18:46
(077) 610-22-33

Hüseynbala Mirələmov, Rəşid Hacılı və Şərif Ağayar

  • >
1 136 21 Yanvar 2014 14:13 | Mədəniyyət

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları millət vəkili Hüseynbala Mirələmov, hüquq müdafiəçisi Rəşid Hacılı və şair Şərif Ağayardır.

"Bu yazıçının ruhu qarşısında baş əyirəm"


Yazıçı, dramaturq, millət vəkili Hüseynbala Mirələmov oxuduğu Mixail Şoloxovun "Sakit Don" romanının əsl möcüzə olduğunu dedi:


""Sakit-Don" roman-epopeyasını bu günlərda bitirdim. Mən bu əsəri orta məktəb illərində oxumuşdum. Bir dünyadır. Bu əsər Kazakların həyatını əks etdirən nəhəng bir güzgüdür. İnsanı necə də ustalıqla "sökür" və yenidən "yığır". Bu yazıçının ruhu qarşısında baş əyirəm. Əsl möcüzədir. Zövq aldım. Ruhum dincəldi. Kitabı rus dilindən tərcümə edən Cahanbaxış Cavadzadənin əməyi də təqdirə layiqdir".

"Orhan Pamuk haqqında…"


Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə Orhan Pamukun "Bəyaz qalası"nı oxuyub:



"Son oxuduğum, təxminən 1 ay öncə, Orhan Pamukun "Bəyaz qala"sı olub. Yazar haqqında nəsə deməyə ehtiyac yox. Əsər siyasi romandır. Bədii əsər vasitəsilə, incə bədii priyomlar iki dünyagörüşü, iki sivilizasiya və mədəniyyətlər arasında fərqləri göstərmək cəhdidir. Osmanlı kimi tarixdə ad qoymuş bir siyasi və mədəni varlığın göz önündə zəifləməsinin, məğlub olmasının səbəblərini axtarmaq cəhdidir".

"Hər kəs öz həyatını qalın bir kitab hesab edir"


Şair Şərif Ağayarın fikirincə, Sartrın "Sözlər"dən çox ciddi məsələlər öyrənmək olar:


"Son vaxtlar Knut Hamsunun "Aclıq" romanını oxumuşam. Hazırda Sartrın "Sözlər"ini oxuyuram. Hər iki əsər çox məşhurdur. Nəsə təhlil etməyə lüzum görmürəm. Bircə onu söyləyim ki, "Sözlər"dən çox ciddi məsələlər öyrənmək olar. Əsas da, avtobioqrafik detallardan ciddi ədəbiyyat yaratmağın yollarını...

Bildiyiniz kimi, bizdə hər kəs öz həyatını qalın bir kitab hesab edir. Əslinə qalsa bu belədir. Ancaq fərdi problemlər o zaman sənət əsərinə çevrilə bilir ki, ictimai əhəmiyyət kəsb etsin. Hamının atası ölə bilər. Ancaq hamı Əli Kərimin "Ata" şeirini yaza bilməz. Sartrın atası vaxtsız ölüb. O, bu hadisədən elə nəticələr çıxararaq yazıb ki, adamın əli üzündə qalır. Öz balacalağından, cılızlığından utanırsan. Bir də kitabda diqqətimi çəkən intellektuallıq və səmimiyyət məsələsidir.

Fikirləşirəm ki, bu barədə bir yazı yazım. Bizdə səhvən düşünürlər ki, intellektual adamlar səmimiyyəti itirirlər. Başqa sahələri bilmirəm, ədəbiyyatda belə deyil.

"Sözlər" mən deyənləri sübut edir. Bildiyiniz kimi, oxşar məsələ ilə bağlı Orxan Pamukun da bir əsəri var: "Saf və düşüncəli". Maraqlı mövzudur..."

Bahar Rüstəmli
AzNews.az
Bağla X