““Miss Azerbaijan 2013“ finalçılarının geyimləri çox eybəcər idi“

"Miss Azerbaijan" 2013 model müsabiqəsinin təşkilatçısı Validə Abbasova ötən gün keçirilən final gecəsinə qatılmayıb.

Axşam.az-ın müxbirilə söhbətində model bildirib ki, yarışmada şəxsi işləriylə bağlı iştirak etməyib:

"Müsabiqə ilə bağlı heç bir problemim yox idi. Sadəcə məşğul olduğumdan qatıla bilmədim. Mən bu yarışmaya öz dəstəyimi verdim. Çünki bütün finalçı qızların xətirlərini çox istəyirəm. Bunu onlar üçün etdim".

Validə Abbasova deyib ki, müsabiqədə Fidan Məmmədovanın birinci seçilməsi doğru addımdır:

"Fidan həmişə mənim favoritlərimdən olub. Çünki onun saçları, üzü təbiidir. Avropadakı gözəllik yarışmalarına baxsaq görərik ki, bütün qızlar Fidan stilindədir. Bu müsabiqə haqqında bir çox ölkələrdə oxuyacaqlar. Ona görə xahiş edirəm ki, özümüzü biabır etməyək. Qalibi pisləməkdənsə, ona dəstək olaq. Xaricdə seçilən gözəlləri bəyənirik. Amma onlar bizim qızların əlinə heç su tökməyə dəyməz".

V.Abbasova digər finalçı Sevinc Kərimovanın etiraz edərək səhnəni tərk etməsini pisləyib:

"Sevinc də gözəl qızdır. Amma o, "Miss Azerbaijan" ola bilməzdi. Bu müsabiqədə təbiilik vacibdir. Sevincdə isə bu yoxdur. Mənim də məyus olduğum məqamlar oldu. Minarə Allahverdiyeva və Nurlana Rzayevanın mükafat almamalarına pis oldum".

Model həmçinin bildirib ki, final gecəsində iştirakçıların geyimlərini bəyənməyib:

"Çoxları deyir ki, Fidan qəşəng qız deyil. O geyimdə kim gözəl görünər ki?! Ümumiyyətlə, finalçıların geyimləri çox eybəcər idi. Heç kim bu paltarları qarderobunda saxlamaz. Mənim təşkil etdiyim müsabiqələrdə qızlar dəblə geyiniblər, əsl Avropa stilinə uyğun. Bu isə əsl biabırçılıq idi. Nəinki mən, heç o qızlar da həmin paltarları evlərində belə geyinməzlər".

AzNews.az