21:59
(077) 610-22-33

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı - FOTO

  • >
381 14 May 2013 08:46 | Mədəniyyət

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı Mərkəzin açılışını edib, daha sonra mərasimdə çıxış edib.

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildiriblər.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulub. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir.

Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, Azərbaycan muğamlarından zövq ala biləcəklər.

Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir.

Xatırladaq ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı.//AzerTac//

AzNews.az
Bağla X