22:53
(077) 610-22-33

Gənc yazarlar ədəbiyyatdan nə istəyir?

  • >
1 807 9 Avqust 2012 14:43 | Mədəniyyət

Gənc yazarlarla “qoca” ədəbiyyat söhbəti

Bütün dövrlərdə cəmiyyətin əsas ideya mənbəyi sayılan və heç də rahat ömür sürməyən yazarların yazmaq sevgisi tükənməyib. Nə qədər haqsızlıqlara, təziqlərə məruz qalsalar belə, ədəbiyyat sevgisi onları bu yolda sipər olmağa öyrədib. Əslində şairlərimiz, yazıçılarımız ədəbiyyatı heç vaxt maddi qazanc yeri kimi görməyib, amma müxtəlif dövrlərdə yazarlara yüksək qayğı olub və onların istedadı ummadıqları halda belə, onlara mənəvi və maddi qazanc gətirib. Bəs bu gün Azərbaycanda yetişən gənc yazarların aqibəti necədir? Onlar ədəbiyyatdan nə umurlar, ədəbiyyatla "dolana" bilirlərmi?


"Kitabı öz aləmimdə cəzalandırıram"


Gənc yazar Raqif Raufoğlu deyir ki, Azərbaycanda ədəbiyyatla ancaq dövlət işçiləri dolana bilər: "Əslində ədəbiyyat sırf mənəviyyatla bağlı olduğuna görə yazar kimi ondan umacağım böyük bir şey yoxdur. Sadəcə bu məqamdan istifadə edən işbazlar adamı qıcıqlandırır. Amma oxucu kimi məni qane eləməyən kitabı öz aləmimdə cəzalandırıram. Biz bu il bir neçə gənc yazarla birlikdə "Ölü Yazarlar Dərnəyi" nin eyni adlı kitabını nəşr etdirdik. Biz onun nəşrinə xərclədiyimiz pulu demək olar ki, təqdimatda götürdük. Amma satışla bağlı bəzi narazılıqlar eşidirk. Kitabımız təqdim olunan bəzi satış məntəqələri hüquqlarımızı pozurlar. Ona görə də "Ölü Yazarlar Dərnəyi" gələn ay "Əli və Nino" mağazalar şəbəkəsinin rəhbərinə rəsmi şəkildə müracət ünvanlayacaq. Gələcəyi çox yaxşı görünən qələm yoldaşlarım var, buna ancaq sevinmək lazımdır. Amma istəsən siyahını gətirərsİz, deyərəm kim gələcəyin Qəşəmidir, kim gələcəyin Çingiz Abdullayevi.


Ədəbiyyatın spirt problemi


Gənc yazar Şəbnəm Karslı deyir ki, hesab edir ki, ədəbiyyat umacaq yeri deyil: "Əksinə, ədəbiyyat yazardan ummalıdır. Ədəbiyyatdan maddi umacagım yoxdur. Gəlir yerim başqadı. Kitabın nəşri isə başabaş olur, nə xeyir gətirir, nə ziyan. Gənc yazarların gələcəyinə gəldikdə isə bəzi gənc yazarların gələciyini görə bilməyəcəyimdən qorxuram. Sağlığa zərər verəcək qədər çox spirtli içki qəbul edirlər. Allah sağlıq versin, istedadlı gənc nəsil var ədəbiyyatda. Gələcəklə bağlı ümidlərim böyukdür"


"Biz bir-birimizi təmənnasız sevirik"


İstedadlı gənc yazar Cəlil Cavanşir isə hesab edir ki, Azərbaycanda ədəbiyyatla dolanmaq mümkün deyil: "Bu gün kitab satışı və kitab bazarı çox zəif inkişaf edib. Ancaq tərcümələr, köşə yazıları dolandırır ədəbiyyat adamını. İnanıram ki, nə vaxtsa biz də ədəbiyyatla dolana biləcəyik. Sözün düzü, ədəbiyyatdan heç bir umacağım yoxdur. İnsan sevdiyindən nə isə uma bilməz axı. Ədəbiyyatla mənim aramda böyük bir sevgi var və biz bir-birimizi təmənnasız sevirik. Mən yazıram və yazdıqlarım məni tanıdır. Mən heç bir kitabımdan maddi olaraq heç nə qazanmamışam. İlk kitabımı öz hesabıma çıxarmışam. Amma sonrakı üç kitab "Qanun" nəşriyyatının hesabına çap olunub və mən bu kitabların çapı üçün pul xərcləməmişəm. Bu gün gənc yazarlar Azərbaycan ədəbiyyatının gələcəyini qurur. Əgər qurulan gələcək uğurlu olsa, bu gün populyar olan 5-6 imza yüz ildən sonra da seviləcək. İnanıram ki, biz bacaracağıq".


"Nisyə kitab çap etdirirəm"


Əsəd Qaraqaplan isə ədəbiyyatın qətiyyən pul gətirmədiyini bildirir. Yazar qeyd edir ki, Azərbaycanda ədəbiyyatın pul gətirməsi üçün çoxlu işlər görülməlidir: "Mən cibimdən pul verib, ya da nisyə kitab çap etdirirəm. Üstəlik kitabı dükanlara paylamaq, reklamını qurmaq da öz üzərimə düşür. Bu qədər işi görəcək yazıçı mən təsəvvür eləmirəm. Bunu edən yazıçı, çox fədakar yazıçıdır. Azərbaycanda ədəbiyyatla məşğul olan adamları mən ən fədakar adamlar hesab edirəm. Zabit orduda 25 il xidmət etməyə məcbur olduğu kimi, biz də yazmağa məcburuq. Ancaq dəhşətli məqam odur ki, görürsən ki, bütün saxtakarlıqlarla, alçaqlıqlarla məşğul olan adamlar ədəbiyyatdadır, qələm götürüb yazı yazır, sən daha çox inadla qələmi yerə qoymaq istəmirsə qoy meydanı boş görməsinlər. Bir növ ədəbiyyatın qeyrətini çəkirəm".


"Gənc yazarları fəlakət gözləyir"


Anar Gülümsoy isə deyir ki, ədəbiyyatdan hamı eyni cür istifadə etmir: "Baxır kim necə istifadə edir. Ədəbiyyatdan adına uyğun olanları umuruq. Kitablarımın satışı təəssuf ki, ziyan gətirir, amma mənəvi qazancımız bunu unutdurur. Gənc yazarları gələcəkdə böyük fəlakət gözləyir".


"Yazarın mütləq ikinci bir sənəti də olmalıdır"


"İndiki dövrdə ciddi ədəbiyyatdan pul qazanmaq çətin məsələdir". Bu fikir isə Seyid Raminə məxsusdur. Onun sözlərinə görə, yazarın mütləq ikinci bir sənəti də olmalıdır: "Çünki yazarın öz yazılarından pul qazanması çox çətindi. Ya gərək jurnalistika ilə məşğul olub özünü dolandırasan, ya da imzan elə bir brend olmalıdır ki, kitablarının satışına müsbət təsir göstərsin Ədəbiyyat mənim gündəlik həyat tərzimdir. İlk kitabımı ucuz qiymətə və az tirajla çap etdirmişdim. Kitabın əksəriyyətini dost-tanışa hədiyyə etdim. Belə demək mümkünsə, kitabım nə mənə maddi xeyir gətirdi, nədə ziyan. Gənc yazarların gələcəyi haqqında fikirlərim heç də ürək açan deyil. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var".


Bahadur Qobustan

AzNews.az



Bağla X