İlham Namiq Kamal da Şəfiqə Məmmədova tərəfə keçdi

"Xalq artisti, tanınmış aktrisa Şəfiqə Məmmədovadan onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün şəxsən mənə dəvət gəlib. Mən də onun dəvətini qürurla qəbul etdim. Şəfiqə xanımla bir yerdə olmaq mənim üçün böyük fəxrdir". Bu sözləri AzNews.az-a xalq artisti İlham Namiq Kamal bildirib.


Aktyorun sözlərinə görə, o, köhnə qurumun, yəni, xalq artisti Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının üzvü olmayıb: "Əgər əvvəlki illərdə Rüstəm müəllimdən mənə dəvət gəlsəydi, qəbul edərdim. Təəssüf edirəm ki, belə bir dəvət almadım. Mən Şəfiqə xanımın rəhbərlik etdiyi qurumdan çox şeylər gözləyirəm. Bəzən həmkarlarımız, sənət adamları o qurumdan istefa verib bu quruma üzv olanların ünvanına xoşagəlməyən sözlər işlədirlər. Mənim belə şeylərə ehtiyacım yoxdur. Şəfiqə xanımın ətrafında tanınmış və yaradıcı şəxslər toplaşıb. Hansı ki, onlar sənətdə öz sözlərini çoxdan deyib".


Lalə

AzNews.az