“Dünya filosofları”nın “Etiraf”ından “7 hekayə”

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir. Layihənin budəfəki qonaqları Milli Şuranın sədri Cəmil Həsənli, millət vəkili Fazil Mustafa və teatrşünas İlham Rəhimlidir.


Milli Şuranın sədri, professor Cəmil Həsənli AzNews.az-a açıqlamasında Lev Tolstoyun "Etiraf" əsərindən danışıb:

"Bu yaxınlarda Elşən Qurbanovun tərcüməsində Lev Tolstoyun 2013-cü ildə çapdan çıxmış "Etiraf" əsərini oxudum. "Etiraf" Tolstoyun qələmində yeni mənəvi keyfiyyət kəsb edir. Vaxtilə bu əsəri rus dilində oxumuşdum. Bir də qayıtdım bu əsərə, yaxşı tərcümədir. Əsərin baş qəhrəmanı müəllifin özüdür, keçdiyi həyat yolunu yüksək bədii səviyyədə qələmə alıb. Bir də Əli Novruzovun "Yeddi hekayə"si maraqlıdır. Onu da yol gedəndə oxudum. Kitabçada alleqorik, millətçi, solçu, romantik, absurd, post-modern hekayələr var. Sanki yazıçı bu hekayələrlə oxucuya ədəbi "Bonus" verir.

Teatrşünas İlham Rəhimli isə Əlisa Nicatın "Dünya filosofları"dan söz acıb: "Əlisa Nicatın "Dünya filosofları"nı oxumuşam. Dünyanın yüzdən çox filosofu barədə yığcam məlumat verir. Hər birinin fəlsəfi konsepsiyasının mahiyyətini və məğzini açır".

Millət vəkili Fazil Mustafa deyir ki, sonuncu dəfə oxuduğu kitabda gələcəklə bağlı proqnozlar verilib:

"Son oxuduğum kitab İstanbulda "İlətişim" Yayınlarının 2010-cu ildə nəşr etdiyi, ABŞ müəllifi Cefrey Vasserstromun "21. yüzyılda Çin" kitabıdır. Burada Çinin inkişafının səbəbləri, müasir Çin sisteminin gələcəyi ilə bağlı proqnozlar öz əksini tapıb. Bir vaxtlar çöküş içində, ideoloji fəlakət yaşayan bir cəmiyyətin iqtisadi modernləşməsi və demokratiya baxımından natamamlıqları ustalıqla təhlil olunub".

Bahar Rüstəmli
AzNews.az