Rusiyanın internet portalında aparıcılarımızla bağlı süjet - VİDEO

Rusiyanın "Mir 24" internet portalı Azərbaycan teleaparıcıları ilə bağlı süjet hazırlayıb.

Axşam.az-ın məlumatına görə, süjetdə nitq normalarını pozan aparıcıların efirdən uzaqlaşdırılacağı vurğulanıb:

"Azərbaycan hakimiyyəti ölkədə bədii şüraları canlandırmaq qərarına gəlib. Bu siyahıda ölkənin tanınmış aparıcıları və dilçiləri də yer alır. Onlar televiziya və radio aparıcılarının dilinin saflığı uğrunda mübarizə aparacaqlar. Nitq normalarını pozan aparıcı isə işdən azad ediləcək.

Ən maraqlısı isə aparıcıların nitqinə hər kəs nəzarət edə biləcək. Belə ki, insanların teleaparıcılarla bağlı fikirlərini deyə biləcəyi qaynar xətt yaradılacaq".

Milli Məclisin deputatı Nizami Cəfərov televiziya və radioda çalışanların dil bacarığının artırılması üçün imkanlar yaradılacağını bildirib.

Azərbaycan İncəsənət Universitetinin kafedra müdiri Fərhundə Atakişiyeva isə insanlara dilindəki qüsuru düzəltmək üçün kömək etdiyini deyib:

"İllərdir bu sahədə çalışıram. Aparıcı və aktyorlara sözləri düzgün tələffüs etməyi öyrədirəm".

"ATV" telekanalının aparıcısı İlkin Həsəni efir zamanı bəzi səhvlərə yol verdiyini etiraf edib:

"Mən kastinq vasitəsilə aparıcı seçilmişəm. Bu sahədə çalışmaq üçün danışıq qabiliyyəti ilə yanaşı, görünüşə və aktyorluq bacarığına da önəm verilir".

Süjetdə "ANS" telekanalında yayımlanan verilişdə aparıcının "örnək" əvəzinə "ördək" deməsindən də danışılıb.

AzNews.az