Sabir Rüstəmxanlının doğum günüdür - FOTOSİLSİLƏ



Bu gün Azərbaycanın ictimai - siyasi həyatında, ədəbi fikir tarixində xüsusi yeri olan Xalq yazıçısı, millət vəkili, Vətəndaş Həmrəyli Partiyasını sədri Sabir Rüstəmxanlının doğum günüdür.

Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib. Bu sırada elmi işlə də məşğul olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını başa vurub. Dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnən S.Rüstəmxanlı bədii ədəbiyyatla erkən yaşlarından məşğul olmağa başlayıb. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan Azərbaycan, Türkiyə , Rusiya , İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr olunub.

Kitabları Azərbaycanın yüksək ədəbi mükafatlarına layiq görülüb, onun adını bütün türk dünyasında tanıtdırıb. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayaraq 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. İndi həmin kitab 10 dilə tərcümə edilib.

"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir.

Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə "Xalq şairi" fəxri adına layiq görülüb.


S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edərək iki il onun baş redaktoru olan S.Rüstəmxanlı 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilib.
Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri kimi tanınıb. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. 1995-ci ildə nazir vəzifəsindən istefa verib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edən S. Rüstəmxanlı hazırda da həmin partiyanın sədridir.


2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olub. 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən namizədliyini irəli sürərək qalib gəlib.

S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

AzNews.az olaraq Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və Azərbaycan naminə fəaliyyətində uğurlar arzulayırıq.


AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description