00:51
(077) 610-22-33

“Ömür bitsə də...“ kitabının təqdimatı keçirildi- FOTO

  • >
403 26 Noyabr 2013 14:37 | Mədəniyyət

Mətbuat Şurasında "Ömür bitsə də..." kitabının təqdimat mərasimi keçirilib.

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, istedadlı yazıçı-publisist və naşir Ağəddin Mansurzadəyə həsr olunmuş "Ömür bitsə də..." kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş dəyərli şəxslərlə bağlı xatirə tədbirlərinin, yaradıcılıq gecələrinin, müəllifləri olduqları kitabların təqdimatının təşkilini xoş ənənəyə çevirib:

"Bu iş onların sənətinə verdiyimiz dəyərdən irəli gəlməklə yanaşı, belə adamların jurnalistikamızdakı, ümumilikdə ictimai fikir tariximizdəki rolunun və mövqeyinin, zəngin və gələcək nəsilə örnək həyat yollarının öyrənilməsi zərurətindən irəli gələn addımdır.

Sizlərlə birgə təqdimat mərasiminə toplaşdığımız "Ömür bitsə də..." kitabı Azərbaycan ictimaiyyətinə gözəl insan, peşəkar və prinsipial jurnalist, hamımızın yaxından tanıdığı və hörmət etdiyi, xatirəsini daim uca tutduğu mərhum Ağəddin Mansurzadəni anmaqla eyni zərurətin ödənilməsinə xidmət edir. Kitabda 200-dək şəxsin Ağəddin müəllim barədə xatirələri toplanıb.

Nəşrin tərtibçisi və redaktoru mərhum qələm sahibinin övladı Orxan Mansurzadə, məsləhətçiləri əməkdar jurnalist Dağbəyi İsmayılov və jurnalist Mehman Fərzullayevdir. Hesab edirəm ki, onların əməyi Ağəddin Mansurzadə yaradıcılığına dolğun qiymət verilməsi baxımından son dərəcə tutarlı nümunənin ərsəyə gəlməsinə səbəb olub. Buna görə umumən kitabın işıq üzü görməsində əməyi keçən hər bir şəxsə təşəkkürümüzü bildirmək istəyirəm. Düşünürəm ki, bu gün bu məclisə toplaşanların hər birinin də ustad sənətkar haqqında deyiləcək sözləri, onunla bağlı xoş xatirələri var".

Azərbaycan Milli Məclisinin deputatı, şair Sabir Rüstəmxanlı çıxışında Mansurzadələr nəslinin Sumqayıt şəhərinin həyatında son dərəcə mühüm mövqe tutduqlarını, ənənə yaratdıqlarını xatırladaraq A.Mansurzadə şəxsiyyətini ənənələri yaşadan dəyərli sənət adamı kimi xarakterizə edən cəhətlərdən söz açıb.

Mərhumun dövrümüzün aktual problemlərinə həsr olunmuş yüzlərlə məqalənin, çoxsaylı irihəcmli kitabın müəllifi olduğunu xatırladan S.Rüstəmxanlı onu qayğıkeş insan, müdrik el ağsaqqalı kimi də xarakterizə edib. A.Mansurzadə şəxsiyyətinin tamlıq, bütövlük nümunəsi olduğunu vurğulayıb.

Mərhum A.Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının da üzvü olub.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin toplantı üçün ünvanladığı məktubda istedadlı qələm sahibinin jurnalistika sahəsindəki fəaliyyəti ilə yanaşı, onun Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü kimi mənəvi keyfiyyətlər daşıyıcısı olduğu, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərinin yaradıcılığında önəmli yer tutduğu vurğulanıb.

Şeyxin məktubu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, qazi Hacı Mirəziz Seyidzadə tərəfindən oxunub.

Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, jurnalist Ənvər Məşədiyev, tarix elmləri doktoru, professor Anar İsgəndərov, xalq artisti Canəli Əkbərov, şair Vahid Əziz, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin mərhumun sənət dostlarından Mehman Fərzullayev, Kamran Nəzərli, Şəddat Cəfərov və başqaları A.Mansurzadənin həyat yoluna dair ayrı-ayrı məqamlar barədə söhbət açaraq, istedadlı jurnalistlə bağlı yadda qalan xatirələrini bölüşüblər.

Sonda A.Mansurzadənin övladı, "Ömür bitsə də..." kitabının tərtibçisi və redaktoru O.Mansurzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.

AzNews.az
Bağla X