Qoyun otararkən oxuduğu ifaya görə sosial şəbəkədə məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışması ilə əlaqədar narahatçılıq içindədir. Musiqi təhsili almayan iştirakçı bununla bağlı bir neçə sənətkara ağız açsa da, müsbət cavab almayıb. Qoyun otararkən oxuduğu ifaya görə sosial şəbəkədə məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışması ilə əlaqədar narahatçılıq içindədir. Musiqi təhsili almayan iştirakçı bununla bağlı bir neçə sənətkara ağız açsa da, müsbət cavab almayıb.

Səsi ilə məşhurlaşan Pərvin Səfərov: “Çobanam deyə heç kim mənə əl tutmadı…”

Qoyun otararkən oxuduğu ifaya görə sosial şəbəkədə məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışması ilə əlaqədar narahatçılıq içindədir. Musiqi təhsili almayan iştirakçı bununla bağlı bir neçə sənətkara ağız açsa da, müsbət cavab almayıb.

Pərvin Səfərov AzNews.az-a müsahibəsində ona biganə qalanların adlarını açıqlayıb:

- “O səs Türkiyə” yarışmasından nə xəbər var?

- Müsabiqə öz axarı ilə gedir. Hələ ki, birinci tur keçirilir. Yanvar ayında isə ikinci tur başlayacaq. İkinci tur başlayan kimi yenidən Türkiyəyə gedəcəm. Əgər ikinci turdan da keçsəm sonra layihələr başlayacaq. Orada iştirakçılarla duetlər oxuyacağıq. Yaxşı mahnılar seçib mübarizə aparacağıq. İnanıram ki, mən bu turdan da üzüağ çıxacağam. Performanslar auditoriyanın istəyi ilə qarşılanır. İştirakçıların arasında peşəkarlar çoxdur. Seçimləri də onlar edir. Ümidliyəm...

- Türkiyədən başqa dəvətlər necə, alırsınızmı?

- Dəvətlər çoxdur. Amma hamısından imtina etdim.

- Səbəb nə idi?

- Bilirsiniz, “O səs Türkiyə” yarışmasının şərtləri var. Mən orada müqavilə imzalamışam. Müsabiqədə iştirak etdiyim vaxtlarda heç bir yerdə çıxış edə bilmərəm. Bunlar iştirakçılara qadağandır. Ona görə də gözləməliyəm. Neçə gün idi ki, Bakıdayam. Gəldim ki, musiqiçilərdən kömək istəyim. Baxdım ki, alınmır. Sabah kəndə qayıdacağam. Görünür, yazı belə yazılıb, onu dəyişdirmək mümkün deyil.

- Sirr deyilsə Bakıya niyə gəlmişdiniz?

- Əlbəttə ki, səbəbi var. İstədim dövlət mənə dəstək olsun. Axı mən Türkiyə səhnəsində Azərbaycanın adını təmsil edirəm. İstədim ki, tanınmış musiqiçilərdən təhsil alım, Azərbaycan klassikasını düzgün şəkildə ifa edim, necə olmasa, böyük səhnəyə çıxacağam. Vokalın yolları var. Amma gərək gəlməyəydim, sözüm yerə düşdü. Heç kim mənlə maraqlanmadı. Daha kiməsə ağız açmayacam. Hamı mənim səsimin olmasını bilir. Bu əsas deyil, düzgün də ifa lazımdır. Bunun da öz yolları var. Nə yazıq ki, musiqi təhsilim olmadığındam mən o yolları bilmirəm.

- Yəni konkret olaraq, kimdən kömək istədiniz, hansı xalq artisti ilə görüşdünüz?

- Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin köməkçisi Anarla görüşdüm. O, məni bir vokalistlə görüşdürdü. Düzdür, mənə bəzi ifaları oxumağımda kömək edəcəklərini dedilər. Amma mənim Bakıda qalmaq imkanım yoxdur. Bir neçə yerə müraciət elədik, müsbət cavab almadıq. Məcbur oldum, kəndimə qayıdım.

- Məşqsiz, heç bir təhsil almadan başqa ölkənin böyük səhnəsində çıxış etmək sənə çətin gəlmir?

- Allaha sığınıram. Bundan sonra necə olacaq, özüm də bilmirəm. Görüşdüyüm kim vardısa, ağız açıb dərdimi deyib, kömək istədim. Hətta yolda Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə görüşdüm. Ona köməyə ehtiyacım olacağını dedim. Nazir bildirdi ki, “regionda olan musiqicilərə deyərəm, sənə kömək edərlər”. Mən inanmıram ki, kimsə ürəyimcə olan, məni qabağa aparan təhsil verə. Bölgə müəllimləri hara, xalq artistləri hara. Bütün müsabiqələrdə Azərbaycan musiqisinin başında olan rəhbər şəxslərə ağız açdım. Biganəlik gördüm. Bir adam mənə əl tutmadı. Nədir ki, çobanam, arxamda kimsəm yoxdur. Peşəkar səhnədə olmamışam. Məni Türkiyədə dəstəkləyirlər. Mən də onlardan kömək istəyirəm. Dolanaşıq yerim isə qoyunlarımdır.

- Deyirlər Türkiyə səhnəsindən sonra qoyunları satmısan?

- Yox, onları satsam qışda nə yeyərəm? Videogörüntüdən sonra qoyunlara göz dəydi, bir ikisi öldü, zəifləyən də oldu. İndi-indi düzəlir. Allah onları mənə çox görməsin. Başqa yerdən gəlirim yoxdur, onları dar günə saxlamışam.

Bahar RÜSTƏMLİ
AzNews.az