146-cı teatr mövsümü başladı. Bu mövsümdə teatrlardan gözləntiləriniz nədir? Hansı repertuar dəyişikliyini istəyirsiniz? 146-cı teatr mövsümü başladı. Bu mövsümdə teatrlardan gözləntiləriniz nədir? Hansı repertuar dəyişikliyini istəyirsiniz?

Yeni teatr mövsümündən gözləntiləriniz nədir? – TEATR TƏNQİDÇİLƏRİ DANIŞDI

146-cı teatr mövsümü başladı. Bu mövsümdə teatrlardan gözləntiləriniz nədir? Hansı repertuar dəyişikliyini istəyirsiniz?

AzNews.az mövzu ilə əlaqədar teatr tənqidçilərinin, mütəxəssilərin cavablarını təqdim edir.

İsrafil İsrafilov (teatrşünas-tənqidçi):

“146-cı teatr mövümü başlayır. Təbiidir ki, mövsüm başlayanda böyük ümidlər olur, böyük işlərə start verilir. Amma bəri başdan deyim ki, bu teatr mövsümündən qeyri-adi bir şey gözləmirəm. Bu da müəyyən obyektiv araşdırmaların qənaətidir. Məsələ burasındadır ki, artıq neçə ildir, mövsümlər bir-birini əvəz eləsə də, mədəniyyət hadisəsi olan, bədii fakta çevrilən tamaşa yaranmır. Yəni bütövlükdə həm tamaşaçı zövqünü formalaşdırmağa yönəlsin, həm də bütövlükdə Azərbaycan teatrını keyfiyyətcə yeni pilləyə qaldırsın. Belə mövsümlər təəssüf ki, müşahidə olunmur.

İkinci tərəfdən hər bir teatr mövsümü müstəqil Azərbaycan teatrını dünya teatr məkanına, dünya teatr prosesinə inteqarsiyasını təmin eləməlidir. Təəssüf ki, bu da baş vermir. Doğrudur, ara-sıra müxtəlif teatr festivallarında iştirak var, xarici ölkələrin mətbuat orqanlarında bizim teatr tənqidçilərinin çıxışları var. Mənim də daxil olduğum bir qrup Beynəlxalq Teatr Tənqidçiləri Assosasiyasının tədbirlərində iştirak edir. Mən özüm müxtəlif beynəlxalq teatr festivallarında jürinin üzvü kimi iştirak edirəm. Bunlar epizodik işlərdir, necə deyərlər, bir güllə bahar olmaz.

Yəni Azərbaycan teatrı bu gün əvvəlki illərdən fərqli olmayan dramatruji ədəbiyyat qıtlığı yaşayır. Azərbaycan teatrı qeyri-adi, kreativ istedad nümayiş etdirən rejissor işi görə bilmir. Halbuki Azərbaycanda bu gün çox maraqlı, istedadlı aktyorlar var. Sadəcə bunlara öz potensiallarını, yaradıcı imkanlarını ifadə eləmək və daha geniş miqyaslı rollarla tamaşaçı qarşısına çıxmaqları üçün elə bir ciddi imkanlar yaranmır. Yəni dramaturgiya qıtlığı öz yerində, rejissuranın üslub imkanlarının məhdudlaşması öz yerində, aktyorların da özlərinin ifadə imkanlarını cüzi şəkildə ortaya qoymaqları bütövlükdə Azərbaycanda teatr işinin cırlaşmasına aparır. Yəni biz reqressiv proses müşahidə edirik. Və bunu kənardan müşahidə edən teatr tənqidi də vəziyyəti dəyişmək üçün elə bir ciddi addımlar ata bilmir.

Mən istər Avropada, istər MDB məkanında olan beynəlxalq teatr festivallarında gördüyüm ayr-ayrı tamaşaların səviyyəsinə baxanda sıxıntı yaşayıram. Təəssüf hissi keçirirəm ki, Azərbaycan teatrı bu proseslərdən kənardadır. Azərbyacan teatrı bu gün ötən əsrin yetmişinci illərinin səviyyəsindən də aşağıdır. Halbuki o vaxt SSRİ tərkibində idik, müxtəlif basqılar, konyuktur sifarişlər vardı. Bu günsə müstəqillik dövrüdür, imkanlar çox genişdir, mövzu basqısı yoxdur, teatrların özünüifadəsi üçün irili-xırdalı imkanlar yaranıb. Bilirsiniz ki, teatr haqqında ayrıca qanun, teatr fəaliyyəti haqqında dövlət proqramı var. Mən hər dəfə Azərbaycandan kənarda olanda bunu çox fəxrlə deyirəm. Dünyada çox az ölkə var ki, onların teatr haqqında qanunu, teatr fəaliyyəti ilə bağlı dövlət proqramı olsun. Buna baxmayaraq bu gün Azərbaycan teatrı nəinki Avropanın məşhur teatrlarından, hətta Qazaxstanın, Tatarıstanın, Gürcüstanın teatrlarından da çox-çox aşağı səviyyəli tamaşalar göstərir.

Bəzən görürsən ki, xüsusilə gənclərin iştirakı ilə ümidverici qığılcımlar nəzərə çarpır, amma onlar da ancaq qığılcım olaraq qalır, alova çevrilmir. Biz bütün mövsümlərə ümidlə başlayırıq, amma çox təəssüf ki, sonda ümidlərlə nailiyyətlərimizi tutuşduranda görürük ki, ümidlərin çoxu puç olub, özünü doğrultmur. Bu nəticə etibarı ilə əlbəttə ki, tamaşaçı auditoriyasının da teatra münasibətində özünü göstərir.

Mən bu ilin əvvəlindən, keçən ilin sonlarından istər yerli, istər beynəlxaql mətbuatda iyirmiyə yaxın məqalə yazmışam. O məqalələrin hər birində Azərbyacan teatrı haqqında çox müdhiş, parlaq ənənələri olan bir teatr kimi danışmışam. Biz necə ki, bəzən Nizami, Füzuli ilə belə fəxrlə öyünürük, təəssüf ki, eynilə əvvəlki teatr ənənələri ilə də o cür öyünürük. Bu gün 21-ci əsrin 18-ci ilində belə böyük nailiyyətlərlə öyünməyə əsasımız yoxdur. Halbuki çox maraqlı, çox orijinal istedad sahibi olan aktyorlarımız var. Çox təəssüf ki, onların bədii imkanları, potensial yaradıcılı hünəri ortaya qoyulmur və biz ən azı Avropa mədəni məkanında öz sözümüzü deyə bilmirik”.

İlham Rəhimli (teatrşünas-tənqidçi):

“Əvvəla bütün teatr kollektivlərini yeni mövsüm münasibətilə təbrik edirəm. Bu, öz yerində.

İstəyim nədir? Acınacaqlı, ürəkağrıdan olsa da, deyim ki, Azərbaycanda can verməkdə olan, fəaliyyəti milli mədəniyyətimizə heç bir səmərə gətirməyən teatrlarla vidalaşmaq lazımdır. Ağır “xəstəlikdən” əziyyət çəkən teatrların diaqnozunu dəqiq verib onları əməllı-başlı müalicə eləmək lazımdır. Teatrlar öz repertuarlarını zahiri əlvanlıq xatirinə, yaxud rejissorun şəxsi bioqrafiyasını “zənginləşdirmək” naminə qurmasın. Müraciət olunan hər bir klassik, çağdaş, tərcümə əsərinin tamaşası teatrın və aktyorların istedadlarının formalaşıb zənginləşməsinə xidmət etməlidir. Teatrları direktorlar yox, bədii rəhbərlər, yaxud baş rejissorlar idarə etməlidirlər.

Teatrlar yeni tamaşalar hazırlamaq üçün ciddi maddi sıxıntı keçirir. Bunu aradan qaldırmaq üçün teatrları kommunal xarclərdən azad etmək, yaxud cüzi tariflər tətbiq etmək lazımdır. Teatrların bilet satışından gəlirini biznes gəlirləri ilə eyni ölçüdə götürmək çox yanlışdır. Milli Məclis və ya Nazirlər Kabineti bu məsələyə mütləq real əncam çəkməlidir”.

Vidadi Qafarov (teatrşünas):

“İlk növbədə teatr icmasını və tamaşaçıları yeni mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Biz hər mövsümə böyük arzularla, xəyallarla başlayırıq. Amma təəssüf ki, çox vaxt xəyallarımızın əksəriyyəti gerçəkləşmir. Mən istəyərdim ki, gələn il ölkəmizdə böyük beynəlxalq teatr festivalı keçirilsin. Dünya teatrlarının ən yaxşı tamaşaları bu festivalda oynanılsın. Teatrlarımız orta tamaşaçı zövqünə ünvanlanmış repertuar seçiminə son qoysunlar. Dünya dramaturgiyasının məşhur əsərlərini səhnəyə qoysunlar. Tamaşalar zamanla səsləşsin. Teatrlarımız, rejissorlarımız milli dramaturgiyamızın müasir nümayəndələri ilə sıx əməkdaşlıq etsin, onların əsərlərini tamaşaya qoysunlar, yeni dramaturqlar üzə çıxarsınlar. Teatrlarımız daha nüfuzlu beynəlxalq festivallarda iştirak etsinlər”.

Könül Əliyeva-Cəfərova (teatr tənqidçisi):

“Teatrlardan hər zaman eyni şeyi gözləyirik: sənət. Əlavə edə bilərəm ki, yeni nəfəs, yeni ideyalar, dünyada baş verən yeniliklərə reaksiya, köhnəlmiş dramaturgiyadan əl çəkmək, yenilərinə yelkən açmaq, ətalətdən qurtulmaq, canlı meyitləri dəfn eləmək və s.

Repertuarda Tom Stoppard, Marius fon Mayenburq, Martin Makdonax, Müller Hayner, Danil Xarms, Roland Şimmelpfenniq, Mark Ravenhil, Lukas Berfus, Pavel Pryajko, İvan Vırıpaev və b. kimi Azərbaycanda müraciət olunmayan dramaturqların adlarını görmək istərdim. Adları çəkməklə nə özümü ağıllı göstərmək fikrim var, “bu müəlliflərin hamısını oxumuşam” demək niyyətim. Deməyim odur ki, Axundzadə, Şekspir, Cavid, Mirzə Cəlil, Molyerin və başqa klassiklərin eyni əsərlərini təkrar-təkrar, bənzər quruluşlarda tamaşaya qoymaqla teatra yeni nəfəs gətirmək müşkül iş.

Təklif və iradlar. Sizə bir şey deyim? Kimi dindirsəniz, hamı bir nəfər kimi tamaşaçı problemini əlində bayraq tutacaq. Bir müddət əvvəl məndən də soruşsaydınız, eyni cavabı verəcəkdim. Amma indi elə düşünmürəm. Niyə? Çünki özüm üçün bir həqiqəti dərk eləmişəm, müasir teatr incəsənətin elə bir növüdür ki, o, kütləvi ola bilməz. Teatr 500 nəfərlik zalı doldura bilmir, doldurmalı da deyil. Həqiqi teatr ancaq və ancaq həqiqi seyrçilərin qarşısında nəfəs ala, yaşaya bilər. Otaq dibçəklərini aparıb bulvarın mərkəzində əksələr ki, daha çox insanın gözünü oxşasın, quruyacaq. Çünki kütlə üçün deyil, fərdlər üçündür, böyük məkanlarda var ola bilməz. Teatr da həmçinin. “500 nəfərlik zalı sovetlər dönəmində bəs necə doldururdular?!” deyibən gözlərini bərəldənlərə isə “ideologiya”, “ideologiya” və “ideologiya” deyərək susuram.

Təklifim odur ki, teatr sənətini çilçıraqlı, cahcəlallı zallardan xilas edib, nəfəs ala biləcəyimiz məkanlara gətirək. Mən yeni mövsümdə bunu görmək istəyərdim. Demirəm, akademik teatrlar bağlanmalı, yaxud “qocanı öldürməliyik”. Yox, qoy, o da yaşasın, amma yalvar-yaxarla, hədə-qorxu ilə, xahiş minnətlə zalları doldurmaq hesabına yox.

Ənənəvi teatrların durumu, iş prinsipləri, repertuar siyasəti bəlli. Ancaq yeni teatrların, gənc sənətçilərin köhnəlmiş sənət təfəkküründən qopa bilməməsi xeyli təəssüf doğurur. İstəyərdim ki, yeni mövsümdə yeni açılan özəl teatrlar yeniliyi ancaq adları ilə yox, ideyaları ilə də təqdim eləsin.

Yaradıcı adam da tükənə bilər, tükənməksə nə qüsurdur, nə qınaq hədəfi. Tükənmək o zaman qüsura və lağ obyektinə çevrilə bilər ki, onu duymazdan və görməzdən gələsən. Yaradıcılığının zirvəsini yaşayan sənətkarları hörmətlə ana bilməyimiz üçün, geri çəkilib gəncləri önə buraxmalarını istəyirəm. Mən bir rejissorun böyüyüb-böyüyüb 40 yaşına çatandan sonra yaratdığı əsərləri görmək istəmirəm, mən onun səhnədə, gözümün önündə böyüməyini görmək istəyirəm”.

Sevda Sultanova (teatr, kino tənqidçisi):

“Yeni mövsümdə teatrlardan daha çox fərqli yanaşma, fərqli baxış, maraqlı, təbii aktyor oyunu gözləyirəm. Orda həyatı hiss etmək istəyirəm. Elə bir tamaşa ki, bitəndən sonra seyrçini öz cazibəsində saxlasın, onu polemikaya vadar etsin. Bu mövsümdə "Cəza" tamaşasına getməyi düşünürəm. “Azdrama”nın "Manqurt" tamaşası haqda çox danışlır. Planımda onu da izləmək var. Vaxtim olduqca özəl teatrlara da gedəcəm”.

Aliyə (teatr tənqidçisi):

“Bu mövsüm teatrın inkişafına dair dövlət proqramının əhatə etdiyi müddət başa çatır. 10 illik proqram teatrın idarəetməsində islahatları, teatrların təmir-bərpasını, kadrların hazırlanmasını, teatr konfranslarının keçirilməsini, beynəlxalq teatr mühitinə inteqrasiyanı nəzərdə tuturdu.

Bütün bunlar milli teatrı inkişafı, teatrda keyfiyət dəyişikliyi üçün idi.

Bu keyfiyyət dəyişikliyi varmı? Proqramın məqsədyönlü həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, müəyyən nəticələri aşmalı idi.

Müntəzəm olaraq tədbirlərdə məmurların sadaladıqları hesabatlar (hesabat tonunda olmasa belə) sanki iki tərəf yaradırdı: bunları edirik, keyfiyyət dəyişikliyi və ya nəticə niyə yoxdur?

Gər bu sualları tərəf olaraq özünə versəydi, bəlkə bir nəticə olardı.

Sual bir cavab tələb edər və boşluqlar gözə çarpardı. Məsələn, bu 10 illik proqram teatrın əsas adamlarını, əsas məqamlarını qaçırırsa? Məsələn, aktyorun yaşayış minmumunu ödəyəcək şəraitin yaradılmasını, mühitin canlanmasını, alternativ teatrların yaranmasına stimul verici tədbirlərin alınmasını nəzərdə tutmursa?

Proqram başa çatmaq üzrə olsa da, bu suallar bitməyib.

Sizin sualınız cari teatr mövsümü haqındadır. Gözləntim yenə də yeni teatrlardandır. Bu günlərdə Namiq Ağayevin yaratdığı “Ol” teatrının açılışına və ilk tamaşasına dəvət almışam.

“Çıxış” teatrının tamaşalarını gözləyirəm.

İndi repertuar teatrı zamanı keçib. Əlbəttə, afişalarda yerli müəlliflərin xüsusən, yeni müəlliflərin adlarını görmək istərdim. Amma məsələ kimin əsərini yox, necə hazırlamaqdır. Özünü və tamaşaçını bir düşüncə müstəvisinə çıxarmaqdı.

Bizim hansısa məmurun işdən çıxarılması və ya təyin olunmasına söykənən teatr və onun repertuarından, daha doğrusu, dövlət teatr sistemindən bunu gözləmək bir az çoxdur.

Amma teatrlara özünü və tamaşaçılarını kif basmış problematika, zamanı keçmiş yumor, əsassız pafos, yersiz romantika kimi işgəncədən xilas etməyə şans vermək olar. Ki, teatr deyiləndə bu sadalananlar göz önünə gəlməsin. Bunu yalnız fərdlər həll edə bilər. Həm də bu sistemdən kənarda yetişmiş yaradıcı fərdlər.

Mən inanıram ki, qarşıdakı, sonrakı mövsümdə zamana, bugünkü insana adekvat olan tamaşalar görə biləcəyəm. Və bunu əlinə teatr üçün əlverişlə şərait düşmüş o fərdlərdən gözləyirəm”.

AzNews.az