- Köhnə - Mədəniyyət
- 10 Avqust 2018 11:02
- 4 884
Sənətin ayna üzü - Fərid Hüseyn
AzNews.az Artkaspi.az-a istinadən Fərid Hüseynin Oskar Uayldın "Dorian Qreyin porteti” romanı barədə esesini təqdim edir:
Bəzi kitabları mütaliə etdiyin günləri, hissləri xatırlayarkən böyük həzz alırsan. Hərçənd bu dünyabaxışıyla bir ömür "silahlanmaq” da düzgün deyil, amma kitabların oxunduğu günlərin unudulmaz xatirəsi də danılmazdır. Mənim üçün Oskar Uayldın "Dorian Qreyin portreti” də belədir. Əsəri dilimizə Kamran Nəzirli çevirib.
Süjet:
Çoxqatlı ideyalar:
Öz həyatının tamaşaçısı olmaq dözülməzdir, bu, bəzən bizi səhnədən və tamaşaçı zalından eyni anda çıxmağa tələsdirir.
Dünya, gözəlliyi əbədi olanla, gözəlliyi ötərinin döyüş meydanıdır.
Pis əməllərə qol qoyduqca daxili dünyamız - içimizin portreti çirkinləşir.
Zahiri gözəlliyini itirməkdən qorxan insan, mənəvi eybəcərliklə məhv olur.
İnsan mənəvi gözəlliyini dərk edəndə hər şeyi sevir, insani çirkinliyini anlayanda bütün gözəllikləri məhv etmək istəyir.
Başqalarından fərqlənməyin bədəlini mütləq ödəməlisən, güc kimi tanıyandan sonra cəmiyyət səndən vəhşiləşməyi tələb edir.
Əsl sənət əsəri mütləq kiməsə bəla gətirir.
Qorxu bəlanı qaçılmaz edir.
Məhəbbətsizlik, sevgisizlik insanın özünü özünə təqib etdirir və haradasa qatilə çevirir.
Hedonizmə meyl edən insan bütün həyat fəlsəfəsini inkar edir və intiharı insana sevdirir:
"Özünəvurğunluq özünə məhvə aparır”.
İnsan dəyişir və sonra öz itirdiyi keçmişinin xiffəti ilə yaşayır.
Canını bəladan qorumaq istəyən Dorian sonda özü cəzasını almaq istəyir və bu qərara gəlir: "Daha yaxşı olardı ki, həyatda etdiyi hər bir günahına görə o, dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə var! Əslində "Günahlarımıza görə bizi bağışla” deməzlər, "Cinayətlərimizə görə bizi cəzalandır” deyərlər. Bəli, ədalətli Allahdan bunu diləmək lazımdır”.
İzmlər
Keçidlər
Əsərdə uğurlu keçidlər var. Dialoqlar vasitəsi ilə üç ayrı dünyagörüşünün (Bazel, Lord Henri, Dorian Qrey) ziddiyyətlərinin üzə çıxarılması, sənət söhbətləri ilə "səyahət”, xarakterlərin açılması üçün Dorian Qreyin, Sibil Veyni sevməsi və onun ölümünə bais olması...
Oxucuya elə görünə bilər ki, hadisələr A-dan Z-yə doğru gedir, əslində isə belə deyil, bir neçə yerdə qırılma nöqtələri, xatırlamalarla ayrı-ayrı məqamların, situasiyaların əsas hadisəyə çevrilməsi, klassik əsərlərə və dövrə göndərmələr və s.
Əsərdə bədii simvol SƏNƏTdir, o əsərin içində "gəzinir”.
Dorian Qrey öz portretinə, rəssamlıq sənətinə vurulur, həmin əsər, onun həyatına ayna olur və sonda onu – sənəti – məhv etmək amalıyla özünü məhv edir.
Rəssam Bazil sənət əsəri yaradır və yaratdığının sirri batsın deyə öldürülür. Öz sənətinin qurbanına çevrilir.
Dorian aktrisa Sibil Veyni səhnədə istedadlı roluna görə sevir. Onun tamaşasına gələndə Sibil sevgilisini zalda görür deyə özünü itirib oynaya bilmir ("insanı sevəndə sənətin, sənəti sevəndə insanın məşuqəsi olursan”) və Dorian belə bir istedadsızı sevdiyinə görə ondan üz döndərir, Sibil Veyn intihar edir. Nəticədə Sibil Veyn də sənətin qurbanı olur.