Azərbaycanın ən bahalı serialı niyə yarımçıq qaldı? - Açıqlama

Azərbaycanda çəkilən və ATV kanalında yayımlanan serialın çəkilişləri qəfil dayanıb.


Gürcü rejissoru İrakli Alekidzedinin çəkdiyi "Həyat çiçəyi"nin yarımçıq qalma səbəbləri hələ ki, açıqlanmır.

Məlumat üçün deyək ki, serialda Xalq artisti Fəxrəddin Manafov, Fuad Poladov, Mehriban Zəki, Oleq Əmirbəyov, Mələk Abbaszadə, Mətanət Atakişiyeva, Günel Məmmədova kimi məşhur sənət adamları oynayırdı.

AzNews.az kifayət qədər maliyyə vəsaiti ayrılan və Azərbaycanın ən tanınmış aktyor heyətinin rol aldığı serialın nümayişinin dayandırılması səbəbi ilə maraqlanıb.

Xalq artisti Fəxrəddin Manafov "Həyat çiçəyi" serialının nümayişinin yarımçıq saxlanmasının səbəbinin bilmədiyini deyib:



"Bunu yalnız ATV kanalı bilər. Heç bir məlumata malik deyiləm.

Amma çəkildiyim müddətdə mənə çatacaq qonorarımı almışam".

Xalq artisti Fuad Poladovun sözlərinə görə, "Həyat çiçəyi" 10 seriyadan sonra ömrünü başa vurub:


"40 sriya olmalıydı, 10 seriya çəkildi, günlərin birində dedilər ki, serial daha çəkilməyəcək, dondurulub. Bizə də bu barədə heç nə demədilər. Amma ən azı serialın nə üçün dayandığı haqda məlumat verilməliydi".

Əməkdar artist Xalidə Quliyevanın fikrincə, Azərbaycanın ən tanınmış aktyorlarının yer aldığı serialın dayanması bir çox qaranlıq mətləblərdən xəbər verir:


"Serial dayandı və səbəbini də demədilər. Bəlkə kimsə bunun dayanma səbəbini bilir. Hər halda digər seriallarla müqayisədə bu serial maraqlı idi. Aktyorlar sevilirdi. Tanınmış aktyorlar oynayırdı. Tamaşaçının peşəkar aktyora ehtiyacı var, acdır camaat".

Mövzunu davam etdirəcəyik.

Bahar Rüstəmli
AzNews.az