Azərbaycan Yazıçılar Birliyində (AYB) mübahisələr və istefalar başlayıb. Azərbaycan Yazıçılar Birliyində (AYB) mübahisələr və istefalar başlayıb.

AYB-də mübahisələr və istefalar başladı

Azərbaycan Yazıçılar Birliyində (AYB) mübahisələr və istefalar başlayıb.




APA-nın xəbərinə görə, bu gün qurumun gənc üzvlərindən 5 nəfər- Qismət Rüstəmov, Elnaz Eyvazlı, Babək Göyüş, Ayxan Ayvaz və Mövlud Mövlud istefa veriblər.

Onlar istefalarını birlik daxilində demokratik prinsiplərin pozulmasına etiraz etmələri ilə əsaslandırıblar.

AYB üzvlərinin etirazına səbəb isə dünən yazıçı Şərif Ağayarın AYB sıralarından çıxarılmasıdır. AYB bu qərarını yazıçının qurumun katibi Fikrət Qocanın ünvanına sərt və tənqidi ifadələr işlətməsi ilə əsaslandırıb. Qurum sıralarından xaric edilməsindən isə Şərif Ağayar özü mətbuatdan xəbər tutub.

Ş. Ağayar kulis. az-a açıqlamasında F. Qoca ilə şəxsi ədavəti olmadığını deyib və yazıçı Anarı ona qarşı qərəzli davranmaqda ittiham edib: "AYB-dən çıxarılmağıma sevinirəm. Hətta buna görə məni təbrik edənlər də var. Yadımdadır, mən də vaxtı ilə mərhum Rafiq Tağını buna görə təbrik etmişdim".

Yazıçı Anar isə kulis. az-a açıqlamasında Şərif Ağayarın Yazıçılar Birliyindən çıxarılmasını repressiya kimi qiymətləndirənlərə sərt ismarıc göndərib: "Onlar qələt edir, başlarını da divara döyürlər".

AYB sədri bildirib ki, repressiya Şərif Ağayarın Fikrət Qocanı təhqir etməsidir: "77 yaşlı bir insan haqqında "ölüb" demək repressiya deyil? Bu alçaqlıq nümunəsidir və alçaq adamla da məhz bu cür rəftar etmək lazımdır. Alçaq adamın Yazıçılar Birliyində yeri yoxdur. O bir dəfə alçaqlıq etmişdi və biz onu çıxartmışdıq. Sonra gəlib yalvardı, dedi peşman olmuşam, nə var-nə var təqaüd alsın. Biz də humanistlik göstərərək, onu yenidən AYB-yə bərpa etdik. Bir il təqaüd aldı. Təqaüd qurtarandan sonra yenidən belə şeylər danışmağa başladı. Əslində bu adamlar haqqında heç danışmağa dəyməz".

Anar AYB-dən istefalara barədə də danışıb: "Mənə dedilər ki, kimlərsə istefa verib. Dedim, çox yaxşı. Çünki Yazıçılar Birliyinə daxil olmaq da, çıxmaq da könüllüdür. Kim çıxmaq istəyir, çıxsın. Yazıçılar Birliyi nə qədər təmizlənsə, təqaüd üçün bura gələnlər getsə, bu ancaq ədəbiyyatın xeyrinə olar".

AzNews.az