Kanal rəhbərliyi ilə tanınmış telejurnalist niyə anlaşa bilmədi? Kanal rəhbərliyi ilə tanınmış telejurnalist niyə anlaşa bilmədi?

Sevil Nuriyevanın ATV sərgüzəştləri

Kanal rəhbərliyi ilə tanınmış telejurnalist niyə anlaşa bilmədi?



Ötən ilin sentyabr ayında ATV telekanalının yeni mövsüm üçün təqdim etdiyi layihələrdən biri də tanınmış telejurnalist Sevil Nuriyevanın müəllifi olduğu "Sevil Nuriyeva ilə - Bu günlər" adlı proqram idi. Hətta proqramın reklam roliki hər gün ATV ekranında yayınlanırdı. S.Nuriyava yeni layihəsini ənənəvi olaraq çıxış etdiyi ANS-də deyil, ATV-də gerçəkləşdirməsini mediaya belə izah etmişdi:

"ATV-də yeni yanaşma tərzi, yeni ruh, yeni rəhbərliyin çağdaş televizyonçuluğun ünsürlərini bu kanala daşımaq çabalarını görürəm və qiymətləndirirəm. Ona görə də bu seçimim düşünülmüş bir seçimdir. Yəni, "yeni ATV" bu seçimimdə həlledici rol oynayıb".

Maraqlıdır ki, üstündən aylar keçsə də, tamaşaçılar "Sevil Nuriyeva ilə - Bu günlər"i ATV ekranında görə bilmədilər. Bunun səbəbləri ilə bağlı bir araşdırma aparmaq qərarına gəldik.

Məlum oldu ki, S.Nuriyeva layihədə xüsusilə Azərbaycan tarixinə fərqli baxış nümayiş etdirməyi nəzərdə tuturmuş. Hətta bir neçə veriliş montaj edilərək son hazırliğını da başa vurub. Lakin jurnalist Məqsəd Nurun ATV-yə transferi ilə layihədəki tarixi baxışın dəyişdirilməsi istənilib. Layihədə bu tələbə uyğun dəyişikliklər edilib. Ancaq bu da rəhbərliyi qane etməyib. Bu layihədə S.Nuriyevanın ictimai mövqeyinin rahatsızlıq yarada biləcəyi deyilib. Sonucda S.Nuriyevadan "Nəzər Nöqtəsi"nə bənzər verilişin hazırlanması istənilib. Lakin, S.Nuriyeva bu "ideyaya" isti yanaşmayıb.

Bundan sonra ATV "Sevil Nuriyeva ilə - Bu günlər" layihəsini bir qədər dəyişdirərək, proqramın ictimai-siyasi ağırlığını azaldaraq noyabr ayından yayımına qərar verir. Hətta proqram direktorluğu bunula bağlı S.Nuriyeva ilə tanıtım reklamları üçün çəkiliş də aparıb. Ancaq birdən-birə hər şey yenə dəyişib. S.Nuriyevanın "Mediaforum"a Nigar Yagublunun həbsini pisləyən açıqlama verməsindən sonra ATV rəhbərliyi onun layihəsinin efirə getməsinin mümkün olmayacağını bildirib.

Modern.az saytı məsələ ilə bağlı əldə etdiyimiz bilgilərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün S.Nuriyeva ilə əlaqə saxlayıb. Ancaq o, bu mövzuda danışmaq istəmədiyini bildirib:

"ATV-nin rəhbəri Vüqar Qaradağlı ilə heç bir problem yaşanmadı, əksinə, faydalı əməkdaşlıq edildi. Lakin kanalın siyasi xəttini koordinasiya edən məsul şəxslə dünyagörüş fəlsəfələrimiz və tarixə, ictimai məsuliyyətə yanasmamız üst-üstə düşmədi".

Nigar Yaqublunu müdafiə etməsinə gəlincə, S.Nuriyeva məhbus qızı yenə də müdafiə etdiyini, "bu həbsin Azərbaycana başucalığı gətirmədiyini" vurğulayıb.