“Eurovision-2013“ün ilk 10 finalçısı məlum oldu

İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin ilk yarım finalı keçirilib. Trend-in məlumatına görə, ilk yarım finalda Rusiya, Avstriya, Estoniya, Sloveniya, Xorvatiya, Danimarka, Ukrayna, Niderland, Çernoqoriya, Litva, Belorus, Moldova, İrlandiya, Kipr, Belçika və Serbiya təmsilçiləri səhnəyə çıxıblar.

Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, ilk finalçı Moldova olub. Növbəti finalçıların sırası isə belə olub: Litva, İrlandiya, Estoniya, Belorus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland.

Məlumat üçün bildirək ki, "Malmö arena"da keçirilən müsabiqədə 39 ölkədən müğənnilər iştirak edəcəklər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu.

"Eurovision-2013"ün II yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Azərbaycan təmsilçisi Fərid Məmmədov isə II yarımfinalda səhnəyə çıxacaq.

Qeyd edək ki, bu ilki müsabiqənin büdcəsi 20 milyon dollardır. Bu, ötən il Bakının sərf etdiyi vəsaitdən xeyli azdır. "Eurovision-2013"ün təşkilatçıları xüsusi effektlərdən imtina ediblər. Bu il müxtəlif səbəblərdən Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya iştirak etmir.

Ötən il Bakıdakı müsabiqədə iştirak etməyən Ermənistan bu il iştirakını bərpa edib.

Xatıqladaq ki, ilk yarımfinalda 16, ikinci yarımfinalda isə 17 ifaçı çıxış edəcək.

Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.


AzNews.az