04:09
(077) 610-22-33

Şahbaz Xuduoğlunun tərcüməsində “Əcnəbi qadın”

  • >
663 15 Yanvar 2014 12:00 | Mədəniyyət

"Qanun" Nəşrlər Evi Sovet mühacir-yazıçılarının "üçüncü" dalğasının nümayəndəsi Sergey Dovlatovun "Əcnəbi qadın" romanını nəşr edib.

Qeyri-adi yumorla yazılan əsərin qəhrəmanı Marusya Sovet İttifaqında, Kommunist Partiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sadəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarıb. Əsərdə Marusyanın timsalında Sovet İttifaqından gedən mühacirlərin həyatı təsvir olunur.

Əsərin tərcüməçisi Şahbaz Xuduoğlu tərcümə zamanı müəllifin üslubunu qoruyub. "Əcnəbi qadın" əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.

Adı Azərbaycan oxucularına tanış olan Sergey Dovlatov 1941-ci ildə ailəsinin köçürüldüyü Ufada doğulub. Sonralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsinin məzunudur. İlk hekayələrini yazan gündən "dissident" sayılıb. Sovet ədəbiyyat jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb.

İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan "çıxarıb". 1976-cı ildə bir sıra hekayələri Qərbdə - "Kontinent", "Zaman və biz" jurnallarında çap olunub və buna görə SSRİ Jurnalistlər İttifaqından xaric edilib. 1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. Nyu-Yorkda yaşadığı ilk vaxtlar qalmaqallı "Yeni amerikalı" qəzetini buraxıb. 1980-ci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşıb. Hekayələri dəfələrlə rus yazıçılarından heç birinin "yaxın buraxılmadığı" "New Uorker" jurnalında çap olunub. S.Dovlatov bu sahədə istisna təşkil edib.

1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edən S.Dovlatovun 12 illik mühacir həyatı ərzində ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu əsasən radiodakı verilişlərinə görə tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları, "Seçilmiş əsərlər"i nəşr edilib.

"Əcnəbi qadın" romanından əvvəl Dovlatovun Azərbaycan dilində yalnız bir neçə hekayəsi Natiq Səfərov tərəfindən tərcümə olunub.
Xatırladaq ki, Sergey Dovlatovun Azərbaycan dilində tərcümə və yayım hüquqları yalnız "Qanun" Nəşriyyatına məxsusdur.

Elnur
AzNews.az
Bağla X