“Aşıqların savadsız olması ilə bağlı deyilən fikirlərlə tamamilə razıyam” “Aşıqların savadsız olması ilə bağlı deyilən fikirlərlə tamamilə razıyam”

Aşıq Əli: “Aşıqların heç biri not bilmir”- Müsahibə

“Aşıqların savadsız olması ilə bağlı deyilən fikirlərlə tamamilə razıyam”

Aşıq Əli Tapdıqoğlunun AzNews.az-a müsahibəsi


- Son zamanlar aşıq sənətilə bağlı harada bir tədbir, müzakirə oldu, siz orada olursuz. Bu sənət üçün elədiklərinizi bilmək istərdim...


- Azərbaycan aşıq sənətini xarici ölkələrdə çox təbliğ etmişəm. Məsələn, Fransa, İraq, Türkiyə və s. Bu ölkələrdə əsasən festivallarda olmuşam. Həmin festivallarda təkcə aşıq sənəti deyil, Azərbaycan mədəniyyətinin bütün növləri təbliğ edilib. Ən çox da muğam ifaçıları üstünlük təşkil edir.


- Bəs, Aşıqlar Birliyinin xətti ilə hansı ölkəyə dəvət alımısız?


- Aşıqlar Birliyinin dəvəti ilə bir çox yerlərə getmişəm.


- Məsələn...


- Nə bilim. Heç yadımda qalmayıb. Əsasən Azərbaycanda keçirilən tədbirlərdə iştirak etmişəm. Hələ ki, Azərbaycan Aşıqlar Birliyindən xarici ölkəyə getmək səlahiyyəti bizə gəlib çatmayıb. Mədəniyyət və Turizm İdarəsinin icazəsi olmadan heç bir yerə gedə bilmərik.


- Deyirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə xarici ölkələrdə keçirilən festivallarda iştirak etmisiniz. Bəs, o halda Aşıqlar Birliyi Sizi niyə belə tədbirlərdən kənarda saxlayır?


- Bilmirəm. Ümumiyyətlə, Aşıqlar Birliyi hansısa tədbirə aşıq göndərib? Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Fransada keçirilən mərasimdə Şirvan aşıq məktəbini təmsil etmişəm. Həmin tədbirə mənim namizədliyimi Elmlər Akademiyasında aşıq sənətinin YUNESKO təmsilçisi Sənubər Bağırova vermişdi. Aşıq Vüqar Mahmudoğlu, Almurad Şirvanlı... Biz Fransaya gedəndə aşıq sənəti artıq YUNESKO-da qəbul olunmuşdu. Bizi orada elə qarşıladılar ki, bundan sonra yüz il də keçsə, yadımdan çıxan deyil. Fransada Azərbaycanın folklor sənətinə çox yüksək qiymət verirlər. Əsasən də muğam və aşıq sənətinə. Bu sənətlərin hansı nümayiş olunursa-olunsun zalda quş da uça bilməz. O diqqətin qarşılığıdır ki, orada iki gün konsert verdik.


- Repertuarda nələr, hansı dastanlar vardı?


- Mən orada "Gəraylı" və ritmik havalar oxudum.


- O tədbirdə Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da qatılmışdı?

- Xeyir. O tədbirdə Sənubər xanım iştirak edirdi.


- Muğamda olduğu kimi aşıq sənətində də regionçuluq baş alıb. Şivran, Borçalı, Göyçə aşıq məktəbinin nümayəndələri bir-birini qırır, hamı mənəm-mənəm deyir?


- Bəli. Bu göz qarşısındadır. Yaranmış vəziyyəti istəsələr də gizlədə bilməzlər.


- Şirvan aşıq məktəbi başqalarından nəylə fərqlənir?


- Hər bir məktəbin öz gözəlliyi, öz tamaşaçısı var. Şirvan aşıq sənətinin başqa məktəblərdən bir üstünlüyü var: Şirvan aşıq sənəti ritmik melodiyasına köklənib. Bundan başqa, onun içərisində ağır havalar da var. Məsələn, "Şivran gəraylısı", "Döymə Kərəmi şikəstəsi", "Peşrovlar", "Güllü qafiyə", "Qara qafiyə". Düzdür, bu havalar tez-tez istifadə olunmur, onların sayı çoxdur. Bunları yaddan çıxarmaq olmaz. Şirvan aşıq məktəbini başqalarından fərqləndirən daha bir amil var.


- Sirr deyilsə, o hansı amildir?


- Şirvan aşıq məktəbində rəqs var. Ümumiyyətlə, aşıq gərək rəqs etməyi, aktyorluğu da bacarsın. Hətta yeri gələndə muğam da oxumalıdır. Bunlar hamısı iç-içə oturmalıdır. Bu əlamətlər az da olsa Qərb aşıqlarında var. Amma onları konkret olaraq, hansısa bir ritm müşahidə etmir.


- Deyirsiniz ki, Şirvan aşıq məktəbi başqalarından oynaqlığı, ritmliliyi ilə fərqlənir. Etiraf edək ki, başqa bölgələrin aşıqları elə bu xüsusiyyətə görə, təmsil etdiyiniz bölgənin aşıqlarını qəbul etmir?


- Mən bu fikirdən razı deyiləm. Düzdür, əvvəllər Şirvan aşıq məktəbinin nümayəndələrini qəbul etmirdilər. Amma bu gün elə bir aşıq tapmazsan ki, bizi qəbul etməsin. Əvvəllər insanların düşüncə tərzi başqa idi. Bu gün o yaşlı düşüncə də dəyişilib. Artıq Azərbaycan gəncləşib. Musiqimiz isə daha da müasirləşib. Bircə fakt deyəcəm. Əvvəl aşıq sənətində oranjiman qəbul edirdilər? Yox, amma bu gün qəbul edirlər. Mən yaşlı nəslin aşıqlarının fikri ilə razılaşmıram. Onlar öz üzərində işləmirlər. Əgər aşıq sənətində yenilik yoxdursa, o zaman inkişafdan danışmağa dəyməz. Demək olar ki, aşıq sənəti itib-batar. Çünki bu gün sənətsevərlər yenilik tələb edirlər. Biz də onların istəyini nəzərə almalıyıq. Sənəti gələn nəslə sevdirmək üçün bu ideologiyaya xidmət etmək lazımdır. O ki, qaldı başqa bölgələrin aşıqlarının bizi bəyənməməsinə, bunu qəbul etmirəm. Onlar bizi niyə bəyənmirlər? Mən belə aşıqları duelə səsləyirəm. Gəlsinlər el şənliyinə, dövlət tədbirinə çıxaq. Bütün qərb aşıqları ritmlə oxuyur. Niyə? O kimdir ki, bizi bəyənməsin? Əgər bəyənmirsə, niyə Şirvan aşıq məktəbindən dolanır? Kim bu mövzuda danışıbsa, mən onun cavabını verməyə hazıram. Lazım gəlsə efirə də çıxaram. Sağ olsun Zəlimxan müəllim ki, bu aşıqları ipə-sapa düzə bildi. Aşığa aşıq kimi yanan lazımdır. Zəlimxan Yaqub da belə bir insandır. O, bu birliyə gələndən sonra çox dəyişikliklər oldu. Beynəlxalq Aşıqlar Festivalı keçirildi. Bütün dünyadan aşıqlar gəldi. Dövlət bu müsabiqəyə məxsusi diqqət göstərdi. Gələn qonaqların qalması üçün maliyyə ayrıldı. Bu balaca iş deyil.


- Amma aşıq Zülfiyyə müsahibəsində ağır ittiham irəli sürüb: "Rayonlardan gələn aşıqlar harada gecələyir, nə yeyir, nə içir, hansı puldan geri dönür, bunlardan Aşıqlar Birliyinin xəbəri yoxdur"...


- Yox, mən bununla razı deyiləm. Festivala gələn bütün aşıqları yerlə təmin ediblər. Onlar yerbəyer olana kimi Zəlimxan müəllim evinə getməyib.


- Aşıq Zülfiyyə Zəlimxan Yaqubun ünvanına nədən belə ittiham sürsün?


- Onu mən bilmərəm. Hamının problemi var. Kimsə desə ki, "mən bir gecə oteldə qalmağım üçün pul ödəməyə imkanım yoxdur" inanılası deyil. Zülfiyyə xanımın da Allaha şükür maddi imkanı yaxşıdır. Aşıqlar Birliyi hardasa belə, yəni maddi durumu yaxşı olan insanlara güvənməlidir. Onların özləri qazanclarından bu sənətə dəstək olmalıdır. Biz aşıq sənəti üçün çalışırıq.


- Siz özünüz aşıq sənətinə, Aşıqlar Birliyinə pul xərcləyirsiniz?


- Hərdən olub.


- Azərbaycanın YUNESKO təmsilçisi Sənubər Bağırova iddia edir ki, aşıqlar savadsızdır. Siz bu ittihamla razısınız?


- Bəli. Düz deyir. Sənubər xanım deyən fikrə sorğu-sual yoxdur. Aşıqlar harada nə oxuyacaqlarını, ölçülərini bilmirlər. Musiqi təhsilləri yoxdur. Hər bir ifa notlar üzərində qurulmalıdır. Aşıqların heç biri not bilmir.


Lalə

AzNews.az