Nuridə Atəşi: “Kişisiz yaşaya bilərəm, kitabsız yox”

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqlarından olan şairə Nuridə Atəşi kişisiz yaşaya biləcəyini, amma kitabsız yaşamağın mümkün olmadığını deyir:

"Çox təəssüf edirəm ki, kitaba maraq azalıb. İnsanlar artıq e-book oxumağa üstünlük verirlər. Kitab mağazalarına, kitabxanaya getməkdənsə, hər şeyi internetdən sifariş edirlər. Belə getsə, 10 il sonra kitab mağazaları iflas edəcək. Mənim 5 dildə topladığım 15 minlik bir kitabxanam var.

Mən kişisiz yasaya bilərəm, kitabsız yox. İndi yalnız tarix və arxeologiyaya dair kitablar oxuyuram. Yastığımın altında, yemək masamda həmişə kitabım var. Təbii ki, daha çox almanca oxuyuram. Xüsusən klassik ədəbiyyatı. Kriminal əsərləri heç sevmirəm. İnsan çox oxuduqca az bildiyinin fərqinə varır".

"Mirzə Cəlilin bir felyetonunu yüz-yüz romana dəyişmərəm"




Bədii qiraətçi Ağalar Bayramov isə bütün klassikləri hər gün təkrarladığını deyir:

"Füzuli, Sabir, Seyid Əzim Şirvani, Mirzə Cəlil, Məmməd Araz, Musa Yaqub, Ramiz Qusarçaylı, Əjdər Ol, Sabir Sarvan, ümumiyyətlə kimliyindən asılı olmayaraq, günün nəbzini tutan, ürəyimdən keçənlərə cavab verən əsl poeziya. Və nəhayət Mirzə Cəlilin felyetonları. Ondan qidalanıram, özümə , millətimə boylanıram. Çox mətləblərə işıq salır o felyetonlar. Mirzə Cəlilin bir felyetonunu yüz-yüz romana dəyişmərəm".

"Bu əsər çox mükəmməldir"




Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlının sözlərinə görə isə, son olaraq Ernes Muldaşovun əsərini oxuyub:

""Ot koqo mı proizaşli" əsərini təkrar oxudum. Çox gözəl əsərdir. Onu oxuyandan sonra həyatımın və dünyanın gedişatını rahatlıq ovqatıyla izləyə bilirəm. Bu əsər çox mükəmməldir. Və deyim ki, Blavatskaya, Ştayner kimi müəlliflər ədəbiyyatda çoxdan olsalar da, bizim postsovet məkanında təzə cərəyandır. Həyatda özünə rahatlıq tapa bilmək arzusunda olanlar bu əsərdən bəhrələnə bilərlər".

"Kitab - yalnızların və yalqızların həmdəmi, sirdaşıdır"




Güney Azərbaycan Milli Hərəkatının Amerikada yaşayan lideri Mahmudəli Çöhrəqanlı hazırda "Avrasiya Dosyası: İRAN ÖZEL" adlı Türkiyədə çap olunmuş kitabı oxuyur: "Hamının bildiyi kimi kitab işığın, nurun, elm və bilimin, gerçəklərin, haqq və hüququn qaynağı, coşub-daşan bulağıdır. Kitab- yalnızların və yalqızların həmdəmi, sirdaşıdır".

Bahar Rüstəmli
AzNews.az