10:57
(077) 610-22-33

Əməkdar artist: “Filarmoniyaya Murad Adıgözəlov kimi passiv direktor lazım deyil”

  • >
7 077 16 Avqust 2012 10:23 | Mədəniyyət

Əməkdar artist, milli rəqsimizin canlı əfsanəsi Kamil Dadaşovun AzNews.az-a müsahibəsi:


- Kamil müəllim, Siz uzun illər Azərbaycan Dövlət Filarmoniyasında işləmisiniz. Bu müddət ərzində neçə rəhbər görmüsünüz?


- Vaxtilə Azərbaycan Dövlət Filarmoniyasına Niyazi, Səid Rüstəmov, Şəmsi Bədəlbəyli kimi korifeylər rəhbərlik edib. Adları çəkilən bu sənətkarlar istər sənət dünyasında, istərsə də yaradıcılıqda və idarəçilikdə "əjdaha" rəhbərlər idi. Mən inanmıram ki, bundan sonra filarmoniyaya belə bir rəhbər gəlsin.


- Bəs, Murad Adıgözəlov... Onun adını çəkmədiniz. Adlarını çəkdiyiniz korifeylərlə Murad Adıgözəlov arasında fərq nədən ibarətdir?


- Fərq böyükdür. Hansını deyim? Bəyəm, birdir, ikidir. Saymaqla qurtaran deyil.


- Məsələn...


- Birincisi yaş məsələsidir. Səhnədə, yaradıcı adam üçün bu çox önəmlidir. İkincisi, bilikdir. Yaradıcı şəxs savadlı olmalıdır. Təyin olunduğu qurumun işini bilməlidir. Üçüncüsü, o rəhbər xalqın musiqisini, talantlı şəxslərini daima axtarıb tapmalı və onları sevməlidir. Daha kabinet direktoru yox.


- Sözlərinizdən belə çıxır ki, Murad Adıgözəlov kabinet direktorudur?


- Əlbəttə. Gəzən, tapan, axtarışda olan və düzgün qərar çıxaran direktor olmaq lazımdır. Direktor rəhbərlik etdiyi qurumun bütün tədbirlərində iştirak etməlidir. Həm Mahnı və Rəqs Ansamblı, həm xor, həm kopella, bir sözlə, bütün kollektivin rəqslərinə baxmalı və oxuyanlara qulaq asmalıdır. Son söz onundur. Niyazi belə bir rəhbər olub. Filarmoniyaya Murad Adıgözəlov kimi passiv direktor lazım deyil. Allah rəhmət eləsin onlara. Mən onlarla çox işləmişəm. Direktor pisi yaxşıdan seçməyi bacarmalıdır. Bir dəfə Murad müəllimin qəbuluna getdim. Cavanlığımı qoyduğum filarmoniyanın qəbul otağında saatlarla gözlədim. Murad Adıgözəlov nə etsə yaxşıdır? O, məni qəbul etmədi.


- Onunla hansı məsələ haqqında danışacaqdınız?


-Bir layihə vardı. Bütün rayonların iştirakı ilə "Bir bağçanın çiçəkləri" adlı müsabiqə keçirmək istəyirdim. Sübut eləmək istəyirdim ki, Azərbaycan xalqının belə rəqsləri var və onlar unudulmayıb. Biz belə müsabiqələri çox keçirmişik. Xarici ölkələrə də belə müsabiqələr yolu ilə getmişik. Bu günün direktorlarının bir devizi var-əlinin altında işləyənlər rəhbərliyin gözünün qarşısında yaxşı görsənsinlər, vəssalam. Murad məni qəbul etmədi. Axırda müavini qəbul etdi. Mən də onun bu hərəkətinin qarşısında susmadım, sözümü dedim. Dedim ki, mən bura sizin deyil, direktorun yanına gəlmişəm. Nə isə, Mahnı Teatrında həmin müsabiqəni bir təhər də olsa, keçirdim. Özü də dar bir çərçivədə. Müsabiqədə ancaq şəhərdə yaşayan kollektivlər iştirak etdi. Rayonlardan adamlar gətirə bilmədik. Muradın atası məni çox istəyirdi. Rəhmətlik çox yaxşı sənətkar idi, sənətə, ifaçıya qiymət verən şəxsiyyət idi. Murad gözəl musiqiçidir, amma həqiqət budur ki, Murad kollektivi idarə edə bilmir. Ondan əvvəl olan rəhbərlər kollektivlə birgə yaşayırdı, dərdi-səri bir idi. Müdir belə olmalıdır. Nə lazımdır sualı yaddan çıxmalı deyil. Proqramlar dəyişməlidir. Təzə rəqslər, yeni süitalar yazılmalıdır. Əvvəl belə idi. Hanı yeni rəqslər? Bu gün elə bir adam göstərin ki, Mahnı və Rəqs ansamblı üçün süita yazsın. Yoxdur. Soltan Hacıbəyovun süitaları filarmoniyanın podvalında itib batır. Onları çıxarıb proqrama salmaq lazımdır. Bəs bunları kim və nə vaxt edəcək? Cavanlıq başqa şeydir. İşləmək ona sərf etmir. Mənim onunla yaxınlığım yoxdur. Heç olmasını da istəmirəm. O, mənim kimi sənətkarı qəbul etmədi. Gərək Azərbaycanı, onun musiqi xəzinəsini daxilindən yaşadasan. Yalandan "Mən Azərbaycanı sevirəm" deməklə deyil. Sənət, xalq yolunda ürəklə işləyəsən. Daha oturub kabinetində "onu belə edin", "bunu niyə etmədiniz" deməklə iş bitmir. Belə direktor olmaz. Heç bilirsiniz nə edirlər? Yaxud da nə etmirlər? Mahnı və Rəqs Ansamblı, Kopella, Simfonik Orkest və s. Görün nə qədər kollektiv var. Mahnı və Rəqs Ansamblı batıb gedir. Dövlət Rəqs Ansamblı 700 manat aldığı bir zamanda Mahnı və Rəqs Ansamblı 200-300 manat alır. Rəqslər eynidir. Bəs, bu necə olur? Mahnı və Rəqs Ansamblında "əjdaha" oynayanlar var. Belə şeylər olmamalıdır. Buna müdir diqqət etməlidir. Görün o, kimin oğludur? Bəlkə də vəzifədə ona görə saxlayıblar. Sənətkar olmaq asandır, idarəçiliksə çətin.


Lalə

AzNews.az

Bağla X