Oktyabrın 15-da Əməkdar İncəsənət Xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin doğum günüdür. Oktyabrın 15-da Əməkdar İncəsənət Xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin doğum günüdür.

Bu gün Azərbaycanda ilk rəngli bədii film müəllifinin doğum günüdür

Oktyabrın 15-da Əməkdar İncəsənət Xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin doğum günüdür.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “O, olmasın bu olsun”, “Dəli Kür”, “Qayınana” kimi bənzərsiz ekran əsərləri müəllifinin anadan olmasının 107-ci ildönümü tamam olur.

Hüseyn Seyidzadənin yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Seyidzadə daim düşünən, axtarışda olan rejissor olub. O, çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyib, hər kadra məna verməyə çalışıb. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.

H.Seyidzadənin “O olmasın, bu olsun” filmi Azərbaycan kinosunda bir inqilab idi. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. O, dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırır. Bununla da “O olmasın, bu olsun” onun quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur. İlk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi.

“O olmasın, bu olsun” Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi. Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.

Hüseyn Seyidzadənin ikinci filmi “Koroğlu” olur. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq (1960), bədii kinomuzda ilk genişekranlı film yaratmaq rejissorun cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qalır. “O olmasın, bu olsun” filmindəki o qeyri-adi, bənzərsiz aktyor ansamblı ilə müqayisədə bu ifaçılar sönük görünürdülər. Aktyor seçimi obrazın xarakteri, fərdiyyəti ilə üst-üstə düşmürdü. Bu da filmin yaradılması prosesində rejissorun təzyiqlərə məruz qaldığını göstərirdi. Nəticədə “Koroğlu” rejissorun 2-3 il ondan əvvəl çəkdiyi filmdən sənətkarlıq baxımından kəskin fərqlənirdi.

Sənətkarın sonrakı mübarizəsi isə “Dəli Kür” filmi ilə bağlıdır. Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxarıldı. Film Moskvada senzuranın qəzəbinə tuş oldu.

Aşağıdakı epizodlar filmdən çıxarıldı: Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: "Baxarıq!" Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.

Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: "Deyəsən, könlündən Sibir keçir" — deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Və "Ana Kür" mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə imkan verə bilməzdi. Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin Xalq Yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

“Dəli Kür”dən düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmini çəkir – “Qaynana”nı. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edir. Qarşısına çıxan, hətta çıxarılan maneələrə, haqsızlıqlara rəğmən. Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də “Qatır Məmməd” filmi ilə bağlı yaranan problem ona mənən böyük zərbə vurur. Bu, Hüseyn Seyidzadənin kino taleyində aldığı ən böyük zərbə idi. Növbəti zərbə “Dərviş Parisi partladır” filmilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi ağrı tapır. Elə bu dərd-qəmlə dolu ürək ağrıları da onun həyatına son qoyur. O,1979-cu il iyunun 2-də bu dünyasını dəyişdi.

H.Seyidzadə universal intellektə malik, işgüzar, zəhmətkeş bir istedad idi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən vətəndaş müharibəsinin milli qəhrəmanı "Qatır Məmməd", "Dərviş Parisi partladır", Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin çəkilişlərinə başlansa da, naməlum səbəblərdən yarıda saxlanılırdı və alınıb başqasına verilirdi. Özü deyirdi ki, insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan taleyimlə əlbəyaxadayam...