07:40
(077) 610-22-33

Məhəmməd Əmin Rəsulzadə - 130

  • >
796 31 Yanvar 2014 09:12 | Mədəniyyət


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.


AzNews.az-ın məlumatına görə, M.Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-ci ildə Qacar İranına mühacirət edib və bir müddət orada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, Məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə silahdaşları ilə birlikdə Şərqdə ilk respublika sistemli dövlətin yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilir.

AzNews.az
Bağla X