21:57
(077) 610-22-33

Leyla Əliyeva fəxri diplomla təltif olundu

  • >
351 5 May 2013 21:40 | Mədəniyyət

Mayın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Qəbələ III Beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.


AzərTAc xəbər verir ki, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq sərginin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

"Portretlərin melodiyası" adı altında təşkil edilən sərgidə dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan, İsrail, İtaliya, Koreya Respublikası, Latviya, Rusiya, Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair, Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir.

Sərgidə nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer alıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Qəbələ III Beynəlxalq incəsənət sərgisinin iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunub.

Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Ruhəngiz Heydərova bildirib ki, ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdikləri ölkələrin sayının artması bu layihənin ideyasına olan marağın ildən-ilə artdığını göstərir. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. Həmçinin bu tədbir Azərbaycan ilə müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.
Natiqlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.

Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplomla təltif olunub.

Azərbaycanın zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına və "Qəbələ III Beynəlxalq incəsənət sərgisi" layihəsinin həyata keçirilməsində göstərdiyi misilsiz xidmətlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin fəxri diplomu ilə təltif olunub.

Sərginin açılışını bildirən qırmızı lent kəsilmiş və iştirakçılar nümayiş olunan əsərlərə baxıblar.

Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər.

Sonra mədəniyyət mərkəzində konsert proqramı təqdim edilib.
Beynəlxalq sərgi mayın 19-dək davam edəcək.

AzNews.az
Bağla X