Nicat Dağlar yazır: Alçaq Mazelli

Nicat Dağlar


Aman Allah, mən hardayam?.. Bu adamlar kimdir? Ola bilməz! Bu adamları mən filmdə görmüşəm...

Onlardı, tanıdım hamısını. Yox! Yox! Məni qara basır, deyəsən dəli oluram!!!

Axı "Yeni Şəfəq" kolxozu çoxdan dağılıb, "Qızıl Bayraq" da yoxdur... Bəs bu adamların buralarda nə işi var?

- Tanıdın məni?

- Bu sənsən?... Yox, mümkün deyil axı...

- Hə, mənəm, yastı Salman.

- Mən səni filmdə görmüşəm. Deməli, sən varıymışsan. Səni
uydurmayıblar. Bəs sən necə sağ qalmısan? Filmin üstündən xeyli vaxt keçib axı...

- Nə film? Kim çəkib? Baxmamışam, vaxtım yoxdur, Çoban Kərəmi yoxlayıb qurtarmamışam hələ. Ölmək? Güldürmə, mən heç vaxt ölməyəcəm. Dünya durduqca mən də var olacam...

- Qurban olum, Kərəmlə işiniz olmasın. O, təmiz adamdır. Həm də arvadı xəstədir. Rüstəm dayı onu xəstəxanaya da göndərmişdi...

- Ətimi tökmə. Nə qədər ki, fermanı Lal Hüseynə tapşırmayıblar, Kərəmin dincliyi olmayacaq. Onun həmişə yağ kəsiri də olacaq, yun kəsiri də. Arvadı isə həmişə zarıyacaq. Ölür, cəhənnəmə ölsün! Sənin Rüstəm dayının isə sümükləri də çürüyüb.

- Yəni deyirsən Lal Hüseynin də qismətinə əbədiyyət yazılıb?

- Əlbətdə, nəinki Lal Hüseynin, elə Yarməmməd də həmişə olacaq.

- Yarməmməd? Hə, bayaqdan deyirəm axı o eynəkli, bəstəboy, çəlimsiz adam da mənə tanış gəlir. Yenə imzasız məktublar yazır?

- Yazır, yazır. Amma artıq Zəmanə dəyişib. İndi Yarməmməd Facebook-dadır. Saxta profillərlə statuslar, şərhlər yazır. "Seva", "Gulya", "Elya", "Mila"... Hamısı Yarməmmədin profilidir.

- Qulaq as, ay yastı Salman, sənin bacın da var idi axı. Hə, yadıma düşdü, Naznaz xanım. Onun axırı necə oldu?

- Sağ və salamatdır. Naznaz indi müxbirdir. Amma adını dəyişib.

- Müxbir? Adı nədir indi?

- Yoooooooo, bunu deyə bilmərəm. Planım pozular. Ona tapşırıq vermişəm ki, Qaraşın məsələsini bitirsin.

- Qaraş sağdır? Mən onu görmək istəyirəm.

- Eeeee, sən nə qəribə adamsan. Əşi, Qaraş sənsən, sənin dostlarındır...

- Alçaqsan sən, oğ....

- Dayan, dayan. Bilirəm nə deyəcəksən. Özünü yorma, bizim işimiz budur. Özü də mənim vaxtımı alma. Yarməmmədlə Lal Hüseyn məni gözləyir, getməliyik, iclasımız var.

- Siz hələ iclas da keçirirsiniz?

- Əlbəttə. İndi bizim partiyamız da var.

- Partiyanız? Sədriniz kimdir?

- Kim olacaq, Kələntər lələş!

- Yox!!! Bu ola bilməz!!! Axı siz buralara necə gəlib çıxmısınız?! Siz filmdəydiniz, filmdə!!! Mən yuxu görürəm, məni qara basır! Siz ölmüsünüz! Yoxsunuz!!!

- Ey, özünə gəl, qışqırma, yuxu-zad görmürsən. Biz həmişə olmuşuq, bu gün də varıq, sabah da olacağıq. Elə bilirsən təkcə bizik buralarda? Bir sağına bax, bir soluna bax...

- Sağa baxıram – Qaloş! Soluma baxıram – anbardar Məmmədxan! Bəs bu arxadakı kimdir? Sifəti tanış gəlir. Dayan, dayan, Yalıncıqdır bu!

- Hə, mən də buradayam.

- Əlindəki nədir?

- Beyrəyin qanlı köynəyi!

- Bəs o ağacın dalında gizlənən kimdir? Ayə, ay gədə, çıx görək kimsən... Sən? Mən elə bilirdim ki, təkcə koxozdakılar gəlib buralara. Baxıram hamınız buradasınız. Hə, Karanti, yenə fürsət gəzirsən. İndi kimi arxadan vuracaqsan?

- Mən indi adamları statuslarla vururam.

- Deməli, sən də Facebook-dasan....

- Hə, özü də sənin dost siyahindayam. Özün qəbul etmisən. Hələ qoca da buradadır. Bir bax, gör tanıya biləcəksən?

- Tanıdım, alçaq Mazelli...

- Hə, mənəm. Sənin dostunam Facebook-da. "Məzi" profili mənimdir də...

- Yox, siz mənim dostum deyilsiz. Baxmayın ki, siyahıdasız. Mənim dostum bilirsiniz kimdir?

- Kim? Hə, yoldaş katibi deyirsən...

- Ata! Ata! Qalx! Qalx! - Oğlumun səsinə oyandım.

- Ata, yastı Salman, Yarməmməd kimdir?

- Niyə soruşuran? Qapıdadılar?

- Yox ey, bayaqdan yuxuda gah Yarməmməd deyirsən, gah da nə bilim ey, alçaq Mazelli... Yuxu görürdün?

- Oğlum, o notebook-u bura gətir. Hamısını bloka qoyacam. "Seva", "Gulya", "Elya", "Mila"...


AzNews.az