09:06
(077) 610-22-33

Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirildi

  • >
569 9 Dekabr 2013 19:50 | Mədəniyyət

Bu gün Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fəttah Heydərov, Ziyafət Əsgərov və digər şəxslər iştirak ediblər.

N. Cəfərov M. Arazı təkcə müasir poeziyamızın yox, ümumən Azərbaycan poeziyasının nəhəng şairlərindən biri kimi qiymətləndirib: "O, xalqın üslubunu ifadə edən sənətkar kimi meydana çıxdı. Ən ağır günlərdə Məmməd Araz susmadı, tarixə çevrildi. Onun ifadəsi, şeir dili mürəkkəb və yeni kəşf olunan dildir, dilimizin tarixində hadisədir. O, misra-misra, bənd-bənd yazmırdı, fikir-fikir yazırdı. Məmməd Araz bir millətin üslubunu ifadə edəcək sənətkar idi. O, xalqa inandı, onu sevdi və xalq da onun bu sevgisini qəlbində yaşatdı".

Millət vəkili Fəttah Heydərov Məmməd Arazla bağlı xatirələrini danışıb, onu sadiq dost, böyük söz ustası kimi dəyərləndirib: "Hər kəs bu gün Məmməd Araz haqqında ən gözəl sözlər söyləyə bilər. Onun şeirləri bizim qəlbimizin şeirləridir, kitabları stolüstü kitablarımızdır. Azərbaycanın harasına gedirsən, Məmməd Arazı xatırlayırsan. Çünki o, vətənin qarış-qarış hər bir guşəsinə şeirlər həsr edib. O, mehriban insan, sadiq dost idi. Məmməd Arazın təkcə şeirləri yox, söhbətləri də ədəbiyyat idi"

Millət vəkili Aqil Abbas şairin ailəsi adından yubiley tədbirinə görə, ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Yubiley tədbirində incəsənət ustaları Məmməd Arazın şeirlərini səsləndirib, sözlərinə yazılan mahnıları ifa ediblər.


AzNews.az
Bağla X