Yarat Müasir İncəsənət Məkanı "Artxronika" adlı yeni maarifçilik layihəsinə start verir. Yarat Müasir İncəsənət Məkanı "Artxronika" adlı yeni maarifçilik layihəsinə start verir.

Rus sənətşünas Azərbaycan rəssamlarından danışacaq

Yarat Müasir İncəsənət Məkanı "Artxronika" adlı yeni maarifçilik layihəsinə start verir.

AzNews.az xəbər verir ki, layihə çərçivəsində "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulub.

İlk görüş sentyabrın 21-i, saat 19:00-da, "XX-XXI əsr Azərbaycan rəngkarlığı" muzeyində Dövlət Tretyakov Qalereyasının XX əsrin II yarısı dövrünün rəngkarlığı bölməsinin elmi əməkdaşı Olqa Polyanskaya ilə keçiriləcək. Rusiyalı ekspert 1960-1980-ci illərin Azərbaycan rəngkarlığı əsərlərinin Dövlət Tretyakov Qalereyasının kolleksiyasında qorunub-saxlanan nümunələri haqqında danışacaq.

Azərbaycan rəngkarlığı bir çox Rusiya muzeylərində mövcuddur, amma məhz Dövlət Tretyakov Qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir və məhz bu kolleksiya Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır. Bununla yanaşı, o, həmin dövrün Azərbaycan incəsənətinə müəyyən bir nəzərdir. O vaxtlar təkcə Azərbaycan ustadlarının deyil, SSRİ-nin digər respublikalarını təmsil edən sənətkarların da müraciət etdiyi bədii kontekst Azərbaycan tamaşaçısı qarşısında açılacaq.

Olqa Polyanskaya Moskva şəhərində anadan olub və orada da yaşayır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin incəsənətin tarixi bölməsini bitirib. «ROSİZO» Dövlət Muzey-Sərgi Mərkəzində çalışıb, Moskva Dövlət Xoreoqrafiya Məktəbində və İlya Qlazunovun Rusiya Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Akademiyasında dərs deyib.

1986-cı ildən etibarən Dövlət Tretyakov Qalereyasında XX əsrin II yarısı dövrünün rəngkarlığı bölməsinin elmi əməkdaşıdır. XX əsrin II yarısında fəaliyyət göstərən rəssamların yaradıcılığı və müasir təsviri sənət mövzularında elmi yazıların müəllifidir.

Hazırda, XX əsrdə milli rəssamlıq məktəblərinin formalaşması problemlərinə həsr olunmuş tədqiqat işi üzərində çalışır. Çox sayda sərgi layihələrinə kuratorluq edib, o cümlədən: "Tahir Salahov. Zenit nöqtəsində günəş" (DTQ, 2015-2016); "Abşeron bürcü. 1960-1980-ci illərin Azərbaycan rəssamları" (DTQ, 2016-2017) və s. "Rusiyaya açılan pəncərələr. Yeddi nəslin şah əsərləri" layihəsinin müştərək kuratorudur (Nijni Novqorod, Yekaterinburq, Krasnoyarsk, Vladivostok, Moskva, 2017-2018).

Giriş sərbəstdir.

AzNews.az