Bu gün “Eurovision 2013“ musiqi yarışmasına start verilir



Bu gün axşam saat 23:00-da Avropanın ən mötəbər musiqi yarışması "Eurovision 2013" mahnı müsabiqəsinin I yarımfinalı başlayacaq.

ANS PRESS-in məlumatına görə, 58-ci "Evrovision" müsabiqəsi İsveçin Malmö şəhərindəki 15.500 tamaşaçı tutumlu "Malmö Arena"da keçiriləcək. İsveç 2012-ci ildə Bakıda keçirilən "Eurovision" müsabiqəsində Lorenin "Eyforiya" mahnısı ilə birinci yeri tutmaqla bu mötəbər yarışmaya ev sahibilik etmək hüququ qazanıb.

Müsabiqənin yarımfinalları 14-16 mayda, final mərhələsi 18 mayda keçiriləcək. İlk yarımfinalda 39 ölkədən 16 təmsilçi çıxış edəcək. II yarımfinalda 17 ölkə çıxış edəcək. Hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaq. "Eurovision"un sponsorları Böyük Britaniya, İspaniya, İtaliya, Fransa və ötən ilki qalib İsveç birbaşa finalda çıxış edəcək.

Bu il keçirilən yarışmada Bosniya-Herseqovina, Portuqaliya, Slovakiya və Türkiyə iştirak etməyəcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Fərid Məmmədov müsabiqənin 16 mayda keçiriləcək II yarımfinalında səhnəyə çıxacaq.

AzNews.az