21:40
(077) 610-22-33

Milli qüvvələri silahla təmin edən məşhur xanım kimdir?

  • >
338 6 Mart 2013 14:51 | Mədəniyyət

“Difai”nin gizli tarixi ilə bağlı film çəkilir

20-ci əsrin birinci onilliyində Azərbaycanın gizli tarixində rol oynamış, amma bizə məlum olmayan daha bir şəxsiyyət barədə sənədli filmin çəkilişlərinə başlanıb. Belə ki, ötən əsrin əvvəllərində milli oyanış hərəkatı heç də yalnız ictimai-siyasi fəaliyyətlə məhdudlaşmayıb. 1905-ci ildə erməni təşkilatları Çar Rusiyasının yüksək səviyyəli məmurları tərəfindən silahlandırılır və Qafqazdakı müsəlman əhalisinə qarşı qaldırılırdı. Bütün bunların qarşısında aciz qalmamaq üçün gizli "Difai" milli təşkilatının yaradıcıları silah-sursat əldə etmək üçün məxfi orqanlar təsis edirlər. Budəfəki ekran yozumunun özəlliyi yalnız yeni faktların ortaya çıxması ilə bağlı deyil. Həm də qəhrəmanı ilə bağlıdır. Bu yarıhərbi məxfi təşkilatın başında əslən Şuşadan olan, tanınmış ictimai xadim, fikir adamı Əhməd bəy Ağaoğlunun qohumu Sona xanım Səfərova durub. Bir neçə dil bilən, dövrünün bütün ictimai və kübar qaydalarını yüksək səviyyədə mənimsəyən gənc Sona həyatını təhlükəyə qoyaraq Rusiyanın müxtəlif şəhərlərində əlaqələr yaradaraq milli qüvvələri silah-sursatla təmin edir.

Müxtəlif şəhərlərdə yerləşən təşkilat üzvlərinə rəhbərlik edən Sona Səfərova bir neçə dəfə həbs edilsə də müxtəlif üsullarla təqiblərdən yayına bilir. Amma 1911-ci ildən sonra onun haqqında heç bir məlumata rast gəlinmir. Rusiya arxivlərində, xüsusi qrif altında saxlanılan sənədlərdə onun imperiya üçün ciddi təhlükəli şəxs olduğu, gizli siyasi fəaliyyətlə məşğul olduğu vurğulanır. Filmin əsas çəkilişləri Rusiyanın Kazan, Samara, Volqaqrad, Həştərxan şəhərlərində aparılıb. "İzmediya qroup" şirkəti tərəfindən istehsalına başlanan tarixi-sənədli film 28 may Respublika Gününə qədər hazır olacağı bildirilir.

Filmin prodüseri İdris Heydərli, rejissoru Seyran Bədəlov, operatoru Əli Sultanov, ssenari müəllifləri Esmira Məmmədova və Rasim İsmayılovdur.

Azər
AzNews.az


Bağla X