04:50
(077) 610-22-33

Avropa Parlamentində Azərbaycan sərgisi

  • >
476 13 Noyabr 2013 16:15 | Mədəniyyət

Avropa Parlamentində (AP) Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan - tolerantlıq məkanı" adlı sərginin açılışı olub.

Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilir.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, sərgiyə ev sahibliyi edən deputat İ.Vaidere çıxışında bu sərginin Azərbaycandakı tolerant mühitin Avropa strukturlarına və siyasi elitasına çatdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycanın tolerantlıq modeli ilə yaxından tanışlıq bu modelin dünyanın digər ölkələrində tətbiqinin mümkünlüyünün qiymətləndirilməsi baxımından mühümdür.

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov qeyd edib ki, Azərbaycan xalqının milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələri çoxəsrlik tariximizdən qaynaqlanır və bu ənənələr Azərbaycan dövləti tərəfindən qorunur və təşviq edilir.

Prezident İlham Əliyevin "multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir" sözlərini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, bu sərgidə nümayiş etdirilən tolerantlıq nümunələri bir tərəfdən bizim Avropa ilə ortaq dəyərlərimizin rəmzidirsə, digər tərəfdən Avropanın da Azərbaycanın verəcəyi töhfələrə ehtiyac duyduğunun göstəricisidir.

Açılış tədbirində çıxış edən Azərbaycanın Beçikadakı səfiri Fuad İskəndərov Azərbaycanın tolerantlıq modelinin bir çox ölkələr üçün örnək ola biləcəyini və onun dünyada təbliğ edilməsinin mühümlüyünü qeyd edərək bu cəhətdən sərginin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, dünyada tanınmış fotoqraflardan olan R.Deqati sərginin açılışında çıxış edərək müasir dünyamızda mədəniyyətlər və dinlərarası tolerantlığın sülh və birgə yaşayışın mühüm şərti olduğunu deyib və bu sahədə Heydər Əliyev Fondunun təşəbbüslərini yüksək qiymətləndirib.

"Azərbaycan - tolerantlıq məkanı" fotosərgisi salonda toplaşmış AP deputatları, beynəxalq QHT və media nümayəndələrinin geniş marağına səbəb olub. Sərginin AP-də nümayişi bir həftə davam edəcək.

AzNews.az
Bağla X