahibəsində Azərbaycan ədəbiyyatında “Nobel” mükafatına layiq olan yazıçı görmədiyini vurğulayıb: “Mən çox istəyərdim Səttar Bəhlulzadə, Bəxtiyar Vahabzadə alaydı bu mükafatı”.

Bahar RÜSTƏMLİ

AzNews.az