18:23
(077) 610-22-33

“Prodakşnlara maliyyə vəsaitinin ayrılması da gündəmdədir“

  • >
330 7 İyun 2013 11:19 | Mədəniyyət

"Milli seriallarının çəkilməsi üçün maliyyə vəsaiti təkcə özəl telekanallara ayrılmayacaq, prodakşnlar da bu prosesə qoşulacaq".


Bunu Lent.-az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə,milli serialların çəkilməsi üçün ilkin olaraq 5 telekanala maliyyə vəsaiti ayrılıb: "Prodakşnlara maliyyə vəsaitinin ayrılması da gündəmdədir.

Payız aylarında bununla bağlı xüsusi müsabiqə komissiyası təşkil ediləcək. Müsabiqədə iştirak edənlərlə əlaqədar şərtlər irəli sürüləcək. Bu məsələ hələ ki, müzakirə səviyyəsindədir. O prodakşnlara üstünlük veriləcək ki, onlar artıq telekanallarla işləyiblər, serial çəkiblər.

Təəssüf ki, bir çoxları bu vəsait hesabına film çəkməyi öyrənmək istəyirlər. Bu, doğru deyil. İndiyədək müəyyən iş təcrübəsi olan, televiziya kanallarında serialları göstərilən şirkətlərə üstünlük veriləcək.
Şərtlərdən biri budur".

Şura sədri maliyyə vəsaitinin yalnız özəl kanallara ayrılmasına da münasibət bildirib: "Dövlət büdcəsindən ayrılan kanallara maliyyə ayrılması doğru olmazdı. Ona görə də vəsait özəl kanallara ayrıldı. Bu vəsait birdən-birə ödənilməyəcək, mərhələ-mərhələ ödəniləcək. Vəsaitinin xərclənməsi üzərində nəzarət güclü olacaq. İlkin olaraq vəsaitin 30 faizi ödəniləcək, bu vəsait hesabına ödənilən işlərin keyfiyyəti qanedici olarsa, növbəti maliyyələşmə aparılacaq. Nəzarət mexanizmi daha ciddi olacaq".

Qeyd edək ki, iyunun 5-də MTRŞ-nın iclasında milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na, "Xəzər TV" MMC-yə və "ANS Müstəqil Yayım və Media Şirkəti"nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

AzNews.az
Bağla X