04:43
(077) 610-22-33

“Burada kişi var?!”

  • >
585 29 Noyabr 2013 10:25 | Mədəniyyət

"Zero" nəşriyyatında "Cib kitabı" seriyasından tanınmış yazıçı Azad Qaradərəlinin "Burada kişi var?!" adlı hekayələr kitabı nəşr olunub.

Yazıçının bu kitabında son bir neçə ildə yazdığı hekayələr toplanıb. Bu hekayələrin qəhrəmanları içdən sınmış, yaxud sındırılmış adamlardır. Kimi yurd itirib, kimi ailəsini, kimi də mənliyini və insanlığını.

Burada şəhər və kənd səfillərinə ("bomj"lara), küçə süpürməyə məcbur edilmiş ali təhsilli insanlara, qaçqınlara, özünü azdırmağa aparanlara, yad yerdə sevgi gəzənlərə, fəlsəfəsi asvalta sərili qalanlara, rayon camaatı rahat çıxa bilsin deyə sinəsini düşmən gülləsinə sipər edənlərə... rast gələcəksiniz.

Hekayələr zaman, məkan və insani baxımdan zamansız, laməkan və anti-insan kimi görünə bilər. Amma bu, ilk baxışda belədir. Hər anti-bəşər süjetdə bir bəşəri məqam olmalı. Kitabı diqqətlə oxuyan oxucu daha maraqlı nüansları özü tapacaqdır. Əslində müəllif oxucunu kitaba şərik edib. Düşünmək, gizlədilmiş məqamları tapmaq. Arif oxucu sətirlər arasında yazılmamış sətirləri də oxuyandır.

Kitabı "Bakitab", "Bukinist", "Bakumoz", "Yeraltı", "Akadem-Kitab", habelə "Nizami", "28 may", "İnşaatçılar" metrosunun ətrafındakı mağazalardan və bir sıra başqa satış nöqtələrindən 2,5 manata əldə etmək olar.

AzNews.az
Bağla X