09:08
(077) 610-22-33

Sabiq nazir, naşir və astroloq mütaliələrindən danışırlar

  • >
1 332 6 Dekabr 2013 12:59 | Mədəniyyət

Məşhur insanların həyatı hər zaman başqaları üçün maraqlı olub.


Bəs, onların nə oxuduqları necə? Görəsən, ölkəmizdə oxucu sayının azaldığı bu dövrdə kimsə nəsə oxuyurmu?

Bəlkə də heç nə oxumurlar. Cəmiyyətimizdə kitaba münasibət bəlkə məşhurlardan da yan keçməyib?

Müraciət etdiyimiz müxtəlif sahələrdə öz sözünü demiş insanlar arasında kitab oxumağa vaxt tapanları axtardıq.

Şahbaz Xuduoğluna Robin Şarmandan motivasiya


Oxucu kütləsi üçün tanış simalardan başladıq. Məsələn, kitab həvəskarı kimi tanıdığımız, kitabın təbliğatında önəmli rola malik "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu hazırda Robin Şarmanın əlyazma hüququnda olan əsərlərini oxuyur: "R.Şarmanın kitablarının Azərbaycan dilində nəşr hüququnu da almışıq.

Ona görə hansı kitabdan başlamaq lazım gəldiyini müəyyən etməliyəm. Kitab özünü inkişaf və motivasiyadan bəhs edir".

Xuduoğlunun fikrincə, müəllifin bir vəkilin həyatından bəhs edən kitabı çox maraqlıdır:

"Çox tanınan bir vəkildir. Hər kəs ona hörmət edir, böyük imkanları var. Bir gün qəfildən - məhkəmə çıxışı zamanı ürəyi tutur. Xəstələnməsi işinin də əlindən çıxmasına səbəb olur. Hüquqlarını müdafiə etdiyi firma onun xəstələndiyi günün səhəri yeni vəkil tutur.

Firma elə bilir ki, vəkil sağalmayacaq. O isə bütün var dövlətini, mülklərini satıb Hindistana gedir. Himalay dağlarında rahib həyatı yaşayır. 15 il sonra qayıdanda onu işdən çıxaran firma sahibi bu adamı tanımır. O artıq çox gənc və güclü, müdrik bir rahib idi".

Siruz Abasbəyli dünya möcüzələrinə aludə olub


İKT üzrə mütəxəssislərin AzNews.az-a açıqlamasından görünür ki, onların da üstünlük verdikləri bədii əsərlərdir. Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, Azərbaycanın sabiq rabitə naziri, akademik Siruz Abasbəyli AzNews.az-a deyib ki, həmişə eyni vaxtda 2 kitab oxuyur:

"Biri, əsasən, tarixi faktlar, ya da fantastika ilə bağlı olur, digəri isə bədii ədəbiyyat olur. Hal-hazırda dostumuz Alibey Novruzinin kitabını oxuyuram. İndi oxuduğum kitab dünya möcüzələrindən, Alibeyin 400-dən çox arxitektura layihələrindən, 150-dən çox yenilikdən - ixtira və rəsm əsərlərindən bəhs edir.
"Dark and white history" kitabı isə ən məsləhətli kitabdı. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm...

Tanınmış astroloq Səbuhi Rəhimlinin yazdıqlarından fərqli olaraq oxuduqlarının astrologiya elminə dəxli yoxdur. "İlin axırı ancaq kitab yazıram. Ona görə indi kitab oxumağa vaxt yoxdur" deyən astroloq mütaliə etdiyi sonuncu kitabı bir həftə əvvəl tamamlayıb: "Sonuncu oxuduğum Əhməd Şahidovun "Sıfır nöqtəsi" kitabı olub. 1 həftə əvvəl bitirmişəm. Öz dəsti-xətti ilə hədiyyə edib. Quzey Kıprız Türk Cümhuriyyətindən, xüsusən də Rauf Denktaşdan bəhs edən romandır".

S.Rəhimli kitabla bağlı təəssüratlarını AzNews.az-la bölüşüb: "Mən hər şeyi maraqla oxudum. O romanda bilmədiyim çox şeyləri öyrəndim. Bədii tutumu məni o qədər də qane etməsə də, kitab bütövlükdə çox maraqlı və dəyərlidir".

Ruhiyyə
AzNews.az
Bağla X