Şair ölüm ayağında: “AYB-nin yardım etmək imkanı yoxdur”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Adil Mirseyidin səhhəti kəskin pisləşib.
Ölüm ayağında olduğu bildirilən şairin müalicəsi üçün isə maddi imkan yoxdur.

AzNews.az-ın əməkdaşı A.Mirseyidin üzvü olduğu AYB tərəfindən ona hansısa yardımın edilib-edilməyəcəyi ilə maraqlanıb.
Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib ki, şairin müalicə xərcləri AYB-nin imkanları xaricindədir:

"Biz bilirik ki, Adil Mirseyid uzun müddətdir ki, xəstədir. Amma Yazıçılar Birliyinin elə bir imkanı yoxdur ki, ona əl tutsun. Yazıçıların fondu yox, bir imkanı yox. Biz neyləyək axı. Onun müalicəsini təşkil eləmək imkanı bizdə yoxdur".

Onun sözlərinə görə, A.Mirseyidin həyat yoldaşı iki gün bundan öncə kömək üçün Yazıçılar Birliyinə gəlib: "Onun həyat yoldaşı Yazıçılar Birliyinə gəldi. Xahiş etdi, Adilin müalicəsi üçün pul lazımdır. Yazıçılar Birliyinin problemi çoxdur. Hər kəs də öz maşını alır. Aldıqları maaş isə ailələrinə yetmir. Kim pulunu verər? Nə də bu pul yığmaqla başa gələn şey deyil".

"Anar Rzayev rəhbərlik etdiyi qurumun A.Mirseyidin müalicəsi üçün müraciət edə bilməzmi" sualına F.Qoca belə cavab verdi: "Anar müəllim burada yoxdur, Almaniyadadır. Qoy gəlsin, danışaq, görək nə deyəcək. Amma onun müalicəsi mümkünsüz bir şeydir". Xatırladaq ki, Yazıçılar Birliyinin üzvü Adil Mirseyid ölüm ayağındadır. O, qaraciyər serrozundan əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az