14:01
(077) 610-22-33

Prezidentin sifarişi ilə roman yazıldı

  • >
540 1 May 2013 08:02 | Mədəniyyət

Son altı ay ərzində üzərində çalışdığı və ötən gün bitirdiyi yeni romanı haqqında danışan gənc yazar Əhməd Şahidov oxucularına yeni əsərini təqdim etməyə hazırlaşır. "Sıfır nöqtəsi" adlanan bu roman barədə məlumat verən yazar əsərinin Türk dünyasının birliyindən bəhs etdiyini söyləyib:

"Romanımı ötən gün bitirmişəm, çox ciddi yanaşırdım bu əsərə. Türk dünyasının birliyindən bəhs edəcək bu romanımı Şimali Kipr prezidenti Derviş Eroğlunun istəyi ilə qələmə almışam. Ötən ilin Dekabr ayında Lefkoşada olarkən, bu ölkənin prezidentinin rəsmi qəbulundə oldum və belə bir əsər yazmaq barədə şəxsən prezidentdən təklif aldım"

"Sıfır nöqtəsi" adlanan yeni romanı barədə danışan müəllif əsərin əsas süjet xətti barədə bunları deyib: "Romanın əsas qəhrəmanı Azad adlı gənc bir azərbaycanlı oğlandır. Azərbaycanda doğulan və daha sonra təhsil dalıyca Şimali Kiprə yollanan Azad universiteti bitirdikdən sonra orada qalır və Kiprin ictimai-siyasi həyatında fəal rol oynamağa başlayır. Romanımda Türk dünyasının bugün üzləşdiyi problemlər – Dağlıq Qarabağ konflikti, Kipr problemi, Cənubi Azərbaycandakı soydaşlarımız, muxtar Türk Cümhuriyyətlərindəki etnik məsələlər işıqlandırılıb. "Sıfır nöqtəsi" romanı Türk dünyasının gələcəyini təsvir edən bir əsərdir və bu romanımda mən bir yazar olaraq, yaxın 10-15 ildə Azərbaycan da daxil olmaqla, bütün Türk dilli ölkələrdə baş verəcək hadisələri proqnoz etməyə çalışmışam".

Romanın adına diqqət çəkən müəllif bunu ikiyə bölünmüş Kiprin və onun paytaxtı Lefkoşa şəhərinin sərhəd keçid məntəqəsində yerləşən və "Sıfır nöqtəsi" adlanan ərazi ilə əlaqələndirib: "Mən dəfələrlə Kiprdə olmuşam, bu problemlə yaxından tanışam, Kiprin tarixini dərindən araşdırmışam, adadakı Türklərin tarix boyu etnik təmizləmələrə, hücumlara məruz qaldığını bilirəm. İkiyə bölünmüş Lefkoşa şəhərinin Lokmacı sərhəd keçid qapısının yaxınlığında "Sıfır nöqtəsi" adlanan yer var. Məhz bu ərazi Kipr adasının düz ortası, mərkəzi sayılır. Ona görə də, romanımı həmin ərazinin adından götürmək qərarına gəldim. Bundan başqa, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, digər Türk dövlətləri tarix boyu itirdikləri torpaqları geri qaytarmaqla, özünün başlanğıc nöqtəsinə, yəni sıfır nöqtəsinə qayıda biləcəklər".

"Sıfır nöqtəsi" romanının yayın ilk aylarında satışda olacağını bildirən Əhməd Şahidov əsərin Türkiyə türkcəsinə də tərcümə edilib, Türkiyə və Şimali Kiprdə satışa çıxarılacağını, daha sonra həmin ölkələrdə təqdimat mərasimlərinin təşkil olunacağını bildirib.

AzNews.az
Bağla X