“Zəngin kız və fakir oğlan”nın nümayəndələrinə kokteyl verildi

Türkiyənin Azərbaycandakı səfirliyinin binasında TRT-də yayımlanan "Zəngin kız və fakir oğlan" serialının Azərbaycana gələn nümayəndə heyətinin şərəfinə kokteyl verilib.

APA-nın məlumatına görə, tədbiri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun açıb.

Səfir bildirib ki, Azərbaycanla Türkiyə arasındakı siyasi və iqtisadi əlaqələrin yüksəlişinin mədəniyyət sahəsində də özünü büruzə verməsi sevindirici haldır: "İstəyərdim ki, müştərək serial və film çəkilişləri layihələrinin də sayı çoxalsın".

Serialın rejissoru Birol Güvən seriala çəkilməsi üçün daha bir aktyorun axtarışında olduğunu söyləyib: "Çəkilişləri sentyabrdan başlayacaq yeni seriyalarda azərbaycanlı bir oğlanın türkiyəli qızla sevgisindən bəhs ediləcək. Hazırda bir neçə aktyorla danışıqlar aparırıq. Zamanla həmin gəncin ailəsi də seriala daxil olacaq və Azərbaycandan daha bir neçə aktyor seriala dəvət olunacaq".

Tədbirdə serialın aktyorları Hüseyn Avni Danyal, Ufuk Özkan, Azərbaycanın əməkdar artisti Sənubər İsgəndərli və Əzizağa Əzizovla yanaşı, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, müğənnilər Brilliant Dadaşova, Elnarə Xəlilova və başqaları iştirak edib.

AzNews.az