Şəhriyar Cəfərov: “Şiddətli töhmət verir, yenə ürəyi soyumur, hətta onları işdən çıxarmaqla hədələyir” Şəhriyar Cəfərov: “Şiddətli töhmət verir, yenə ürəyi soyumur, hətta onları işdən çıxarmaqla hədələyir”

“Direktorun düşüncəsinə görə, rəqqas onun “robotu”dur”

Şəhriyar Cəfərov: “Şiddətli töhmət verir, yenə ürəyi soyumur, hətta onları işdən çıxarmaqla hədələyir”



Beynəlxalq müsabiqələr laureatı, rəqqas Şəhriyar Cəfərovun AzNews.az-a müsahibəsi

- Bildiyimizə görə, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə "Facebook" sosial şəbəkəsində "Muğam aləmi" Beynəlxalq festivalını tənqid etdiklərinə görə bir qrup rəqs ifaçısını cəzalandırıb. Hətta bəzilərinə şiddətli töhmət verib. Sizcə, bu nə dərəcədə düzgündür?

- Bu rəqqaslara alçaldıcı münasibətdir. Vəssalam, buna başqa nə ad qoymaq olar? Murad Adıgözəlzadə təkcə filarmoniyanı deyil, hətta sosial şəbəkəni də mənimsəyib. O, sosial şəbəkədə azad fikir bildirən bir qrup rəqs ifaçısı ilə əlaqədar əmr imzalayıb, rəqqaslara şiddətli töhmət verib. Deyib ki, "siz nəyə görə, bu sosial şəbəkədə muğam festivalını tənqid edibsiniz? Axı siz kimsiniz"? Bundan başqa həm də bütün ansambl üzvlərindən izahat alınıb. Nədir ki, birdən çaşıb onlar da sosial şəbəkədə filarmoniyanın ünvanına hansısa fikir bildirər. Bu nə deməkdir? Artıq filarmoniyanın direktoru söz azadlığına qarşı çıxaraq, rəqqasların hüquqlarını pozur. Direktorun düşüncəsinə görə, rəqqas ümümuyyətlə, onun "robot"udur. Bunlar tənqiddən nəticə çıxarmaq əvəzinə insanların ağzını yumurlar. Özü də necə? Rəhbərlik etdiyi qurumun üzvlərinin ağzına əlinin dalı ilə bir şillə vururlar. Şiddətli töhmət verir, yenə ürəyi soyumur, hətta onları işdən çıxarmaqla hədələyir. Amma o, unudur ki, Filarmoniya Murad Adgözəlzadənin deyil, dövlətin müəsssisəsidir. Tamaşaçı səhnədə rəqqasa görə bilet alır, direktorun kabinetdə oturub verdiyi məsuliyyətsiz qərarlara görə yox.

- Azərbaycanda bütün yaradıcı sənət növlərinin birliyi var. Olmaz ki, rəqs sənəti də ayrıca bir qurumda birləşsin?

- Bütün yaradıcı insanların birləşdiyi qurumlar var. Amma xoreqrafiya sənətinin nə ağsaqalı, nə ağbircəyi, nə də bir cəmiyyəti var. Bilsən ki, o cəmiyyətin başında bir sənətdən başı çıxan oturub, yenə gedib dərdini deyərsən. Reallıq odur ki, bu yoxdur. Həmkarlar İttifaqı var ki, bu qurum da işçinin, əzilənin tərəfində deyil, Murad Adıgözəlzadənin müdafiəçisi kimi çıxış edir. Belə bir cəmiyyət olsa peşəkar rəqqasların haqqı qorunar. Bu gün rəqs sənətinə biganə yanaşırlar. Mən cəmiyyətin üzvü olsam tələb edəcəm ki, rəqs festivalı keçirilsin. Necə olur, Rastropovic adına musiqi festivalı, Bülbül adına musiqi festivalı, caz, muğam festivalı keçirilir, amma rəqs frstivalı yox. Niyə? Çünki rəqs sənətinə diqqət yoxdur. Olmaz ki, Əlibaba Abdullayev adına folklor festivalı, yaxud da Qəmər Almaszadə adına klasik balet müsabiqəsi keçirilsin? Xarici ölkələrə Mədəniyyət günlərinə gedirlər. Nə aparırlar? İki-üç səviyyəsiz rəqs, vəssalam. Guya bizim rəqs sənətimizi təbliğ edirlər. Azərbaycan milli mentalitetini, folklorunu təmsil edən fəaliyyət növlərindən biri də rəqs sənətidir. Bizim çox istedadlı rəqqaslarımız var. Halbuki onların heç birini yada salan yoxdur. Xanlar Bəşirov, Zülfiyyə İbrahimova, Qorxmaz Qurbanov kimi rəqqaslarımız Mahnı və Rəqs Ansambılında canını qoyub. Heç birinin də fəxri adı yoxdur. Zülfiyyə İbrahimova bu gün bir nömrəli rəqqasədir. Əvvəllər qanun-qayda vardı. Bir rəqqasə 20 il işləyirdisə 40 yaşında pensiyaya çıxırdı. İndi necədir? 40 il can qoyursan, deyirlər daha bizə, dövlətə lazım deyilsən.

- Mahnı və Rəqs Ansamblı Dövlət Rəqs Ansamblından əvvəl, özü də Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaranıb. Amma belə bir ansambla qayğı-diqqət yoxdur. Sizcə bu ögey münasibətin kökündə nə dayanır?

- Həm Mahnı və Rəqs, həm də Dövlət Rəqs Ansamblı bir müəssisənin-Dövlət Filarmoniyasının balansındadır. Direktor da Murad Adgözəlzadədir. Gəlin baxaq, Mahnı və Rəqs Ansamblı və Dövlət Rəqs Ansamblına kənardan olan münasibətə. Mahnı və Rəqs Ansamblı 1935-ci ildə Üzeyir bəy tərəfindən yaranıb. Bu ansamblın üzvləri 150 manat maaş alır.
Dövlət Rəqs Ansamblı isə 1971-ci ildə yaranıb. Orada isə 400-500 manat maaş alırlar. Fərqlilik də bundan yaranıb. 1970-ci ildə yaranan ansambla bü gün daha çox diqqət var, nəinki Üzeyir bəyin yaradığı ansambla. Baxmayaraq ki, Mahnı və Rəqs Ansamblı Azərbaycan folklorunu qoruyan bir qurumdur. Əmr verirsinizsə, bu əmri hər iki ansambla da şamil edin də. Əslində ilk olaraq, Mahnı və Rəqs Ansamblının maaşı artmalı idi. Necə olur Opera və Balet Teatrının artistləri, kapella xoru, simfonik orkestr yüksək maas alır, amma Mahnı və Rəqs Ansamblı yox. Niyə? Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikovadır. O dövrdə Mədəniyyət və Turizm Naziri Polad Büllbüloğlu və nazir müavini Ədalət Vəliyev Afaq xanımıla çox yaxın idilər. Elə o yaxınlığın, münasibətin nəticəsində də Mahnı və Rəqs Ansamblı qayğıdan kənarda qalıb.

Bahar Rüstəmli
AzNews.az