Gürcü rejissoru Azərbaycanın qalmaqallı serialından danışdı – Müsahibə


Gürcü rejissoru İrakli Apakidzenin AzNews.az-a müsahibəsi:


- "Ultra Prodakşn"ının istehsalı olan "Həyat çiçəyi" teleserialının çəkilişləri 10 seriyadan sonra dayandırıldı. Qəribəsi odur ki, serialın nə üçün dayandırılması yaradıcı heyətə hələ də açıqlanmayıb. "Həyat çiçəyi" niyə donduruldu?


- Bu sualı mənə yox, bu layihəyə məsul olan şəxslərdən soruşmaq lazımdır. Mən bu serialın yaradıcılıq məsələləri ilə məsul olmuşam. Baxmayaraq ki, problemlər yarandı, amma mən problemlər aradan qalxdıqdan sonra filmin çəkilişlərini davam etdirilməsinə hazıram.

- Layihəyə məsul şəxslər deyəndə kimləri nəzərdə tutursuz?


- Əvvəlcə onu bildirim ki, bu müstəqillik dövründən sonra iki ölkə arasında incəsənət nümayəndələrinin ilk layihəsi idi. Hesab edirəm ki, həm çəkilişlər, həm də tamaşaçı marağı baxımından serial uğurlu alındı. Mən bu layihəni həyata keçirən insanlara öz təşəkkürümü bildirirəm. Mənə bildirilmişdi ki, serial dövlət sifarişi əsasında çəkilir. Milli Televiziya və Radio Yayımı Şurası tərəfindən də dəstəklənib.

-Deyirsiniz ki, serial dövlət sifarişidir. Dövlət sifarişi olan serialın çəkilişinin dayandırılması "çıxın, getdik, sabahdan gəlməyin" deməklə olmur. Yəni, hər halda bunun ciddi bir səbəbi olmalıdır…


- Əlbəttə ki, serialın çəkilişinin dayandırılması hansısa problemlə bağlı oldu. Ancaq çəkilişlərin normal getdiyi bir zamanda prosesin dayandırılması mənə də maraqlı gəldi. Çünki məndə olan məlumata görə, çəkilişlərə məsul olan şirkətlə hər hansı bir problem yox idi. Mənə deyilib ki, hazırda problemin həlli üçün tərəflər arasında danışıqlar aparılır.

- Tərəflər deyərkən kimi nəzərdə tutursunuz?


- Tərəflərdən biri də serialın yayımlandığı ATV kanalıdır. Hansısa maliyyə məsələləri ilə bağlı müzakirələr gedir. Yaranmış bu və ya digər problemlərə, maliyyə suallarına mən tamamilə qarışmıram. Mən bu layihənin müəllifi olsam da, məsələnin tam yaradıcı tərəfləri ilə məşğul olan rejissoram. Əgər təşkilatçılar təkrar olaraq, serialın çəkilişlərinin nə vaxtsa başlanılacağını mənə bildirsələr, Bakıya qayıdıb çəkilişlərə yenidən başlayacağıq.

Mən və bütün çəkiliş qrupu buna hazırıq. İnanıram ki, yaranmış bütün suallar cavabını tapacaq və bu uğurlu layihə davam etdiriləcək. Çünki bu hələ layihənin əvvəlidir. Ssenaridə əsas maraqlı məqamlar irəlidəki seriyalarda görüləcək. Bilirəm ki, Azərbaycan tamaşaçısı üçün filmin ilk 10 seriyası maraqla qarşılanıb.

Ümid edirəm ki serialın çəkilişləri bu baxımından davam etdiriləcək. Filmin çəkilməsinə məsul şəxslər yaranmış bütün problemlərin aradan qaldırılmasına nail olacaqlar.

-Deyilənə görə, ATV kanalı layihənin dayandırılmasına əsas səbəb kimi serialın reytinqinin aşağı olmasını bildirib. Yəni, guya serial kanalın reytinq cədvəlində son sırada olub?


- Serialın dayandırılması ilə bağlı aktyorların təəssüflənməsini anlayıram. Mən fürsətdən istifadə edib orada çalışan bütün aktyor heyətinə təşəkkürümü bildirirəm. Açıq şəkildə deyim ki, mən həmin aktyorlarla birgə işləməkdən zövq aldım. O ki qaldı serialın reytinqi ilə bağlı yayılan söhbətə, yəni guya reytinqin aşağı olmasına bu məsələ ilə tamamilə razı deyiləm. Serial reytinqinə görə öncül yerlərdən birini tutub.

Bu açıqlamanı verən adamın kimliyi mənim üçün çox maraqlıdır. Əgər bunun da dəqiqliyini yoxlamaq istəyirsinizsə telekanaldan filmin reytinqi ilə bağlı rəqəmləri rəsmi olaraq tələb edin. Serialın reytinqi çox yüksək faizlə davam etmişdir. Serial ATV kanalının yalnız bir serialından geri qalırdı. Yəni, reytinqin aşağı olması ilə bağlı iddiaları tam ciddi olaraq təkzib edirəm. Əgər telekanal bunu serialın dayandırılması üçün əsas gətirirsə buna çox təəssüf edirəm.

-"Həyat çiçəyi" bundan əvvəl hansı ölkənin layihəsi olub?

-3 il bundan əvvəl bu layihə Gürcüstanda mənim tərəfimdən həyata keçirilib. Çox uğurlu alınıb. "Rustavi-2" kanalında yayımlanıb. Orada bu layihə 67 seriya, Azərbaycanda isə 47 seriya olmalı idi. Hər halda olanlara çox üzülürəm…

Bahar Rüstəmli
AzNews.az