“Nar bağı” bədii filmi Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının ( APSA) mükafatına layiq görülüb. “Nar bağı” bədii filmi Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının ( APSA) mükafatına layiq görülüb.

“Nar bağı” filmindən daha bir möhtəşəm uğur

“Nar bağı” bədii filmi Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının ( APSA) mükafatına layiq görülüb.

AzNews.az xəbər verir ki, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, təqdimetmə mərasimində Azərbaycanı filmin rejissoru İlqar Nəcəf təmsil edib.

Kinorejissor “Young Cinema Award” mükafatı ilə təltif olunub. Bu mükafat ilk və ya ikinci debüt filmlərinin müəlliflərinə verilir. Mükafata bu il təqdim edilən 298 filmdən 142-si debüt filmi olub. İlqar Nəcəfin “Nar bağı” filmi məhz 142 debüt film içindən qalib seçilib.

İlqar Nəcəf artıq ikinci dəfədir ki, APSA–nın mükafatının qalibi olur. Onun quruluş verdiyi “Buta” filmi də Akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub. O, həmçinin Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyasının (APSA) fəxri üzvüdür. 70 Asiya və Sakit Okean hövzəsi ölkəsi Akademiyanın üzvüdür. Akademiyanın qalibləri arasında Əsgər Fərhadi, Nuri Bilgə Ceyhan, Zvyagintsev, Gokhan Tiryaki kimi nüfuzlu kino xadimləri var.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.