Teatrlarımız Xocalı faciəsi günündə hansı tamaşalarla çıxış edir?

26 fevral Xocalı soyqırımıdır. Görəsən, tarixi qan yaddaşımız olan bu ağır faciə teatr ocaqlarında necə yad edilir və bu gün onların repertuarında hansı tamaşalar var? AzNews.az bununla bağlı araşdırma aparıb, araşdırmamızın nəticəsi olan yazını diqqətinizə çatdırırıq.

Abdulla Şaiq Adına Kukla Teatrı və Musiqili Komediya teatrından sorğumuza cavab olaraq bildirdilər ki, 26 fevral tarixində heç bir tamaşa nümayiş olunmayacaq.

Gənc Tamaşaçılar Teatrından verilən məlumata görə, bu gün adıçəkilən teatrda Xocalı soyqırımı ilə bağlı böyük bir tədbir keçirilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı isə İftixar Piriyevin "Soyqırım tarixinin dastanı" adlı tamaşa ilə tamaşaçılarının görüşünə gəlib. Sözügedən tamaşa Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində oynanılacaq. Akademik Milli Dram Teatrında isə teatrsevərlərə Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası təqdim olunacaq.

Şuşa Teatrı isə Xocalı soyqırımına məxsusi hazırlaşıb. Kollektiv bu ağır faciəni iki layihə üzərində qurub. Onlardan biri "Ağ qayıq" tamaşası, ikincisi isə "Xocalım" adlı bədii kompazisiyayadır.

Bahar Rüstəmli
AzNews.az