22:40
(077) 610-22-33

Bədii həqiqətin gücü - “Daş yuxular” haqqında

  • >
811 28 Fevral 2013 12:28 | Mədəniyyət

“Daş yuxular”dakı Tülkü obrazının məğzi



Akif Azalp
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



(Məqalənin üzərində iş gedən son variantı Qərb mətbuatı üçün nəzərdə tutulmuşdur)

"Vay o gündən ki, Ədəbiyyat bizdən üz döndərə!"
Əkrəm Əylisli



"Daş yuxular"ın sorağını almazdan öncə Jan-Pol Sartrın "Ürəkbulanma" əsərini vərəqləyirdim. Daha doğrusu, böyük fransızın bir vaxtlar rusca oxuduğum bu bədii-fəlsəfi romanının Azərbaycan dilində necə səsləndiyini bilmək istəyirdim. Əsərdə "mənasızlığ"ın mənasına, qaranlığın işığına, keçmişin gələcəyinə, kədərin sevincinə aparan Yolun ağırlığındanmı, baxışlarım nikbin bir ovqat ümidində rəfdəki başqa kitabları sıralamağa başladı. Və təsadüfün qəribəliyinə baxın, əllərim çoxdan, lap çoxdan mütaliə etdiyim, bir vaxtlar Əkrəm Əylislini məhz həmin "Drujba narodov" jurnalının səhifələrindən çoxmillətli və çoxsaylı oxucu auditoriyasına tanıdan "Adamlar və ağaclar"a təzəcə uzanmışdı ki, yazıçının eyni jurnalda çap olunan və internetdə yayınlanan yeni romanının kompüter nüsxəsini təqdim etdilər və alan kimi oxumağa girişdim.
Kaş girişməz olaydım!..

Səhifələr səhifələri əvəz etdikcə sanki tarixi təhrif etməkdə biri digəri ilə bəhsə düşən çoxsaylı anaxronizmlər, hər şeydən əvvəl, öz bədii dayazlığı və çılpaqlığı ilə Əkrəm Əylislini nəsrin Hrant Matevosyan mərtəbəsindən yendirib, publisistikanın Zori Balayan zirzəmisinə sürükləyirdi.

Və mən oxuduqca daha dərindən əmin olurdum ki, bu təkcə mənim nəzərimdə deyil, millətindən, dinindən, dilindən asılı olmayaraq, bədiiliyin nə olduğunu bilən yaxud hiss edən hər bir həssas oxucunun təsəvvüründə baş verir və ya gec-tez baş verəcək. Mütaliə edə-edə yaşadığım ağır sarsıntının əsas səbəbi də bununla bağlı idi. Yəni mən (və təkcə mənmi?!)nə olur-olsun, necə olur-olsun, "Adamlar və ağaclar" müəllifinin qanəkən "Ocaq" müəllifi ilə bir sırada durmasına, onun səviyyəsinə yenməsinə heç bir halda inana bilmirdim, inanmaq istəmirdim... Odur ki, ara-sıra işartılara qane olmadan, əsərdən heç olmasa, müəyyən estetik dəyərə malik, dolğun bir bədii obraz tapmaq ümidində dişimi dişimə sıxıb, böyük səbir və mətanətlə mütaliəni davam etdirirdim.

Görünür, müəllifin özü də əsərin ideya daşıyıcısı sayılan xəstə və saxta qəhrəmanlarının dili ilə erməni-türk münaqişəsinin tarixini və mahiyyətini hər addımda təhrif etməklə yanaşı, hansısa şəxsi münasibətlərin, hansısa nisgil və umu-küsülərin acığına təxminən son yarım əsrdə Azərbaycan tarixində və mədəniyyətində silinməz izlər buraxan, danılmaz xidmətlər göstərən böyük tarixi simaların və görkəmli söz ustalarının adına və ünvanına qara yaxmağa o qədər aludə olub ki, yazmaq istədiyinin hər hansı tarixi oçerk və ya memuar deyil, bədii roman olduğunu əsərin sonuncu fəslinə qədər, demək olar ki, yaddan çıxarıb.

Bu zərurətin məsuliyyətini yalnız dördüncü fəsildə hiss edən müəllif çıxılmaz vəziyyətdən qurtulmaq üçün, yəni əvvəlki fəsillərdəki bədii boşluğu ört-basdır etmək üçün əsərin fabulasında hələ ikinci və üçüncü fəsillərdən bir işartı kimi nəzərə çarpan "Tülkü əhvalatı"nı sonuncu fəsildə süjet "zəncir"inin mühüm həlqəsinə çevirmək istəyir. Yəni, başqa cür desək, əvvəlki fəsillərdə baş qəhrəmanı Saday Sadıqlının insana sevgisini "bay" eləmiş yazıçı indi də onun mənəvi-psixoloji aləminin başqa tərəfini-canlı təbiətə məhəbbətini işıqlandırmağı zəruri sayır. Amma belə yerdə deyirlər: "Sən saydığını say, gör, fələk nə sayır!"

Elə məsələ də ondadır ki, fəsil boyu ayrı-ayrı hissələri başqa hadisələr və epizodlar arasına saçılmış, ancaq bütövlükdə götürəndə ayrıca və yığcam bir lirik-psixoloji hekayəni xatırladan bu "Tülkü əhvalatı" iki mühüm cəhətdən romanın ümumi kompozisiyası ilə uyuşmur.

Birincisi, əsərin ona qədər olan həcmcə böyük hissəsi ən yaxşı halda anaxronik publisistikadırsa, "Tülkü əhvalatı"nda bu hissə ilə müqayisədə əməlli-başlı bədii səviyyə hiss olunur. Sanki ikisi iki müxtəlif səviyyəli müəllif tərəfindən yazılıbmış kimi!

İkincisi, məhz bu bədiilik amili "Tülkü əhvalatı"nda obrazların məzmun-mahiyyətini əvvəlki fəsillərdən fərqli olaraq, məcazi-alleqorik müstəviyə köçürür, əvvəlki ekzoterik (çılpaq-zahiri) qatdan fərqli olaraq, əsərdə ezoterik (mistik-batini) qat yaradır.

Ən başlıcası, bu məcazi-alleqorik müstəvidə parlayan və bu mistik-ezoterik qatdan boylanan bədii həqiqət əsərdəki çılpaq tarixi yalanla nəinki ziddiyyət təşkil edir, nəinki mübahisəyə girir, hətta son nəticədə o yalanı alt-üst edir, əsərdəki süni hay-həşiri və qondarma canfəşanlığı çəkib sürüyür. Və inandırır ki, yalanın ömrü çox vaxt ədəbiyyatda həyatdakından da az olur. Amma hər şey öz növbəsi ilə, bəzən elmdə də incə mətləblər böyük səbir tələb edir.

XX əsrin nəhəng ədəbiyyatşünaslarından biri, nəzəri-estetik fikir tarixində yeni mərhələ yaradan Mixail Baxtin özünün ədəbiyyat nəzəriyyəsi və poetikaya dair bir çox kəşflərini məhz bədii ədəbiyyatın bu məcazi-alleqorik və ezoterik qatlarındakı bədii həqiqətlərə söykənərək ortaya qoymuşdu. Əsərin mütaliəsini qurtardıqdan sonra da məni rahat buraxmadan təkrar-təkrar öz üzərinə qaytaran bu "Tülkü əhvalatı"nın arxasında bədii həqiqətin nadir və dərin sirlərindən birinin, ədəbiyyatşünaslıq elminin isə növbəti kəşflərindən birinin gizləndiyini hər dəfə hiss etdikcə, bu haqda yazmalı olacağımı, mütləq yazacağımı qət eləsəm də, ağ yalanlardan özümə gəlmək üçün çox da tələsmirdim, soyuqqanlılığımı qorumaq üçün həyəcanlarımın səngiməsini gözləyirdim.

Bu arada cəmi bir neçə gün ərzində erməni millətçiləri və daşnak siyasətçilərindən "Daş yuxular" müəllifinin ünvanına yağan alqış və afərinləri eşitdikcə "Tülkü əhvalatı"ndan özlərinə çatacaq "pay"dan xəbərsiz bu qafillərə, gözlərini millətçilik toru basanda ətrafda heç nəyi görə bilməyən bu xəstə zavallılara həm yazığım, həm gülməyim gəlirdi...
Beləliklə, qayıdırıq "Tülkü əhvalatı"na!

Təhlilə girişməzdən öncə burada daha bir sirli mətləbə, Ə.Əylislinin sevimli ifadəsi ilə desək, "bir sirri-Xuda"ya aydınlıq gətirməliyik. İşin ən qəribə və ən qeyri-adi tərəfi bir də ondadır ki, bu "Tülkü əhvalatı"na Əkrəm Əylislidən başqa müdaxilə eləyən, daha doğrusu, öz sehri ilə yazıçını özbaşına qoymadan, onu çəkib öz arxasınca aparan, müəllifin özünün də xəbəri olmadan, onun iradə gücünə, prinsip üstündə qurmaq istədiyini yerlə-yeksan edən bir mistik qüvvə var. Ümumən, təkrar söyləyirəm, bu "Tülkü əhvalatı"nda biz dünya miqyasında az-az rast gəlinən bir bədii-estetik hadisə ilə üz-üzəyik.
Bir vaxtlar təxminən buna bənzər hal elə Ə.Əylislinin nə vaxtsa özünə ruhdaş saydığı ("Bir vaxt mən Nitsşe idim") həmin Fridrix Nitsşe ilə baş vermişdi. Yadınızdadırmı, uzun illər Rixard Vaqnerin ilahi musiqisinə tapınan və yaradıcılığının bir hissəsini bu musiqiyə həsr edən o möhtəşəm və hikkəli Nitsşe dahi bəstəkarla münasibətləri pozulduqdan sonra (indiyə qədər bunun dəqiq səbəbi tədqiqatçılara məlum deyil) Vaqnerə qarşı hiddətlə ("Bu bütü mən özüm yaratmışam, mən özüm də dağıdacam!") "səlib yürüşü"elan etmişdi. Ancaq Vaqner əleyhinə yazılarında nə qədər çalışsa da,

İlahi istedadı o əzmkar Nitsşenin iradəsinə və hikkəsinə tabe olmadan, həqiqətin tərəfində durmuşdu və yeri gəldikcə onun öz iddiasında haqsız olduğunu büruzə vermişdi, qeyri-səmimiliyini ifşa etmişdi. Bu isə müasirlərinin yaddaşına Nitsşe qələminin ən böyük məğlubiyyəti kimi həkk olunmuşdu.

"Tülkü əhvalatı"nda isə "sirri-Xuda" bundan da dərindədir, yazıçıdan xəbərsiz onu öz arxasınca aparan mistik qüvvə bundan da qüdrətlidir. O qüvvəni yalnız xəyanətə məruz qalmış Ədəbiyyatın ruhu və bədii həqiqətin şərpəsi kimi qəbul etsək, mahiyyəti tam əks etdirməmiş olardıq. Onda aldanmış Ədəbiyyatın ruhu başda olmaqla, ayaq tutub yeriyən Yalanla özgələrinin adına çıxarılan 12 qədim alban kilsəsinin əsl sahiblərindən tutmuş, haqsız ittihamlarla üzləşən tarixi şəxslərin narahat edilmiş ruhlarına qədər, öz torpağı uğrunda şəhid olmuş yaxud öz vətənində vəhşicəsinə öldürülmüş minlərlə azərbaycanlılardan tutmuş, işğalçı-separatçı rejimin və erməni faşizminin çağırışlarına qoşulmadıqları üçün daşnaklar tərəfindən yerindəcə güllələnmiş günahsız ermənilərin xatirəsinə qədər bütün incidilmiş ruhların işığından pay olduğu üçün biz təhlil zamanı anlaşıqlı olsun deyə, sözügedən mistik qüvvəni şərti olaraq Ərvah adlandıracağıq. Əsla təsadüfi deyildir ki, "Tülkü əhvalatı"nda yazıçının bala tülkünü (komsomol tülkü-unutmayın, bu komsomol sifəti bizə bir azdan lazım olacaq) balaca Sadayın canlı təbiətə sevgisi ilə bağlamaq yolundakı bütün cəhdlərinə (uşağın bala tülkünü tutmaq, bağrına basmaq, tumarlamaq, öpmək istəyi və.s) baxmayaraq, Ərvah o tülkünü hər addımda başqa "səmtə"-məcazi mənaya, alleqorik qavrama doğru yönəldir və son nəticədə müəllifin iradəsinin əksinə olaraq, o tülkünü "Böyük Ermənistan" iddiası ilə havalanmış erməni millətçiləri və daşnaklarının ümumiləşdirilmiş obrazına çevirir. Gəlin, yaxşısı, əsərdən alınmış aşağıdakı parçalara dərindən diqqət yetirək.

Birinci parça:
"Sadaydan beş-altı yaş böyük olan bu Cingöz Şaban elə həmin o Şaban idi ki, on-on bir yaşından cibində qəssab bıçağı, çiynində ovçu tüfəngi gəzdirirdi və Şaban o baharda Əylisdə hansı yolla peyda olduğu məlum olmayan> (fərqləndirmə bizimdir-A.A.) lap balaca, qara tülkünü nə vaxtsa Daş kilsənin hasarında məhz o tüfənglə vurmuşdu..."

İkinci parça:
"Saday Sadıqlı, doğrudan da, uzaqda idi. Doktordan, arvadından, yerləşdiyi palatadan, hətta bədənindəki yaradan və beynindəki zədədən çox uzaqda-Əylisdə... Hə, hə, heç şübhəsiz, Əylisdə idi. Ancaq bu, gerçəkdə mövcud olan Əylis deyil, nə vaxtsa Sadayın dörd-beş yaşı olanda yuxuda gördüyü və necəsə, hardansa gözəl qara tülkünün qaçıb gəldiyi (fərqləndirmə bizimdir-A.A.) Əylis idi. Saday onu vur-tut bircə dəfə öz həyətlərinin hasarında görmüşdü. Qara bala tülkü hasardan ağaca tullanıb, budaqdan-budağa sıçramağa başlamışdı və yaşıl yarpaqların arasında gözdən itmişdi. Bir neçə gündən sonra isə Saday Cingöz Şabanın bu bala tülkünü bulağın yanında-Daş kilsənin önündəki hasarın üstündə güllələdiyini görmüşdü. O vaxtdan bala tülkü az qala hər gecə Sadayın yuxusuna girirdi.
Və indi bax o bala tülkü yenə də sağ idi. Hasarlardan ağaclara, ağaclardan hasarlara atılaraq, Əylisin bu başından vurub, o başından çıxırdı (fərqləndirmə bizimdir-A.A.)"

Üçüncü parça:
"Və yenə ona elə gəlirdi ki, o şux bala tülkünün üstündə sıçradığı hasarlar daşdan deyil, sarı-çəhrayı işıqdan ucalmışdı və bu işıq divarlardan küçələrə, yollara axmışdı. O oğlanın Əylisdə gördüyü bütün həyətlər səliqə ilə yığışdırılmışdı, kənarlarına güllər əkilmişdi, küçələr şüşə kimi tərtəmiz idi.

Qıraqlarında bənövşələr və süsənlər bitən arxlardan axan su həmin o işığa boyanmışdı. Gözəl bala tülkü şənlənərək və oynayaraq, hasarlarla yuxarıya, günbəzi günəş şüaları altında qızılıya çalan Daş kilsəyə doğru atılırdı (fərqləndirmə bizimdir-A.A.), onunla birgə hasarlar boyunca və arxlar qırağında böyüyən ceviz, alça və ərik ağaclarının açıq-yaşıl yarpaqları da şənlənir və yırğalanırdılar" (Fikrimizə misal kimi gətirilmiş bu sətri çevirmələr bədii tərcümə adına iddia eləmir-Müəllif)

Ayrı-ayrı səhifələrə yayılmış bu epizodların mətni-kontekstual təhlili və ezoterik qatdakı bütün məna çalarlarının üzə çıxarılması, eləcə də, "Tülkü əhvalatı"ndakı məcazi-alleqorik obrazların Əkrəm Əylislinin başqa əsərlərindəki məcazi-rəmzi obrazlarla çoxcəhətli əlaqələrinin aşkar edilməsi bir məqalənin və bir həftənin imkanları xaricindədir və "Daş yuxular"ın dağ yalanları (Bədiilik və tarixiliyin şərtləri)" adlı genişçaplı ciddi tədqiqat tələb edir.

Amma Canni Rodarinin bir məşhur bənzətməsinin dili ilə desək, bədii mətndən yaddaşa sancılaraq onu oyadan hər hansı söz-obraz gölməçəyə atılan daş kimi yalnız suyun üzündə dairəvi mövclər əmələ gətirməklə kifayətlənmir, sualtı qatlardakı "mətləb" və "həqiqət"ləri də hərəkətə gətirir və üzə çıxarır (hərçənd burada yaddaşın və gölməçənin nə dərəcədə dərin-dayazlığı və ya böyük-kiçikliyi də öz rolunu oynamamış olmur.)

Yəni bədii həqiqətin oxu öz kamanından çıxandan sonra gec-tez gedib öz hədəfini tapacağı şübhəsizdir. Belə ki, təkcə Əylisdə deyil, istənilən dağ kəndinin bağ-bağatında ya qıraq-bucağında adi tülküyə istənilən fəsildə rast gəlindiyi halda, "o baharda Əylisdə hansı yolla peyda olduğu məlum olmayan", "necəsə, hardansa qaçıb gələn", "Əylisin bu başından vurub o başından çıxan", ən başlıcası, günbəzində bayraq yerinə quyruğunu yellətmək iddiası ilə özgə (alban) kilsəsinin başına çıxmağa can atan o bala tülkünün adi meşə "ərköyün"ü olduğuna, məcazi-alleqorik çalar daşımadığına, istəyir dünyanın bütün ədəbiyyatşünasları bir cəbhədə birləşsə belə (iddiam üçün sizdən çox-çox üzr istəyirəm), bəndənizi inandıra bilməzlər.


Fikrimizin sübutu üçün bir suala da qısaca cavab vermək lazım gələcək. Nədən məhz tülkü?! Axı, yazıçı öz qəhrəmanının canlı təbiətə sevgisini əks etdirmək üçün başqa canlının, daha əlverişli, daha məsum bir varlığın obrazından da istifadə edə bilərdi. Məsələn, elə tülküyə baxanda ağaclarda daha yaxşı "rəqs" edən dələdən, yaxud öz görkəmi ilə beş-altı yaşlı uşaqların daha çox xoşuna gələn, balaca Sadayın bağrına basıb öpməsi üçün daha münasib sayılan dovşandan, yaxud Cingöz Şaban tərəfindən güllə ilə vurulması əsər qəhrəmanında daha inandırıcı sarsıntı yarada biləcək hər hansı gözəl quşdan və.s və i.a. Bəlkə də, eləmək istəyib, Allah bilir...

Amma Ərvah buna yol verməyib, müəllifi onun özündən xəbərsiz həqiqətə doğru aparmaq üçün Ərvaha yalnız adının quruca səslənməsi belə, hər kəsdə müəyyən təsəvvür oyadan, yaddaşlarda prototipi hazır olan tülkü, məhz tülkü lazım olub! Ezopun, Lafontenin, Krılovun çoxsaylı təmsilləri olmadan belə, dünyanın hər hansı xalqının folklorundan o xalqın hər hansı oxucusuna kimliyi yaxşı bəlli olan tülkü, bir budaqda oturub min budağı silkələyən tülkü, istənilən güclünü (şiri, ayını, qurdu və.s) öz marağı yolunda hiylə ilə istədiyi vaxt güdaza verən tülkü, hər kəsin ağzından gözü düşdüyü tikəni ala bilən tülkü və.s və i.a.

Oxucuda başqa bir təbii sual doğula bilər: yaxşı, bəs "Tülkü əhvalatı"nın alt qatında əks edən bu bədii həqiqət hansı gerçəkliyə söykənir, hansı həyat həqiqətlərindən qaynaqlanır? Bu suala isə ən doğru cavab 60-cı illərin lap axırlarında (hələ dünyada sanki sakitlik hökm sürəndə) Şuşaya yaradıcılıq ezamiyyətinə getmiş və səfərini Dağlıq Qarabağın komsomol katibinin qəbulundan başlamalı olan, Lenin komsomolu mükafatı laureatı Əkrəm Əylislinin özündən gəlir:

"Mən elə kabinetə girər-girməz katib mənə qarşı atəşin hücuma keçdi. Dediyinin məğzi bu idi ki, biz Bakı müxbirləri (o məni nədənsə yazıçı yox, jurnalist hesab eləmişdi) Dağlıq Qarabağın paytaxtına son vaxtlar tez-tez gəlirik və hər gəlişimizdə də buradakı "təmiz beynəlmiləlçilik ab-havası"na bir xeyli millətçilik zəhəri qatırıq.

Məni belə bir gözləmədiyim aqressivliklə qarşılayan komsomol katibinə o vaxt dediklərimi indi sizə deməyəcəm, çünki öz milli heysiyatına az-çox cavabdehlik daşımağı bacaran hər kəsin o gün o komsomol katibinə deyə biləcəyi indinin adamlarının qulağında cəsarətdən-şücaətdən dəm vurmaq kimi səslənə bilər. Bircə onu deyəcəm ki, komsomol katibinin qapısını çırpıb çölə çıxanda məndəki nifrət və qəzəb, bəlkə, böyük bir ordu ilə döş-döşə durmağa və ona qalib gəlməyə bəs eləyərdi (fərqləndirmə bizimdir-A.A.)" (Ə.Əylisli. Əylisdən Əylisəcən, Bakı, "Çaşıoğlu", 2000, səh.146)

Elə o görüşdən sonra yazıçı təzəcə tanış olduğu "ədəbiyyat həvəskarı", erməni müəllim kimi yaxşı adamların olduğunu vurğulamaqla yanaşı, Stepanakerti "ilk görüşdə xalis şeytan yuvası təsiri bağışlayan" (səh.148) yer adlandıracaqdı, Şuşada gördüyü yuxusunda bir "Ağ at Cıdır düzünün tən ortasında" can verəcəkdi, qara-qara adamlar o atı parça-parça doğrayıb "bir bölük qarışqa sürüsü kimi,"..."xəlvət-xəlvət, xısın-xısın ora-bura daşıyacaqdılar" (Səh.150)

Hələ bu harasıdı?! Ondan təxminən 30 il sonra ATƏT-in sədri Knut Vollebekin təşəbbüsü ilə Norveçdə keçiriləcək "Etnik konfliktlərin həllində mədəniyyətin rolu" mövzusundakı tədbirdə məruzəyə hazırlaşarkən Əkrəm Əylisli Stepanakertdə böyüyəndən sonra gedib Yerevandakılara qoşulan və "xalqları bir-birinə düşmən eləyən şeytani qüvvələri"(səh.181) Norveçdə yenidən xatırlayacaqdı, ən başlıcası, ATƏT-in sədrinin evində qonaq olarkən, onun sülhsevər və bəxtəvər simasına baxdıqca düşünəcəkdi: "...Sərhədində nə zamandan bəri bir güllə də atılmayan, təvazökar və sülhsevər bir xalqın xarici işlər naziri bir bölük havalanmış ermənini (fərqləndirmə bizimdir-A.A.), görəsən, hansı yolla dinə-imana gətirə bilərdi?.."(səh.194)

Bədii həqiqətlə həyat həqiqətinin dərindən bağlılığını göstərən bu misal və dəlillərdən sonra, insaf ilə özünüz deyin, "Tülkü əhvalatı"nda öz oylağı saydığı Əylisin bu başından o başına, yazıçıya simsar ləhcədə desək, "şıppıdı" gedən o hikkəli bala tülkünün "Stepanakert əhvalatı"nda əl-qolunu ölçüb havalı-havalı Dağlıq Qarabağı öz dədə-baba yaylağı sayan gənc komsomol katibindən fərqi çoxdumu?! Yaxud o qudurmuş komsomol tərəfindən milli heysiyyatı təhqir olunduğundan cin atına minmiş, çılğın yazıçının bir orduya qalib gəlmək əzmindəki qəzəb və nifrəti havalı-ədalı özgə kilsəsinin başına qalxmaq istəyən o bala tülkünün hikkəsinə dözə bilmədən, onu güllələyən Cingöz Şabanın qan yaddaşından sellənib gələn nifrət və hiddətindən nə ilə fərqlənir?! Siz deyin, mən də eşidim!

Fərq bircə orasındadır ki, yazıçı o çırpdığı qapının atəş səsinə bənzər gurultusunu öz xəstə qəhrəmanı ilə müqayisədə tez unudur, çox tez unudur...
Amma Ədəbiyyat, onun bətnindəki bədii həqiqət nəinki unutmur, nəinki bağışlamır, hətta bu unutqanlıq üçün yazıçını cəzalandırır, əsərdəki böyük yalanlara görə, öz istedadına etdiyi xəyanətə görə ondan amansız intiqam alır. Bədii həqiqət sanki "Kür qırağının meşələri"ndəki dəli Qədir kimi susa-susa, yalanlara dözə-dözə, axırda birdən güllə kimi açılır, bütün niqabları yırtıb, "Böyük Ermənistan" düşkünlərinin və onların dəyirmanına su tökənlərin üzündə şillə kimi partlayır.

Əlbəttə, Əkrəm Əylislinin özü bu "Tülkü əhvalatı"nda əks edən bədii həqiqəti, yaxud ümumən məcazi-rəmzi çalarları bütövlükdə dana bilər. Çox ehtimal ki, belə də olacaq. Ancaq bu heç nəyi dəyişdirmir, necə ki, bir vaxtlar Turgenev əsərlərindən XIX əsr rus tənqidinin çıxardığı nəticələri böyük yazıçının özünün danması sonralar heç nəyi dəyişdirə bilmədi.
"Tülkü əhvalatı" haqqında hələlik bu qədər!..

Gəlin, indi də romandakı çoxsaylı anaxronizmlərdən yalnız bir neçəsini qısaca olaraq nəzərdən keçirək. Elə əsərdə dördüncü fəslin sərlövhəsinə çıxarılmış tarixi təhrifdən başlayaq:

"Doktor Abasəliyev təsdiq edir ki, əgər hər öldürülmüş erməni üçün cəmi bir şam yandırsaydılar, bu şamların şöləsi ayın işığından parlaq olardı"

Bu həddən artıq mübaliğəli fikrin tarixi həqiqətə nə dərəcədə xilaf olduğunu göstərmək üçün uzağa getmədən, 1985-ci ildə ABŞ-da, 2012-ci ildə Azərbaycanda nəşr olunan "Erməni soyqırımı":mif və gerçəklik (Elmi redaktoru Əli Həsənov, ön söz müəllifi Adil Əliyev, tərcümə edəni Əsəd Cahangir, Bakı, "Adiloğlu", 2012, 368 səh.) kitabının 246-cı səhifəsindəki faktlara diqqət yetirmək kifayətdir:

"...Artıq biz gerçək statistik mənbələrdən bilirik ki, 1912-1922-ci illərdəki müharibədə tez-tez iddia edildiyi kimi 1,5 yaxud 2 milyon deyil, 600 mindən bir az az Anadolu ermənisi tələf olub. Əlbəttə, 600 min də az rəqəm deyil.Ermənilər dəhşətli itkiyə məruz qalıblar. Ancaq ölən ermənilərlə yanaşı,ölən müsəlmanların da sayını nəzərə almaq lazımdır. Statistika göstərir ki, ermənilərlə bərabər, əksəriyyəti türklər olan 2,5 milyon müsəlman da həlak olub."

Ən başlıcası, bu fikirlər hər hansı türk və ya Azərbaycan aliminin deyil, bütün ömrünü sözügedən problemlərin tədqiqinə həsr etmiş, "Müsəlmanlar və azlıqlar:Türkiyə Anadolusunun əhalisi və imperiyanın sonu" (1983), "Osmanlı imperiyasında və müasir Türkiyədə (1912-1926) ermənilər"(1984), "Erməni terroru:Tarix bir zəhər və zəhərə qarşı zərdab kimi" (1984) və sair bu kimi kapital tədqiqatların müəllifi, məşhur Amerika tarixçisi və demoqrafı Kastin Makkartiyə mənsubdur.

Belə olduğu təqdirdə, tarixi həqiqətdən xəbərsiz yazıçının yuxarıdakı kimi aşkar mübaliğələrlə müşayiət olunan təhriflərinin hansı məqsədi güddüyünü demək çətindir, amma sülhə və ədalətə xidmət eləmədiyi dəqiqdir.

"Daş yuxular"ın daşnak məfkurəsi ilə gizlicə səsləşən və erməni millətçilərinin dəyirmanına su tökən yerlərindən biri də ayrıca etnik vahid sayılan "zok"larla bağlı məsələdir. Məlumdur ki, ermənilər (Bu və ya başqa digər yerlərdə qısalıq naminə "ermənilər" deyərkən, biz yalnız və yalnız erməni millətçiləri və separatçılarını nəzərdə tuturuq-Müəllif) çoxdan bəri yəhudilərlə tarixən yaxınlıqları və "qan qohumluq"larını sübut etməkdən yana gizli yollarla dəridən-qabıqdan çıxırlar. Dünya mədəniyyətini və elmini yaradan millətlərdən biri ilə müttəfiq olmaq, onların gücü və imkanlarından öz maraqları yolunda istifadə etmək və aləmdə hamıya məşhur "xislət"ləri ilə yəhudilərin yaratdıqlarının da bir qismini öz adlarına çıxmaq ermənilərin çoxdankı arzusudur.

Ancaq yəhudilər buna heç vaxt yol verməzlər, çünki yəhudilər ermənilərin, necə deyərlər, dabbaqda gönünə bələddirlər. Yəhudilər anlamaya bilməzlər ki, uydurma "erməni soyqırımı"nın bu və ya digər beynəlxalq güclər tərəfindən gündəmə gətirilməsi və dəstəklənməsi, hər şeydən əvvəl, yəhudi soyqırımına kölgə salmağa yönəldilmişdir, onu XX əsrin yeganə soyqırımı məqamından çıxarıb, sıradan birinə, hətta xronoloji cəhətdən ikincisinə çevirmək məqsədi güdür. Heç də təsadüfi deyil ki, indiyə qədər uydurma "erməni soyqırımı"na dəstək məhz yaxın və ya uzaq tarixdə yəhudilərlə bu və ya digər dərəcədə problemi olan dövlətlər (millətlər yox, məhz dövlətlər) tərəfindən göstərilmişdir.

Odur ki, romanda "zok"larla bağlı məsələdən gözlənilən məqsəd (istər doktor Abasəliyevin yozumlarında, istər müəllif qeydlərində) ermənilərin və onların əlaltılarının xam xəyalı olaraq qalacaqdır.

Əsərə guya tarixi mənbə kimi daxil edilmiş və Əylisdə ermənilərin kök salmasını bir neçə əsr qabağa çəkməyə hesablanmış "Zəkəriyyə Akulisskinin gündəliyi" nə (Ermənistan SSR Elmlər Akademiyası tərəfindən 1939-cu ildə Yerevanda "nəşr olunub") gəlsək, ermənilərin özləri haqda mifi Adolf Hitlerin dilindən səsləndirmələri qədər (Bax:"Erməni soyqırımı":mif və gerçəklik",səh.277-301), məşhur rus rəssamı Vasili Veraşaqinin 1871-1872-ci illərdə çəkdiyi, kəsilmiş başlardan ucalan minarəni əks etdirən "Müharibənin apefeozu" əsərini ondan hardasa 45 il sonrakı 1915-ci il hadisələrinin təsviri kimi təqdim etmələri qədər (Bax:"Erməni soyqırımı":mif və gerçəklik", səh.305-319) uydurma olan bu "gündəliy"in saxtalığı "Daş yuxular"da gətirilən misallardan sezildiyi kimi, özgə mənbələrdən də məlumdur. Amma bu başqa bir tədqiqatın mövzusudur.

Və nəhayət, "Drujba narodov" kimi bir jurnalın tükü tükdən seçən "yaradıcı" kollektivi "Daş yuxular"ın bu şəkildə dərcinin Sülhə və dostluğa heç bir halda xidmət etmədiyini sezməmiş deyildir. Belə olduğu təqdirdə, onu özünün yeni əlavəsi kimi "Vrajda narodov" rubrikası altında dərc etsəydi, daha niqabsız, daha səmimi görünərdi və özü bir tərəfə, Sülh naminə Dağlıq Qarabağ münaqişəsinin həllində bu qədər səylər göstərən həmsədr ölkələrdən biri kimi mənsub olduğu və xidmət elədiyi dövlətin səmimiyyətini də şübhə altında qoymamış olardı.

Nə isə... bu cür hiyləgər "gediş"ləri həzm etməyin ağırlığındanmı, ya Sartrın vasvası qəhrəmanı Antuanın yaşantılarının təsirindənmi, ya nədənsə təxminən ürək bulanmasına bənzər xoşagəlməz əzablı hisslər bu məqaləyə nöqtə qoymaq istədiyim anlarda da məni tərk etmir...
Bağla X