“Nazirin giley-güzarı, narazılığı haqlıdır" “Nazirin giley-güzarı, narazılığı haqlıdır"

Teatr təmsilçilərindən Əbülfəs Qarayevin tənqidinə CAVAB

“Nazirin giley-güzarı, narazılığı haqlıdır"





Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında teatrların repertuarından narazılıq edib.

Nazir ötən müddətdə Azərbaycan teatrlarının, musiqi kollektivlərinin bir sıra xarici ölkələrdə qastrollarda olduğunu bildirsə də, narazılığını ifadə edib:

"Teatrların iş cədvəli, teatr və musiqi kollektivlətinin repertuarı məni natahat edir. Dəfələrlə demişəm ki, teatrlar 2 səpkidə teatr hazırlamalıdırlar. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər".

Teatr təmsilçiləri, aktyor və dramaturqlar Əbülfəs Qarayevin fikirlərinə münasibəti AzNews.az-la bölüşüb.

Musiqili Teatrın direktor müavini Elxan Ocaqov AzNews.az-a açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin çıxışından xəbərsiz olduğunu bildirib: "Mən neçə vaxtdır ki, işə getmirəm, xəstəyəm. Ayaqlarım gipisdədir. Tanış olmadığım mövzu ilə bağlı heç nə deyə bilmərəm".

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı isə Akademik Milli Dram Teatrının repertuarını sərt tənqid edib: "Mənə elə gəlir ki, repertuarlarda istiqamət, yönəlmə yoxdur. Ayrı-ayrılıqda yaxşı əsərlər olsa da mənə eklektik görünür. Keçmışə qayıdanlardan acığım gəlir, insan gələcəyə baxmalıdır. Lakin əvvəllər ideya istiqaməti vardı, güclüydü.

İndi isə bir çox teatrların repertuarına baxıram, xüsusiə Milli Dram Teatrına. Teatr haqqda bitkin bir fikir demək olmur. Elə bil cəmiyyətin problemlərindən uzaq, xəbərsiz, çox vaxt da heç dəxli olmayan tamaşalar təsiri bağışlayır. Xüsusilə də gəlmə rejissorların tamaşaları".

Yazıçı-dramatuq Firuz Mustafa Mədəniyyət və Turizm naziri Ə.Qarayevin narazılığını haqlı hesab edir:

"Nazirin giley-güzarı, narazılığı haqlıdır. Həqiqətən, bizim teatrların bir çoxunda teatr siyasəti düzgün aparılmır. Bütün dünyada repertuarı bədii rəhbər və ya rejissor, əsasən də baş rejissor formalaşdırır. Bizdə isə bu işi daha çox direktorlar icra etməyə çalışırlar. Bu acınacaqlı haldır ki, məsələn, "Azdrama"da hələ də baş rejissor yoxdur. Orada deyəsən heç rejissor da yoxdur. Tamaşalar da göz qabağında: zəif, ölü, mənasız.

Mən oradakı aktyorların hamısını tanıyıram. Onlar repertuardan sönbət düşəndə az qala yaylıq götürüb ağlayırlar. Çoxu sadəcə olaraq qorxudan səsini çıxarmır. Fikirləşirlər ki, birdən aldıqları cüzi maaş da əldən çıxar. Direktor isə təyin olunan gündən xaricdə rejissor axtarışındadır. Biz bu vəziyyəti belə qoya bilmərik. Teatrlara yeni nəfəs verilməlidir. Rejissorlar attestasiyadan keçirilməlidir. Teatrın repertuarı rejissora həvalə olunmalıdır. Teatra öz şöhrətini qaytarmalıyıq".

Bahar Rüstəmli
AzNews.az