Mehriban Əliyeva film və kitabın təqdimat mərasimində iştirak etdi

Bu gün "Nizami" Kino Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Eurovision Bakıda" filminin və eyniadlı kitabın təqdimat mərasimi keçirilib.


Təqdimat mərasimində Heydər Əliyev Fondunun prezidenti, "Eurovision 2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, millət vəkilləri, Azərbaycan hökuməti və ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, kitab həmin günlərin xatirələrini unikal şəkildə əks etdirir. Təqdimatda Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı, "Eurovision 2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq bildirilib.
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan, nəfis tərtibatı ilə seçilən, çoxsaylı şəkillərin olduğu kitab Bakıda keçirilmiş Avropa musiqi bayramından bəhs edir.

"Eurovision Bakıda" kitabının ön sözünün müəllifi Heydər Əliyev Fondunun prezidenti, "Eurovision 2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadır.

"2012-ci il Azərbaycan üçun "Eurovision" Mahnı Müsabiqəsinin keçirilməsi ilə yadda qaldı. Əsrlər boyu müxtəlif mədəniyyətlərin ünsiyyətində rol oynamış ölkəmiz 57 illik tarixi olan möhtəşəm mahnı müsabiqəsinə ev sahibliyi etdi. Dialoq və anlaşmaya xidmət edən musiqi mədəniyyəti müxtəlif xalqların nümayəndələrini dini və milli mənsubiyyətindən asılı olmayaraq bu dəfə doğma Bakımızda birləşdirdi", - ön sözdə qeyd olunur.

Mehriban xanım Əliyeva bildirib ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsində rol oynayan bu böyük ümumavropa musiqi bayramı dünya mədəniyyəti xəzinəsinə öz töhfələrini vermiş qədim Azərbaycan torpağından yüz milyonlarla auditoriyaya möhtəşəm tərzdə təqdim olundu.

"Eurovision" Mahnı Müsabiqəsi doğma Azərbaycanımızı dünyaya tanıtmaq, musabiqə iştirakçıları və qonaqları ölkəmizin keçmişi və bu günü ilə tanış etmək, onlarda Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün daha bir şans verdi. Biz hər bir kəsi qədim "Odlar Yurdu"nda qəlbimizin istisi ətrafında topladıq və dünyanın müxtəlif ölkələrindən gələn insanlar Azərbaycanı bir daha kəşf etdilər. İnanıram ki, şəhərimizin gözəlliyini, qədim Bakımızın müasir simasını, xalqımızın səmimiliyini hiss etmiş hər bir qonaq mədəniyyətimizi, ölkəmizi, xalqımızı daha çox sevdi. Bu sevginin qazanılmasına kimisi fəaliyyəti, kimisi layihəyə dəstəyi, kimisi isə sadəcə təbəssümü, xoş davranışı ilə öz töhfəsini verdi. Göstərdiyiniz bu həmrəyliyi yüksək dəyərləndirərək hər birinizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, "Eurovision" Mahnı Müsabiqəsinin keçirildiyi günlər həm xalqımızın, həm də ölkəmizə gəlmiş qonaqların xatirindən heç vaxt silinməyəcəkdir", - Mehriban xanım Əliyeva qeyd edib.

Kitabın "Uğurlu Eurovision yolu", "Eurovision Mannı Müsabiqəsi "Odlar Yurdu"nda", "Bakı: tarixiliklə müasirliyin vəhdəti", "Eurovision Mahnı Müsabiqəsi 2012-nin paytaxtı" kimi ayrı-ayrı bölmələri həmin günlərdən ətraflı bəhs edir.

"Eurovision Bakıda" kitabı müsabiqənin tarixi, "Eurovision 2012"-nin iştirakçıları, onların Azərbaycan haqqında təəssüratları ilə bağlı geniş materialları təqdim edir.

Film insanları "Eurovision 2012"-nin keçirildiyi ilə qaytarır. Bildirilib ki, Azərbaycan bu mürəkkəb və şərəfli missiyanın öhdəsindən layiqincə gələ bilib. "Eurovision 2012"-nin təşkilatçıları Azərbaycanda Avropanın ən böyük bayramını uğurla təşkil etməyi bacarıblar.

AzNews.az