Nigar Köçərli narazı müəlliflərə görə ekspertləri toplayacaq



Milli Kitab Mükafatında açıq Apelyasiya Şurası keçiriləcək. Apelyasiya Şurasının keçirilməsində məqsəd əsərləri uzun siyahıya düşməyən bəzi müəlliflər nəticəyə etiraz etməsidir.

MKM təsisçisi Nigar Köçərli hesab edir ki, hər bir müəllifin etiraza haqqı var və onun apelyasiya hüququ təmin edilməlidir: "Hal-hazırda iki gənc müəllif nəticəyə etiraz edib: Fərid Hüseynli və Cavid Zeynallı. Onların etirazını normal qəbul edirəm. MKM-in əsas prinsipləri ədalətlilik və şəffaflıqdır. Bu baxımından ədalətli olmaqla şəffaf formada onların və ya digər nəticəyə etiraz edənlərin apelyasiyasına baxılacaq. Bu bazar günü Ekspertlər Şurası yenidən toplanacaq, apelyasiya şikayətlərinə baxılma tarixini müəyyən edəcəyik. Apelyasiya prosesi şəffaf olacaq, bir tərəfdən Ekspertlər Şurası, digər tərəfdən isə şikayət edən müəlliflər. Proses hər kəsin, o cümlədən jurnalistlərin üzünə açıqdır".

Bahar Rüstəmli
AzNews.az