10:28
(077) 610-22-33

MKM-in torba tikəni Rəşad Məciddir?

  • >
351 2 Aprel 2013 09:32 | Mədəniyyət




Əziz Rzazadə


1 aprel "zarafat"ını əvvəldən başa düşməmişəm. Niyə kimsə kimisə aldatmalıdır? Həm də bizim məmləkətdə. Elə bir ölkədə ki, sənə hər addımda kəf gəlirlər, üstəlik, aldanmanla fəxr edirlər. "Gördün də hərifə necə kələk gəldim..."

Səhər avtobusda sürücüyə 20 qəpiyi uzadanda da gözləri bərəldi. Elə bildi ki, Coratdan gəlirəm. "Niyə 20?" Dedim, mən Binəqədidən gəlirəm. Sürücü mızıldanmağa başladı. Elə bildi ki aldadıram...

Yox, qardaş yalanla-palanla işim yoxdur. Onunla Corata nədir, heç gora da gedə bilməzsən. Yaxşı yol yoldaşı deyil yalan. Amma şirindi, göz oxşayandı, füsunkar və cazibədardır. Həqiqətdənsə, yalan qulağa daha xoş gəlir, adamı ovsunlayır, sehrindən buraxmır.

Mən Tehran Əlişanoğluna izah edə bilmədiyim kimi. Sinni ədəbiyyatşünas-tənqidçi elə dediyində durdu. İnandıra bilmədim ki, nəsr və bədii publisistika ayrı-ayrı janrlardır. Eləcə də bunu ki, MKM ekspertlərinin ballarını bilməyən oxucu çaş qalır. Bilmir tənqidçinin resenziyasındakı rəyə inansın, yoxsa ekspertlər şurasından çıxan rəyə?..

"Azadlıq Radiosu"nun şərh bölümündə maraqlı bir fikir oxudum: Rəşad Məcid "Balerina" əsəri ilə "10-luğa" düşmüş Pərvin Nurəliyevaya himayədarlıq edir. "Bu müəllif MKM-dən qalib çıxarsa, təəccüblənmərəm. Kitaba ön söz müəllifi Rəşad Məciddir. "A" romanı ilə Çak Pollanikin "Döyüş klubu"nun "oxşarını yaradan" Qaraqanın MKM-in ilk qalibi olmasında da Rəşad Məcidin adı hallanır. Ekspertlər şurasındakı bəzi adlarla R. Məcid arasından su keçmir. Üstəlik, Vahid Qazinin də "Camayra. Kuba dəftəri" kitabıyla MKM-də şansları böyükdür. Yenə də Rəşad Məcidin himayəsilə". Bunu mənə nəql edən MKM-in yekun nəticələri ilə bağlı proqnozlarını söyləyəndən son damğanı da vurdu: "MKM-in torba tikəni Rəşad Məciddir"

Düzü, bu sayaq söhbətlərə heç vaxt aludəçi olmamışam. Özünü xeyirxahım kimi göstərən adamı da başımdan bir təhər uzaqlaşdıra bildim. Qeybətcil adamlar və qeybət söhbətləri mənlik deyil. Üstəlik, mənim üçün yazıçı olmaq AYB vəsiqəsi və MKM siyahısı ilə ölçülmür. Mən gördüyüm işi reklamını da eləmirəm, buna lüzum yoxdur.

...Elə bu sətirləri yazdığım vaxt otaqda qızğın mübahisə gedirdi. Mövzu "Molla Nəsrəddin" jurnalı və Mirzə Cəlilin şəxsiyyəti idi. Biri deyirdi ki, o və Sabir misilsiz şəxsiyyətlər olub, xalq yolunda hətta sağlamlıqlarını fəda ediblər. Dedim, belə çıxır ki, qara ciyəri serroz olanların hamısı millət dərdi çəkir? Yoxsa ədəbiyyatın qayğılarından çərlənir?!" "Nə danışırsız, ay müəllim", – deyə mənə həm Mirzə Cəlilin, həm də Mirzə Ələkbərin həyatından danışmağa başladı. Dedim, a bala, mənə nağıl danışma. Yaxşısı budur sənə "Azadlıq Radiosu"nda oxuduğum lətifəni danışım… Deməli, Yazıçılar İttifaqının katibi Rəşad Məcid, rejissor Şahin Sinariya və Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı gənc yaşlarında Sankt-Peterburqdakı kafelərin birində oturublarmış. Şahin Sinariya və Arif Hacılı aramsız şəkildə çay içə-içə kino mövzusunda qızğın mübahisə edirlərmiş. Mövzu da dahi rus rejissoru Tarkovskinin filmləri imiş. Rəşad Məcid ha gözləyir ki, bunların mübahisəsi kəssin, yemək sifariş etsinlər. Mübahisə isə əksinə daha da qızışır. 1 saat, 2 saat, 3 saat... Axırda Rəşad Məcid dözməyib yumruğunu var qüvvəsi ilə stola çırpır, ayağa durub bağırır: "Ə, nə Tarkovski? Maa ət verin! Araq verin!.."
Bağla X