Hər küncündə bir tarix yatan doğma vətəni qarış-qarış gəzmək, onun təbiətinə, tarixinə, maddi-mədəni sərvətinə bələd olmaq insanda bir qürur, fərqli bir özgüvən yaradır. Hələ getdiyin hər yerdə sənin tarixinlə maraqlanan əcnəbi turistləri görmək içini fərəhlə doldurur. Hər küncündə bir tarix yatan doğma vətəni qarış-qarış gəzmək, onun təbiətinə, tarixinə, maddi-mədəni sərvətinə bələd olmaq insanda bir qürur, fərqli bir özgüvən yaradır. Hələ getdiyin hər yerdə sənin tarixinlə maraqlanan əcnəbi turistləri görmək içini fərəhlə doldurur.

Misilsiz mədəniyyət xəzinəsi: Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi

Hər küncündə bir tarix yatan doğma vətəni qarış-qarış gəzmək, onun təbiətinə, tarixinə, maddi-mədəni sərvətinə bələd olmaq insanda bir qürur, fərqli bir özgüvən yaradır. Hələ getdiyin hər yerdə sənin tarixinlə maraqlanan əcnəbi turistləri görmək içini fərəhlə doldurur.

İlin bütün fəsillərində imkan olduqca gəzmək gözəldir. Ancaq bunun üçün ən böyük fürsət təbii ki, yay tətilində ələ düşür. "Həm ziyarət, həm ticarət" - deyib bizdən öncəkilər. Biz də onların bu tövsiyəsinə ən yaxşı şəkildə əməl etməyə qərar verib getdiyimiz hər yerdə həm istirahət edir, həm də həmin yerin tarixi abidələri, keçmişini əks etdirən maddi-mədəni sərvəti, əhalisinin məşğuliyyəti ilə maraqlanırıq. Elə bu yaxınlarda yolumuzu saldığımız cənub torpaqlarımız kimi...

Xəzərin tumar çəkdiyi Lənkəran torpağı

Qədim tarixə malik Azərbaycanımızın elə özü qədər qədim şəhərlərindən biri də Lənkərandır. Hələ Lənkərana getməzdən öncə virtual ensiklopediya hesab olunan vikipediyaya gözucu nəzər salıb şəhər haqqında öyrənirik ki, Lənkəran inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd var. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 kilometrdir.

Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirib.

XVIII əsrdə yaradılan Talış xanlığının paytaxtı Qara xanın hakimiyyəti dövründə Astaradan Lənkərana köçürüldükdən sonra şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynayıb.

Lənkərandan danışarkən ilk ağla gələn təkcə bir tərəfdə Xəzərin saflığını, o biri tərəfdə Talış dağlarının əzəmətini özündə birləşdirən cənub incisi, təkcə ölkəmizdə deyil, bütün dünyada məşhur olan çay, minbir dərdin dərmanı sapsarı limon, dadından doyulmayan ləvəngi, göyləri yerə həsrət qoyan sıx Hirkan meşəsi, sərin, saf suları ilə adama kiçik cənnət həzzi yaşadan bulaqları deyil. Bu qədim şəhər həm də özünün şanlı keçmişi, səfalı təbiəti, bol neməti və gülərüz, mehriban əhalisi ilə məşhurdur. Lənkəranı gəzməyə gəlib tarixinə biganə yanaşmaq olmazdı. Lənkəranı kimdən xəbər alsaq, ilk eşitdiyimiz böyük samovar, mayaq, dairəvi zindan və əlbəttə ki, Xan evi oldu.

"Çay həmişə bəzəkdi süfrəyə"

Çay ölkəmizdə qonaqpərvərliyin ilk göstəricisidir. Qapımıza bir neçə dəqiqəlik də olsa gələn qonağı ən azından çaysız yola salmarıq. Lənkəran çayı isə nəinki ölkəmizdə və qonşu ərazilərdə, eləcə də bütün dünyada özünün xüsusi dadı, rəngi, ləzzəti ilə məşhurdur. Təbii ki, çaya xüsusi dad verənlərdən biri də samovardır. Elə şəhərin girəcəyində qonaqları ilk salamlayan böyük samovar və armudu stəkan heykəli də Lənkəran çayının məşhurluğunun simvolu kimi yaradılıb.

Bizi qarşılayan bələdçilərdən aldığımız məlumata görə, hündürlüyü 3.5 metr olan tunc abidə 1978-79-cu illərdə yaradılıb. Lənkəranın əzəli çay şöhrəti ilə adı bir çəkilən bu abidə həm şəhər əhalisinin qonaqpərvərliyini, həm də şəhərin kənd təsərrüfatının xarakterik məhsulunun təqdimatı kimi mühüm səciyyə daşıyır. İlk yaradılanda samovar əvvəllər şəhərin giriş qapısı olan indiki Bayraq meydanı ərazisində yerləşdirilib. Sonralar isə Xalq sənətkarlığı şəhərciyi yaradılır və 2008-ci ildə samovar həmin şəhərciyə, yəni indi olduğu əraziyə köçürülür. Bu köçürülmədən sonra isə samovara qarşısındakı armudu stəkanda çay və üstündəki çaynik maketləri də əlavə olunur. Şəhərə xüsusi gözəllik verən bu mədəniyyət nümunəsinin layihəsi o dövrdə şəhərin baş memarı olmuş Maarifə Əhmədovaya məxsusdur.

İllər keçdikcə bu abidənin nə qədər doğru bir layihə olduğu bir daha öz təsdiqini tapır. Çünki istər oradakı tədqiqatçıların, istər tarixçilərin, istərsə də sıravi şəhər əhalisinin dediklərinə görə, ölkəmizin tarixi, keçmişi, mədəniyyəti ilə yaxından maraqlanan əcnəbi turistlərin ən çox maraq göstərdikləri abidələrdən biri də məhz bu samovardır. Onlar təkcə bu abidəylə şəkil çəkdirməklə kifayətlənmir, onun yaradılma səbəbi ilə də tanış olurlar. Beləcə Lənkəranın fonunda ölkəmizin təsərrüfatı, əhalisinin müəyyən qisminin məşğuliyyəti, yemək mədəniyyəti ilə də tanış olurlar.

Lənkəran çayçılığının və qonaqsevərliyinin rəmzinə çevrilmiş bu maddi-mədəniyyət nümunəsi ölkəmizdə ən qədim dövrlərdən çaya böyük önəm verildiyinin də bir simvolu hesab edilə bilər. Belə ki, ölkəmizdə yaşı 3700 il olan ilk samovar Şəki ərazisindən tapılıb. Bu samovar dünyadakı ən qədim samovar hesab olunan Misir samovarından da qədimdir. Çünki Misir samovarının yaşı 2000 ildir.

İlk çoxmərtəbəli bina

Böyük samovardan ayrılıb şəhərin içərilərinə doğru hərəkət edirik. Eşitdiklərimizdən sonra olduğumuz ərazinin tarixi bizi daha da çox maraqlandırır.

Bir ərazinin tarixi, mədəniyyəti, əhalisinin məşğuliyyəti haqqında məlumat əldə etməyin ən gözəl və əlverişli üsulu isə onun tarix-diyarşünaslıq muzeyi ilə tanış olmaqdır. Buna görə də Mirzə Ağəli Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkməmək ən azından bizim üçün böyük itki ola bilərdi.

İlk və son dəfə xan evini Şəkidə Xan sarayında görmüşdüm. Amma Lənkərandakı Xan evi ondan çox fərqlənir. Belə ki, onun tarixi daha müasir olmaqla yanaşı, istifadə şəkli də fərqlidir. Çünki haqqında danışdığımız Lənkəran Xan Sarayı ötən əsrin sonlarında ilk dəfə Lənkəran Tarix-Diyarşünaslıq muzeyi kimi yeni ekspozisiyada açılmış, xalqa təqdim edilmişdir. Xalq isə bugünkü günə qədər bu binanı Xan evi kimi tanıyır, tanıdır.

Bir neçə saatlıq Lənkəran gəzintimizə ilk olaraq Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi ilə başladıq. Muzeydə diqqətimizi ilk çəkən, təbii ki, hələ ta uzaqdan üzümüzə "gülümsəyən", sanki bütün əzəmətilə, vüqarıyla "mən burdayam" deyən o möhtəşəm bina oldu.

Sonradan bələdçilərin sayəsində öyrənəcəkdik ki, bura Lənkəranın ilk çoxmərtəbəli binası olub. Üçüncü mərtəbədən baxanda dəniz tam görünürmüş. O vaxtlar mühafizəçilər üst mərtəbədəki şüşəli eyvandan ətrafı daim nəzarətdə saxlayırmışlar. Lənkərandakı yeni hündürmərtəbəli yaşayış binalarını nəzərə almasaq, hələ də bu sarayı ötüb keçən bir ev yoxdur, deyə bilərik.

Binanın xarici görünüşünə heyran qalsaq da, bu gözəlliyin içi daha maraqlı gəldiyindən tələsik içəri keçdik. Elə muzeyin görünüşü qədər bizi məmnun edən ikinci səbəb muzey işçilərinin gələn qonaqlara qarşı səmimi, xoş münasibəti oldu. Orada olduğumuz müddətdə muzey və onun ayrı-ayrı şöbələri haqqında məlumatları elmi işçilər Səadət Abdullayeva və Rəvanə Sadıqovadan aldıq.

Tarixə səyahət

Xan evi kimi tanınan bu saray Mirmustafa xandan sonra hakimiyyətə gələn Mirhəsən xanın tək övladı Mirəhməd xanın öz sevimli həyat yoldaşı Tuğra xanımın (həm də əmisi qızı olub, yəni o da xan nəslindəndir) şərəfinə inşa etdirdiyi binadır. Belə ki, 1912-ci ildə Tiflis şəhərində, kübar cəmiyyətə məxsus toplum içərisində Qafqaz gözəli müsabiqəsi keçirilir, bu müsabiqədə Mirəhməd xanın həyat yoldaşı gözəl Tuğra xanım birinci yeri qazanaraq qalib olur. Elə müsabiqədəki qalibiyyətindən sonra da həyat yoldaşından Lənkəranın ən gözəl yerində özü üçün dünyanın heç bir yerində bənzəri olmayan bir saray hədiyyə istəyir.

Bu istəyin qarşılığında hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bu möhtəşəm tarixi abidə 1913-cü ildə xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən Lənkəran xan sarayı olaraq inşa edilib.

Xan nəslindən olmağına baxmayaraq, Mirəhməd xan, demək olar ki, xanlıq edə bilmədi. Çünki onun hakimiyyətə gəldiyi dövr Azərbaycanda xanlıqların ləğv olunduğu zamana düşdü. Vaxtilə isə altı nahiyədən ibarət olan, indi isə Cənub zonası adlanan ərazi Çar Rusiyasının əyalətinə çevrildi. Astara və Lənkəran ərazisi isə Mirəhməd xanın özünəməxsus olan şəxsi məkanı idi.

Mirəhməd xan 1916-cı ildə Fransada xəstəlikdən vəfat etsə də, Tuğra xanım 60-cı illərə qədər yaşayıb. Hər ikisinin məzarı hal-hazırda Lənkəran qəbiristanlığındadır.

Xan evinin quruluşu

Haqqında söz açdığımız Xan evinin inşasında istifadə olunan bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilib. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi.

Bu cür sarayları özünəməxsus edən cəhətlərdən biri də daxildən şəhər ətrafına çıxan gizli yeraltı yollarının olmağıdır. Bu yollar mümkün ola biləcək xalq üsyanları zamanı saray sahibinin və onun ailə üzvlərinin qaçıb salamat qala bilməsi üçün nəzərdə tutulurdu. Mirəhməd xanın evindən də indi mayak kimi tanıdığımız yerə qədər yeraltı yol hazırlanıbmış, muzey fəaliyyətə başlayanda həmin yol aşkarlanaraq, muzey tərəfdən qapadılsa da, mayakda hələ də görmək olur. Amma demək lazımdır ki, Mirəhməd xanın əleyhinə heç bir xalq üsyanı olmayıb.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 3 mərtəbədən, 12 otaqdan ibarətdir. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6500 çox eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Başqa sözlə, bölmələr belə adlanır: daş abidələr, Lənkəran xanlıqlar dövründə, Lənkəranın mədəniyyəti, Lənkəranın arxeoloji tapıntıları, Lənkəranda elm və təhsilin inkişafı.

Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılıb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir.

Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılıb və 2015-ci ilin aprel ayında başa çatdırılıb. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeydə yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Şüşə divarlar arxasından boylanan keçmiş

Qədim dövr şöbəsində şəhərin ən qədim zamanlarda yaşayış məskəni kimi fəaliyyəti, əhalisinin məşğuliyyəti, əlverişli təbiəti haqqında müxtəlif məlumatlar əldə etdim. Deyilənə görə, əhali ta qədim zamanlarda dağlarda və dağətəyi ərazilərdə yaşayırmış. Sonralar yerlərini dəyişib dağlardan arana doğru enməyə başlamışlar. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyindən əhali əsasən balıqçılıqla məşğul olmuşdur. Dulusçuluq, toxuculuq da əhalinin daha çox məşğul olduğu peşələrdən olmuşdur.

Muzeydə yer alan eksponatların böyük əksəriyyəti ən qədim dövr və 16-18-ci əsrləri əhatə edir. Qədim dövrə aid ovçuluq, məişət alətləri, silahlar, qadınların zinət əşyaları, 16-18-ci əsrlərdə sənətkarlar tərəfindən hazırlanmış dulusçuluq məmulatları və sair eksponatlara nümunələrdir.

Muzeyin ən qədim eksponatları Neolit dövründən qalma sümükdən bıçaqlar, daş çapacaqlardır.

Burada ən çox diqqətimizi çəkən isə 16-17-ci əsrlərdə məişətdə sıx istifadə olunan "cəbənd-asmalıq" adlanan qab oldu. Quruluşuna görə dərin kasanı xatırladan bu qab hər iki tərəfinə bərkidilmiş ip vasitəsilə hündür bir yerdən asılaraq bir növ indiki soyuducuları əvəz edirmiş, soyuq qalması lazım olan ərzaqlar bu qabda saxlanılırmış.

Muzeyin başqa bir şöbəsində 1747-1768-ci illərdə Lənkəranın mühafizəsi üçün tikilmiş mühafizə qalalarının maketləri, həmin dövrlərə aid döyüşçülərin döyüş paltarları və silah-sursatları qorunub saxlanır.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ən maraqlı şöbələrindən biri də Xanlıq şöbəsidir. Bu şöbədə Mirəhməd xan və həyat yoldaşı Tuğra xanıma, eləcə də xanlığın digər nümayəndələrinə aid şəxsi əşyalar mühafizə olunur. Tuğra xanımın gəlin gələrkən özü ilə cehiz gətirdiyi altı güzgüdən üçü muzeyin bu bölməsindədir.

Muzeyin başqa bir şöbəsində Lənkəran şəhərinin İkinci Dünya Müharibəsi iştirakçılarının, tanınmış qadınlarının, repressiya qurbanlarının və qabaqcıl elm və mədəniyyət, təhsil işçilərinin şəkilləri, orden və medalları saxlanılır.

Elm və mədəniyyət şöbəsində bizə verilən məlumatlarda deyilirdi ki, Lənkəranda ilk məktəb olan Behcət məktəbini Məryəm xanım Əlibəyova açıb. Bu, həmin xanımın tək xidməti deyil. Belə ki, Lənkəranda 1906-cı ildə açılmış Unas qızlar məktəbi də məhz Məryəm xanımın adı ilə bağlıdır. Həyat yoldaşı həkim olan Məryəm xanım ailəsi ilə birgə uzun müddət təqiblərə məruz qalmış və repressiyaya uğramışdır. Lakin ölümdən dönməyi bacarmışdır.

Lənkəranda ilk muzeyi isə Mirzə Ağəli Əliyev öz evində açmışdır. Haqqında danışdığımız muzey də məhz buna görə Mirzə Ağəli Əliyevin adını daşıyır.

Ümumilli lider Heydər Əliyev 1991-ci ildə Lənkəranda olarkən Tarix muzeyini də gəzmiş və muzeylə bağlı təəssüratlarını yazmışdır. Əlyazması indi də muzeydə saxlanılır.

Muzeydə diqqətimizi çəkən bir başqa cəhət isə hər şöbələrdə nümayiş olunan dövrlər və ya hadisələrin müxtəlif rəsm əsərlərində təsvir edilməsidir. Bu rəsm əsərləri B.Əliyev, Ə.Mirzəyev, Y.Hüseynov, B.Maratlı, D.Kazımov, M.Abdullayev və bu kimi görkəmli rəssamlar tərəfindən çəkilmişdir.

İtkin tarix

Tarixin ən ağrılı məqamlarından biri mövcud işğallar zamanı tarixi abidələrin, köhnə hökumətə aid materialların, varidatın, xalqın mədəniyyət nümunələrinin talan edilməsi, işğalçılar tərəfindən məhv edilməsidir. Sovet hakimiyyəti qurularkən ilk işi varlıları hədəf almaq oldu. Əlbəttə, xanların, bəylərin ailələri və var-dövlətləri siyahının başında gəlirdi. İşğalçı hakimiyyət "bərabərlik" adı ilə sadə xalqı varlı təbəqəyə qarşı qızışdırır, onlara nifrət yaradırdı. Xüsusi öyrədilmiş insanlar əhali arasında təbliğat aparır, onları talana sövq edirdilər. Bu, həm də həmin xalqın tarixini, keçmişini məhv etmək demək idi. Çünki bu talanlar nəticəsində neçə-neçə maddi mənəvi dəyəri olan nümunələr yox edilmişdi.

Bu işğalçı siyasət XX əsrin əvvəllərində Lənkəran xanlığı və onun başçısı Mirəhməd Xanın ailəsindən də yan ötmədi.

Mirəhməd xanın Fransada vəfat etdiyi il - 1916-cı il demək olar ki, ən çətin, ən ağır illərdən biri idi. Həmin illərdə saray talan olunmuş, qiymətli, qiymətsiz hər şey saraydan daşınmışdı. Ən çətin aparıla bilən əşyalar arasında bəlkə on beş adamın birgə götürməyə gücü çatmayacaq daş Venesiya güzgüləri vardı ki, Tuğra xanımın cehizi idi, onları da aparmışdılar. Yuxarıda xanlıq şöbəsi haqqında danışarkən qeyd etdiyimiz kimi, altı güzgüdən cəmi üçü indi muzeydə qorunur. Onlar da sonradan əldə olunanlardır. Daha doğrusu, bu altı güzgüdən cəmi biri sarayda qalmışdı. Digər ikisini isə 1991-ci ildə hökumət sağlamlıq mərkəzinin və köhnə uşaq poliklinikasının girişlərindən götürüb Xan evinə qaytardı. Qalan üç güzgüdən isə indiyə qədər də xəbər-ətər yoxdur.

Son sözləri yazarkən...

Cəmi bir saat, bəlkə də bir az da artıq zaman müddətində çıxdığımız bir əsrlik səyahətdən muzeyin son otağında geri qayıdırıq. Burada bələdçilərimiz öz işlərini yekunlaşdırıb mehribanlıqla üzümüzə baxırlar. Biz isə hələ də gözlərimizlə sarayın hər küncünü, bucağını gəzir, haqqında öyrənmədiyimiz bircə, lap balaca bir nəsnə axtarırıq. Amma deyəsən, axı, hər şey haqqında danışmışıq.

Bələdçilərimiz buraya gələn yerli və xarici turistlərdən danışırlar. İlin demək olar ki, bütün zamanlarında muzeyə olan maraqdan fərəhlə söz açırlar. Elə onlar kimi bizim də ürəyimiz fərəhlə dolur. Deməli, insanımız hələ də öz tarixinə, keçmişinə biganə deyil.

Hamı qapının ağzında məni gözlədiyi vaxt mən bir daha dəhlizdən otaqlara boylanıram. Bax, burada sanki əl çapacaqları üzümə gülümsəyir, orada döyüşçü dəbilqəsi "yenə gəl" deyir, lap küncdəki o yüz illik qazan "məni unutma" deyə pıçıldayır, Tuğra xanımın güzgüləri itkin "güzgü həmdəmlərinin" yoxluğunun verdiyi hüznlə bizim gözlərimizdə tamlıq axtarırlar. Bütün eksponatlara "yenidən görüşənədək" deyib çıxarkən bələdçi xanım xatirə dəftəri olduğunu, istərsəm ürək sözlərimi yaza biləcəyimi deyir. Sevinirəm. Tələsik dəhlizin sonundakı kiçik otağa gedirik. Qarşımdakı böyük, qırmızı dəftərin mənimçün ayırdıqları hissəsində ürək sözlərimi bir neçə cümlə ilə yazır və muzeyin işlərində uğurlar diləyirəm. Elə qələmimi ordaca dayandırıb çıxıram, Bakıya çatan kimi daha geniş, daha əhatəli reportaj yazacağım planı ilə...

Muzeydən çıxarkən yenidən nəzər salıram bu əzəmətli binaya. Hələ bir saat öncə haqqında heç nə bilmədiyim, sadəcə tarixin müəyyən səhifəsinin axtarışı üçün girdiyim binadan indi dopdolu məlumatlar və fərəh hissi ilə çıxıram.

Muzeylə üzbəüz çay bağçasında oturub dadlı, ətirli, dünyanın heç bir yerində ləzzəti ilə müqayisə olunacaq ləzzət tapmayacağımız Lənkəran çayını dadarkən gözlərim qarşısında ucalan binaya baxıb bir daha düşünürəm: Tarix, mədəniyyət bir xalqın ən böyük zinəti, sərvətidir. Bu mənada Lənkəran və onun əhalisi çox zəngindir!

Şəhanə Müşfiq/525.az/