Bu gün mərhum yazar Mövlud Mövludun doğum günüdür. Bu gün mərhum yazar Mövlud Mövludun doğum günüdür.

“Mövlud o gün çox sevinmişdi” - Dilqəm Əhməd

Bu gün mərhum yazar Mövlud Mövludun doğum günüdür.

Mövlud Abdullayev 1989-cu ildə anadan olub. Bakı Slavyan Universitetinin pedaqoji fakültəsində təhsil alıb. Yeniyetməlikdən ədəbi mühitin içində olub. "Azadlıq", "525-ci qəzet", "Aydın yol", "Gündəlik Teleqraf" kimi qəzetlərdə müəllif yazıları ilə çıxış edib. Bir neçə dəfə müsabiqələrdə yer tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, 2015-ci ildə ordan istefa verib. Maraqlı yazıları ilə diqqəti çəkib. 2017-ci ilin martında intihar etmiş yazar ömrünün sonlarında Teleqraf.com saytında redaktor kimi fəaliyyət göstərib. Həmin dövrdə Mövlud Mövludla eyni redaksiyada çalışmış araşdırmaçı-yazar Dilqəm Əhməd xatirələrini AzNews.az-la bölüşüb:

“İş yoldaşlığı insanın atasından, anasından, bacısından, qardaşından, sevgilisindən, hətta sevimli həyat yoldaşından belə daha çox vaxt keçirdiyin insanları ehtiva edir. Günün ən azı 8 saatını bir yerdə keçirmək bir insanı tanımaq üçün yetərli münasibətdir. Mən Mövludla iş yoldaşlığı etməmişdən qabaq onun haqqında kənardan eşitdiyim sözlərə inanırdım. Deyirdilər ki, Mövlud qeyri-ciddi adamdır, bir yerdə qərar tuta bilmir, güvənilməz və s. Allah insanı pis “dostlar”dan qorusun. Mən Mövludla iş yoldaşlığı edən dövrdə gördüm ki, bu insan peşəkar yazıçı ola bilər, ən güclü köşə yazarlardan birinə çevrilə bilər. Bunun üçün ona sadəcə imkan yaratmaq lazım imiş. “Gündəlik Teleqraf” qəzetində ona bu imkan yaradıldı. Mövludla mənim gündəlik yazmaq öhdəliyimiz vardı. Düzü, mənim üçün çətin idi. Hər gün ictimai-siyasi bir yazı yazmaq, münasibət bildirmək asan deyildi. Çünki Azərbaycanda həftələrlə gündəm boz olurdu. Amma humanitar şöbəyə baxan Mövlud üçün hər gün teatr, kino, ədəbiyyat, musiqi sahəsində bol mövzular vardı və o, həvəslə həm redaktorluq edir, həm də gündəlik yazılarını yazırdı. Yadımdadır, 13 gənc yazıçının ortaq bir kitabı çıxmışdı. Mövludun hekayəsi vardı. O gün çox sevinmişdi. Ardınca səhv etmirəmsə, “Qara bayram” adlanan həmin hekayəsi Rusiyada bir jurnalda çıxmışdı. Mən bu faktdan necə qürurlandığını hələ də xatırlayıram. Bu baxımdan Mövlud artıq kitab çıxarmaq, yeni bir mərhələyə qədəm qoymaq arzusunda idi. Yeri gəlmişkən, Mövludun, bəlkə də, yeganə imzalı kitabı həmin ortaq kitab idi. Qəribədir, kitab toplamaqda özümü rəqibsiz görən biri kimi o kitab mənim kitabxanamdan yoxa çıxıb. Görünür, ya kiməsə oxumağa vermişəm, ya da ki başqa kitabların arasına qarışıb gedib. Mövludun ölümündən sonra kitabı çıxdı. Təzəlikdə bir dostum onu mənə hədiyyə etdi. Amma hələ də ürək edib oxumamışam. Kitabın arxasındakı fotonu görüb kədərlənirəm və növbəti dəfələrə saxlayıram. Mövlud aramızdan ayrılanda İstanbulda idim. Qürbətdə tək yaşayarkən belə xəbər almaq iki qat üzüntülü olur. Həyat anidən gözündə mənasızlaşır, hədəflərin parıltısını itirir. Təəssüf, həm də çox təəssüf. Azərbaycan dəyərli bir yazıçısını, qəzetçisini itirdi. Əminəm ki, Mövlud ciddi bir yazıçı olacaqdı. Tanrıya inanan biri kimi, axı niyə belə olmalı idi, sualına cavab tapa bilmirəm”.

Nigar
AzNews.az